Sentyabrın 12-dən 15-dək Nyu-Yorkun şimalındakı kiçik Betel şəhərciyinin yaxınlığında keçirilən Vudstok incəsənət və musiqi yarmarkası qırx il bundan əvvəlki unudulmaz günləri bir daha yada salıb. Bu maraqlı festival-yubileyə toplaşanlar isə az qala unudulmaqda olan keçmiş əyyamların ən sevimli musiqi bayramını nostalji hissi ilə xatırlayıblar.
   Yerli mətbuatın yazdığına görə, əsası 40 il bundan əvvəl qoyulmuş Vudstok festivalının şöhrəti bir zamanlar bütün Amerika qitəsini bürüdüyü halda, sonralar nədənsə bu maraqlı törən yavaş-yavaş unudulub. Son dəfə ötən əsrin 1969-cu ilində, yağışlı bir may günündə keçirilən sonuncu Vudstok musiqi festivalı, bu gün də bir çoxlarının yaddaşında yaşamaqdadır. Aradan bu qədər zaman fasiləsi keçməsinə baxmayaraq, bu il bərpa olunan bayrama gələnlər yenidən keçmiş ənənəni dirçəltmək və yaşatmaq niyyətində olduqlarını nümayiş etdiriblər.
   Vudstok incəsənət və musiqi yarmarkasına toplaşanlar bir vaxtlar bu bayramın ən məşhur musiqi ifaçıları olmuş Cenis Coplini, Cimi Hendriksi, o cümlədən şöhrəti bütün Amerika qitəsinə yayılmış məşhur "With A Little Help From My Friends" qrupunun bu gün həyatda olmayan üzvlərinin xatirəsini yad etmişlər.
   Festivala gələnlərin arasında saç-saqqalları ağarmış, əllərində gitara olan qocaman hippiləri görənlər onları alqışlarla qarşılamışlar. Sevincdən və ötən günlərin unudulmaz xatirəsinin təsirindən gözləri yaşarmış festival iştirakçıları ayaq üstə duraraq qoca hippiləri uzun müddət gurultulu alqışlara qərq etmişlər.
   Qəzetlərin yazdığına görə, bir vaxtlar olduqca populyar bir musiqi bayramına çevrilən Vudstok incəsənət və musiqi yarmarkası onun təşkilatçılarına külli məbləğdə gəlir gətirib. Məsələn, son festivallardan birində baş vermiş qarışıqlığa və yanğına baxmayaraq təşkilatçıların təqribən 30 milyon dollar qazanc əldə etdikləri bildirilir.