XXVIII Beynəlxalq Vankuver Kinofestivalı öz işini başa çatdıırıb. Münsiflər heyətinin yekdil qərarı ilə festivalın birinci mükafatı “On səkkizinci” filminə verilib. Cənubi Koreyadan olan kinorejissor Kan Kuncinin çəkdiyi bu film bir-birilərini saf məhəbbətlə sevən və valideynlərindən xəbərsiz qaçaraq uzaq bir məkanda yaşamağa qərar vermiş iki gəncin sevgi dünyasından bəhs edir. İnsanların nəzərindən uzaq sakit və idillik bir məkanda, köpüklü dalğaların qumlu sahilləri yaladığı, mavi dənizin insan ruhuna nəğmə dediyi bir guşədə məhəbətin insanı məst edən ecazkar nəfəsi ilə yaşayan iki sevən ürəyin döyüntüləri festival iştirakçılarının gözlərini yaşardıb. İlk məhəbbətin ilahi şirinliyini kinonun ecazkar dili ilə son dərəcə təsirli və realist boyalarla verən rejissor və quruluşçu operator münsiflər heyətinin bütün üzvlərini öz gənclik illərinə apararaq onlara ilk məhəbbətin təkrarsız dadını yenidən yaşatmışdır. Təsadüfi deyil ki, “Əjdahalar və pələnglər” prizini alan bu film bütün festival iştirakçılarını heyran etmişdir.
   Jurnalistlərə müsahibə verən rejissor filmdə bəşəriyyətin ən təmiz və ülvi duyğusu olan insan məhəbbətinin hər şeydən yüksəkdə durduğunu vermək istədyini bildirib.