Danimarkanın məşhur incəsənət muzeyi “Statens Museum for Kunst” tanınmış musiqiçi Bob Dilanın rəsm əsərlərinin sərgisini təşkil etməyə hazırlaşır. “The New York Times” qəzetini yazdığına görə, 2010-cu ildə açılacaq bu sərgidə sənətkarın 100-də artıq tablosu nümayiş olunacaq. Bu tablolardan 30-nun ilk dəfə olaraq tamaşaçıların mühakiməsinə veriləcəyi bildirilir. Onların içərisində akrillə işlənmiş “Braziliya seriyası” xüsusi yer tutur. Kopenhagendə eyni zamanda bundan öncə Böyük Britaniyada və Almaniyada nümayiş edilmiş “Fırçaya alınmış boşluq” silsiləsindən olan rəsm əsərləri də xüsusi yer tutur.
   Maraqlı cəhət orasındadır ki, məşhur musiqiçi Bob Dilan xeyli müddətdir ki, həm də rəssamlığa böyük maraq göstərir. Onun ilk fırça nümunələrindən ibarət ilk sərgisi isə 2007-ci ildə keçirilib. O zaman Şərqi Almaniyanın Hemnits şəhərindəki kiçik fərdi qalereyada Dilanın 1989-1992-ci illərdə yaratdığı və “Fırçaya alınmış boşluq” seriyasını tamamlayan 170 rəsm əsəri nümayiş olunduğu bildirilir.