Avropada olduqca populyar olan və bu il Berlində keçirilən “MTV Europe Music Awards-2009” musiqi festivalının laureatları bəlli olub. Məlum olduğu kimi, bu mükafat əsasən 13 nominasiya üzrə müəyyənləşdirilir. Yerli KİV-lərin məlumatına görə, dünən Berlinin məşhur “02 Word” stadionunda təqdimetmə mərasimi keçirilib.
   Mərasimdə pop-müğənnisi Beyonse və Eminem bir neçə nomunasiya üzrə mükafatlara layiq görülüblər. Tamaşaçılar qarşısında bir neçə saat dayanmadan çıxış etdikdən sonra stadiona toplaşanlar onları yenidən səhnəyə qaytarıblar.
   Qərb mətbuatının yazdığına görə, noyabrın 9-da Berlin səddinin dağıdılmasının 20 illiyi ilə əlaqədar festival iştirakçılarının ifa etdikləri “Köhnə dünyanın daş divarları” silsilə musiqi nömrələri tamaşaçılar tərəfindən uzun-uzadı alqışlarla qarşılanıb. Daha sonra musiqi festivalının iştirakçıları Almaniya paytaxtının rəmzi hesab olunan məşhur Brandenburq darvazaları önündə paytaxt sakinlərinə pulsuz konsert veriblər.