Oktyabrın 18-də 61-ci Beynəlxalq Frankfurt Kitab Yarmarkasının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə dünyanın 100-dən artıq ölkəsindən gəlmiş 7 mindən eksponentin (eksponent - gətirdiyi məhsulu sərgidə nümayiş etdirən adam) iştirak etdiyi bildirilir.
   Açılış mərasimində Almaniyanın kansleri Angela Merkel və Çin Xalq Respublikası nümayəndəsi Si Szinpin də iştirak ediblər. Agentliklərin məlumatına görə, Frankfurtda keçirilən kitab yarmarkasının 600 illik tarixi vardır. Hər il dünyanın demək olar ki, bütün qitələrinin kitabsevərləri bu intellektual bayramda iştirak edir. Maraqlıdır ki, Çin 1949-cu ildən indiyədək bu mötəbər kitab bayramının fəxri üzvüdür. Yarmarkada bu ölkə üçün ayrılmış sahə isə 2.5 min kvadratmetr təşkil edir. Burada Çinin ən qədim dövrlərinə məxsus çap mədəniyyəti və bugünkü nəhəng poliqrafiya sənayesi əks olunur.
   Frankfurt Beynəlxalq Kitab Yarmarkasının (FBKY) təşkilatçıları oktyabrın 18 -dən etibarən həm də müxtəlif nəşriyyatlar, naşirlər, kitab ticarətçiləri, ədəbiyyat agentlikləri, şairlər, tərcüməçilər, rəssamlar və jurnaistlərlə müqavilələr bağlanmasına şərait yaradacaq. Xatırladaq ki, Frankfurt kitab yarmarkasında iştirak etmək istəyənlər bilet almalıdırlar. Belə biletlərin qiyməti isə heç də ucuz deyildir. Lakin bütün bunlara baxmayaraq kitab yarmarkasınada iştirak etmək istəyənlər olduqca çoxdur. Qarşıdakı günlərdə yarmarkada 300 mindən artıq adamın iştirak edəcəyi gözlənilir.