Oslo şəhərindəki “Niborq Kunst” incəsənət muzeyində müdhiş oğurluq hadisəsi baş verib. Belə ki, naməlum şəxslər gecə ikən gizli yolla adıçəkilən muzeyin ən qiymətli sənət əsərlərinin saxlandığı salona soxularaq dünyaşöhrətli Norveç rəssamı Edvard Munkun “Tarix” əsərini oğurlayıblar. Muzey mühafizəçilərinin dediyinə görə, onlar həmin gecə binanın yaxınlığında naməlum bir avtomobilin dayandığını görüblər. Bu hadisədən xeyli müddət sonra isə sözügedən əsərin muzeydən yoxa çıxdığı məlum olub. Hələlik hüquq-mühafizə orqanlarının axtarışları bir nəticə verməyib. Oğurluqda şübhəli bilinən bir neçə nəfər isə polis idarəsində dindirildikdən sonra buraxılıblar.
   Qəzetlərin yazdığına görə, Norveçin avanqardist-sürrealist rəssamlarından olan Edvard Munun Oslo muzeyində saxlanan tabloları son illər oğruların diqqətini daha çox cəlb etməkdədir. Məsələn, 2004-cü il avqustun 22-də rəssamın iki ən məşhur əsəri - “Fəryad” və “Madonna” tablolarının oğurlanması ölkədə böyük hay-küyə səbəb olmuşdu. O zaman qarətçilərin izinə düşən polis oğurlanmış əsərləri yalnız bir neçə ildən sonra tapa bilsə də, oğruları ələ keçirmək mümkün olmamışdı. Təəssüf ki, tarix təkrarlanır. Norveç KİV-lərinin yazdığına görə, son oğurluq bunu bir daha sübut edir. Hələlik axtarışlar bir nəticə verməsə də, Norveç polisinin cinayətin izinə düşdüyü və tezliklə qarətçilərin tapılacağı bildirilir.