Fransızlar dünya turistlərini məşhur Eyfel qülləsinin bu yaxınlarda keçiriləcək 120 illik yubileyinə dəvət edir. Bu münasibətlə ölkə paytaxtı Parisdə “Tales of the Eiffel Tower” adlı sərginin təntənəli açılışı olacağı bildirilir. Bu ərəfədə Fransa paytaxtının qonaqları cari ilin dekabr ayının 31-dək məşhur qüllənin yaranma tarixini əks etdirən bir sıra tarixi sənədlərlə tanış olmaq imkanı da əldə edəcəklər.
   Eyfel qülləsinin birinci mərtəbəsində onun konstruktoru Qustav Eyfel haqqında, onun yaradıcılığı və mühəndslik fəaliyyəti barədə, habelə bu məşhur qüllənin necə inşa edildiyini əks etdirən, indiyədək çoxlarına məlum olmayan tarixi məlumatlar, kitabçalar, broşürlər, bukletlər, açıqcalar, suvenirlər və sair nümayiş etdiriləcəkdir. Qüllənin müşahidə meydançasında quraşdırılmış və geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmuş xüsusi tematik ekspozosiyalar, pannolar, fotoşəkillər, qravürlər, videolentlər və sair 120 il bundan əvvəl quraşdırılmış məşhur Eyfel qülləsi haqqında tam təsəvvür yaradacaqdır.
   Bu təntənəli mərasim Fransanın milli bayramı - Bastiliyanın alınması ilə birlikdə qeyd olunacaq.