Yapon KİV-lərində dərc olunan yazılarda oktyabrın 19-da Tokioda ekoloji cəhətdən ən təmiz kinofestivalın açıldığı bildirilir. Məlumatda qeyd olunur ki, 1985-ci ildən etibarən dünyanın bu gündoğar ölkəsində hər il dünyada keçirilən 12 ən nüfuzlu beynəlxalq kinofestivallardan biri olan “Sakura budağı” kinofestivalı keçirilir.
   Bu festivalın Avrasiya məkanında ən böyük beynəlxalq incəsənət yarışması olduğu bildirilir. Məsələ burasındadır ki, ənənəvi kinofestivallarda istifadə olunan qırmızı rəngli döşənəcəklərin əvəzinə “Sakura budağı”nın iştirakçılıarı yaşıl rəngdə olan döşənəcəklərin üzərində addımlayırlar. Bu döşənəcəklərin işlənmiş yaşıl rəngli plastik su qablarından hazırlandığı bildirilir. Digər tərəfdən isə festival müddətində insanların öyrəşdiyi ənənəvi enerji əvəzində alternativ enerji mənbələrindəın - külək generatorlarından, günəş batereyalarından, biogeoloji qurğuların vasitəsilə hasil olunan təmiz və tam təbii enerjidən istifadə edilir.
   Builki ekoloji cəhətdən təmiz kinofestival fransız rejissoru Jak Perrenin “Dünya okeanı” adlı filminin nümayişi ilə açılıb. Sənətçinin bu qəbildən “Quşlar” adlı digər filmi də böyük marağa səbəb olub.
   Məlumatlara görə, sözügedən kinofestivalda 270-dək filmin nümayiş olunacağı bildirilir. Onların arasında rejissor Ceyms Kemeronun “Avatar” və Yapon dənizi sahillərində delfinlərin kütləvi şəkildə qırılmasını əks etdirən “Buxta” filmlərinin də olduğu bildirilir.
   Təşkilatçıların bildirdiyinə görə, builki kinofestivalda “Sakura qran-pri” mükafatı 15 filmə təqdim olunacaq. Bu filmlər dünyanın 81 ölkəsində istehsal olunmuş 743 kinolentinin arasından seçiləcəkdir.