Bu yaxınlarda fransız sənətşünaslarının təsadüfən unikal bir tapıntı əldə etdikləri bildirilir. İsveçrə agentliklərindən birinin yaydığı xəbərə görə, tapıntı əslən kanadalı olan klassik rəsm əsərləri həvəskarının - Piter Silvermanın şəxsi kolleksiyasında aşkar edilib. Hazırda İsveçrədə yaşayan Peter Silverman jurnalistlərə verdiyi müsahibədə bildirib ki, gənclik illərindən başlayaraq bu günə kimi klassik rəsm əsərlərinin kolleksiyasını toplamaqla məşğuldur. Hazırda sənətşünasların Leonardo da Vinçinin fırçasına məxsus olduğu bildirilən tablonu isə 1998-ci ildə “Kristis” hərracında cəmisi 19 min dollara alıb. Yağlı boya ilə işlənmiş tabloda əynində intibah dövrünün qadınlarına məxsus paltar olan gənc qızın profildən işlənmiş portreti təsvir olunub. Sənətşünasların rəsm əsəri üzərində apardıqları ilkin tədqiqatlar göstərir ki, işlənmiş boyaların genetik tərkibi və tablonun bir sıra laboratoriya müayinəsinin nəticələri məşhur untibah rəssamının dəst-xətti, üslubu və digər parametrlərlə uyğun gəlir. Hazırda tablo üzərində son tədqiqat işi aparan xüsusi ekspertiza qrupu yaxın günlərdə dünya ictimaiyyətinə məşhur rəssam Leonardonun indiyə kimi naməlum qalmış yeni əsərinin tapılması barədə məlumat verməyə hazırlaşır.