Ötən şənbə iki populyar rus yazarı – Vladimir Liçutin və Vasili Qolovanov “Yasnaya polyana” mükafatı uğrunda hər il keçirilən ənənəvi ədəbiyyat müsabiqəsinin 2009-cu il üzrə qalibləri olublar. Hər iki tanınmış rus yazarı istər öz vətənlərində, istərsə də bir sıra dünya ölkələrində kifayət qədər oxucusu olan qələm sahiblərindən sayılır.
   “RİA Novosti” agentliyinin məlumatına görə, yazıçı Vladimir Liçutin “Çat” romanına görə “Müasir klassika” nominasiyası üzrə qalib gələrək 500 min rubl pul mükafatına layiq görülüb. Onun yazıçı dostu Vasili Qolovanov isə “Ada” əsərinə görə “XXI əsr. Müasir nəsrin ən yaxşı nümunəsi” nominasiyası üzrə qalib sayılaraq 250 min rubl pul mükafatı almışdır.
   Mütəxəssislərin rəyinə görə, Vladimir Liçutin öz yaradıcılığında klassik rus ədəbiyyatının ən gözəl ənənələrini yaşatmaqla yanaşı, həm də çağdaş dünya ədəbiyyatının bütün müsbət keyfiyyətlərini birləşdirə bilib. Onun qələmindən çıxan bədii əsərlərə rus həyatının çağdaş ensiklopediyası da demək olar. Onun “Çat” romanı isə artıq bestsellerə çevrilib. Eyni sözləri digər rus yazarı Vasili Qolovanovun yaradıçılığı haqqında da demək olar.
   Xatırladaq ki, “Yasnaya Polyana” ədəbi mükafatı eyniadlı Dövlət memorial və təbiət qoruğunun rəhbərliyi tərəfindən 2003-cü ildə yaradılıb.