Amerika qəzetlərinin yazdığına görə, məşhur Hollivud ulduzu, bir çox filmlərin qəhrəmanı, kinoaktyor 57 yaşlı Patrik Sueyzi Los-Ancelesdə vəfat edib. Məlumatlara görə aktyor mədəaltı vəzinin xərçəngindən ölüb. Bir qədər əvvəl həkimlər Patrik Sueyzini müayinə edərkən onun mədəaltı vəzində gecikmiş xərçəng şişinin olduğunu aşkarlayıblar. Aktyorun sağalacağına heç bir ümidin qalmadığını deyən həkimlər müalicənin faydasız olduğunu bildiriblər. Lakin bütün bunlara baxmayaraq, xərçəngə tutulmuş aktyor sənət həyatını yaşamaqda davam edərək filmlərə çəkilirmiş. Bu barədə mətbuata cəsarətlə müsahibə verən Hollivud ulduzu, - “Əgər statistikaya inansaq, həyatımın sonuna hələ iki il qalır” - deyib.
   Aparıcı KİV-lərin yazdığına görə Patrik Sueyziyə dünya şöhrəti gətirən çəkildiyi sayca 87-ci film olan “Çirkin rəqslər” romantik dramında oynadığı baş rolu olub. Bundan sonra o, Demi Murun da iştirak etdiyi “İlğım” filmində rəqqas roluna çəkilib. Aktyorun başına gələn ən maraqlı hadisə isə “Qatilin məktubları “trillerinin çəkilişi zamanı olub. O vaxt qəzaya uğradılan maşının içərisindən özünü birtəhər çıxaran Patrik Sueyzi, partlamasına birneçə saniyə qalan maşının kabinəsində ilişmiş operatoru da oradan çıxara bilib. Lakin kadr arxasında qalmış bu səhnə milyonlarla tamaşaçıya bəlli deyil.