Hollivud ulduzu Nikol Kidmanın qərarı Qərbin bir sıra nüfuzli kitab nəşriyyatlarını məyus edib. Məsələ orasındadır ki, bəzi tanınmış nəşriyyatlar aktrisaya keçmiş əri Tom Kruzla yaşadığı 10 illik birgə həyatının ən intim məqamları barədə kitab yazmaq üçün müraciət etsələr də, Nikol Kidman bu təklifləri qətiyyətlə rədd edib. Britaniyada nəşr olunan “Deyli teleqraf” qəzetində dərc olunmuş məqalədə bildirilir ki, aktrisa heç bir məbləğə və təklifə baxmayaraq, keçmiş əri Tom Kruzla yaşadığı həyat barədə nə isə yazmaq, yaxud müsahibə vermək fikrində deyil. Hollivud ulduzu deyib: “Mən Kruzla aramızda olan şəxsi həyatım və intim münasibətlərim barədəki sirləri özümlə o dünyaya aparmaq istəyirəm”. Aktrisa həmçinin qeyd edib ki, o, ikinci əri olan Tom Kruzla yaşadığı 10 ildə yazdığı bütün gündəliklərini və xatirələrini çoxdan məhv edib. Nikol Kidman bu illər ərzində onun yaddaşında qalmış və unudulmayacaq elə bir maraqlı hadisənin olmadığını da dilə gətirərək deyib: “O illərdə həyatımda heç bir yaddaqalan olay olmayıb”. Aktrisa jurnalistlərə müsahibəsində bir daha bildirib ki, heç vaxt kitab yazmaq, öz hisslərini publika ilə bölüşmək fikrində olmayıb.