İspaniyanın opera kralı, məşhur tenor Xose Karrerasın bu il oktyabr ayının sonlarında Moskvaya nəzərdə tutulmuş qastrol səfəri gözlənilmədən təxirə salınıb.
   İspan KİV-lərində dərc olunan məlumatlara görə, belə bir qəfil qərara səbəb maliyyə məsələləri ilə bağlıdır.
   Dünyaşöhrətli mügənni Karrerasın meneceri jurnalistlərə verdiyi açıqlamada bildirib ki, ilkin razılaşmaya görə oktyabr ayının ikinci yarısında baş tutmalı olan konsertlərdə müğənninin əvvəlcə nəzərdə tutulmuş qonorarının məbləği birdən-birə xeyli artırılıb. Lakin, belə dönüş təşkilatçıların etirazı ilə qarşılaşıb. Nəticədə ispan opera ulduzunun oktyabra nəzərdə tutulmuş Moskva səfəri təxirə salınıb.
   Son məlumatlara görə, ertələnmiş qastrol konsertləri təşkilatçıların ümumi rəyi əsasında dekabr ayında baş tutacaq.