Honkonqda açılmış beynəlxalq hərracda dünyanın ən unikal eksponatlarından biri - orta əsrlərə aid Çin imperatorunun möhürü satışa çıxarılıb. Yerli qəzetlərin yazdığına görə, ilk öncə Londondakı “Sotbis” hərracında bu nadir əşya 6 milyon dollara satılıb. Mütəxəssislərin rəyinə görə, xüsusi materialdan hazırlanmış bu möhür 1736-1796-cı illərdə Çində hakimiyyətdə olmuş imperator Syan Luna məxsusdur. Qeyd edək ki, çinlilərin müqəddəs əşya kimi dəyərləndikləri bu qiymətli tarixi eksponatın vaxtilə Çin muzeylərindən birində olduğu və gizli yolla ölkədən çıxarıldığı iddia edilirdi. Syan Lunun möhürünün Honkonqda hərraca çıxarılması isə Çin tərəfinin böyük etirazına səbəb olub.
   Bu nadir əşyanın hərracda satılması da olduqca böyük maraqla izlənilib. Yayılan məlumatlara görə, ilkin qiyməti bir qədər aşağı olan imperator möhürünü almaq üçün dünyanın müxtəlif ölkələrindən gəlmiş 8 kolleksiyaçı arasında qızğın mübarizə gedib. Nəticədə hərracın təşkilatçıları möhürün qiymətini 6 dəfə artırmalı olublar.
   Hərrac çəkicinin taqqıltısı altında satılan qiymətli əşyalar içərisində nadir şüşə vazaların, bürünc fiqurların, kaşıdan düzəldilmiş müxtəlif bəzək məmulatlarının 150 ədəd qədim tarixə malik olduğu bildirilir. Maraqlı olan digər bir məqam isə orasındadır ki, Honkonq hərracından dərhal sonra Çində böyük narazılıqlar başlanıb. Məlumatlara görə, paytaxtda ictimaiyyət nümayəndələri etiraz aksiyaları keçirərək bu ölkəyə məxsus nadir tarixi əşyanın qaytarılmasını tələb edirlər.