Rusiya Federasiyası İnformasiya və Kommunikasiya Nazirliyi və İTAR-TASS agentliyi dünyaşöhrətli “Maykrosoft” şirkəti ilə birlikdə yeni və unikal bir layihənin gerçəkləşməsi üzərində çalışır. Agentliklərin məlumatına görə, gələn il İkinci Dünya müharibəsi zamanı alman faşizmi üzərindəki tarixi qələbənin 65-ci ildönümüdür. Rusiyanın böyük şəhərlərində bu tarixi hadisəni təntənəli şəkildə qeyd etmək üçün böyük hazırlıq işləri görülür. Bu münasibətlə “Böyük Vətən müharibəsi ensiklopediyası”nın hazırlanmasına və çap olunmasına dövlət səviyyəsində göstəriş verilib. Sözügedən kitab əsasən Böyük Vətən müharibəsi ilə bağlı tarixi həqiqətləri müasir dünya qarşısında sərgiləmək niyyətindədir.
    Böyük Vətən müharibəsi ensiklopediyasında minlərlə tarixi sənədin, arxiv materiallarının, fotoşəkillərin dərc ediləcəyi bildirilir. Kitabın elektron versiyasının yaradılacağı da istisna edilmir. Bunun üçün 150 min səhifəlik materialların elektron versiyasının hazırlanması da nəzərdə tutulur.