Noyabrın 8-də Moskvadakı P.İ.Çaykovski adına konsert salonunda orqan musiqisinə həsr olunmuş V ənənəvi beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilib. Mərasimdə “Doqquz əsr orqanla birlikdə” layihəsinin müəllifi, məşhur orqan çalan Aleksandr Fiseyski, bəstəkar Baxın və Mendelsonun orqan aləti üçün yazdığı musiqi əsərlərindən ibarət xüsusi proqramla çıxış edib. Dörd böyük konsertdən ibarət bu proqram bütünlüklə klassik bəstəkarların musiqi irsini əhatə edir. Konsertlərdə müxtəlif ölkələrdən gəlmiş orqan musiqisi bəstəkarları və ifaçıları öz məharətlərini nümayiş etdiriblər. Onların içərisində Amerikadan gəlmiş gənc sənətkar Kameron Karpenter, Hamburq Musiqi Mərkəzinin rəhbəri, bəstəkar Eberhard Lauer, polşalı maestro Roman Perutski və Rusiya Musiqi Akademiyasının professorları da öz ifaları ilə festival iştirakçılarına unudulmaz dəqiqələr bəxş ediblər.