Əvvəl səs yarandı
   
   İlk səsyazma qurğusu 1857-ci ildə fransız ixtiraçısı Leon Skott tərəfindən icad edilib. Fonoavtoqraf adlanan cihazın iş prinsipi çox sadə idi: səs diafraqmasının titrəyişi iynəyə ötürülür, iynə isə üstü hislə örtülmüş fırlanan silindrə əyri cızırdı. Bu cihazda səs gözlə görünən cizgilər şəklində yazılırdı. Yazılmış səsi yenidən səsləndirən ilk fonoqraf cihazı isə 1877-ci ildə məşhur amerikalı alim Tomas Edison tərəfindən yaradıldı...
   Əsrlər ötdü. Elm, texnika inkişaf etdi. Kino ixtira edildi, daha sonra radio və televiziya. Bütün bu proseslərin nəticəsində isə sənət aləmində səs rejissorluğu adlı yeni bir peşə yarandı.
   Səs rejissorluğu yaradıcı sənət növü olub, səsin bədii obrazını bizlərə çatdırır. Səs rejissorları dəqiq və dolğun musiqi zövqünə, duyumuna malik olub səsin səviyyəli şəkildə dinləyici auditoriyasına çatdırılmasını təmin edən insanlardır. Bu peşənin mütəxəssisi eyni zamanda texniki biliklərə, səsin fizikasına, psixoakustikasına və s. bələd olmalıdırlar.
   Bu sənət növünə ilk növbədə kino sənayesində tələbat yaranıb. Sonralar musiqilərin yazılmasında, teatr, radio, televiziyada bu sahəyə tələbat artıb. Səs yazılarının bərpası, internet-saytlarında səslərin tərtibi - bütün bu işlər məhz peşəkar səs rejissorlarının səyi nəticəsində mümkün olur. Bəs teleradio və kino sahəsində səs rejissorunun fəaliyyətinin hansı xüsusiyyətləri var, onların funksiyaları nədən ibarətdir? Bu və digər suallarla iki mütəxəssisə müraciət etdik.
   
   Televiziya və radionun səsi
   
   Televiziyada və radioda təcrübəli səs rejissoru kimi tanınan, “Araz” FM radiosunun musiqi redaktoru, eyni zamanda, radio aparıcısı Rəşad Həmidov peşəsinin özəllikləri barədə söz açmaqdan öncə bir məqamı vurğuladı. Onun sözlərinə görə, televiziyada və radioda səs rejissorunun işi zahirən oxşar görünsə də, əslində bir-birindən xeyli fərqlənir:
   - Televiziyada səs rejissorunun funksiyaları konkret olaraq hansı iş üzərində işləməsindən asılıdır. Hər hansı bir film, tamaşa, sənədli material üzərində işləyirsə, burada o, müəyyən mikrofon tənzimlənməsi və səsin düzgün yazılmasına nəzarət edir. Ümumiyyətlə, televiziya sahəsində işin mühüm tərəfi mikrofonların bölüşdürülməsidir. Burada danışıq səsi üçün, səs effektləri və s. üçün bir, hərəkət, külək, avtomobil, təbiət səsləri üçünsə digər mikrofondan istifadə edilməlidir. Hər şey ritmikaya uyğun olmalıdır.
   Radioda səs rejissorluğu televiziyada səs rejissorluğundan fərqlidir. Radioda virtual proqramlarla dəqiq işləməyi bacarmaq lazımdır. İndi bu sahədə çoxlu müasir, spesifik qurğular, aparaturalar var ki, çalışan səs rejissoru onların bütün özəlliklərini bilməlidir. Müasir radioaparatlar rəqəmsal sistemlə işləyir və İP sistemlə qurulurlar. Burada bütün əməliyyatlar rəqəmsal olaraq ötürülür. Rejissor pultu bütünlüklə İP olaraq rəqəmsal şifrələnir. Səs şifrələrlə rəqəmsal olaraq ötürülür - pultdan kompressora, kompressordan optikaya, oradansa yayım şəbəkəsinə yaxud da bu hava xətti ilə ötürülə bilər. Həmin prosesi şəbəkə variantı ilə izah etsək, bunu 150-200 kompyuterin bir şəbəkədə işləməsi kimi təsəvvür etmək olar. Göndərilən İP-nin daxilində səsin öz desibelləri olur. Burada səsin faza yoxsa antifaza olması, soyuq ya isti ötürülməsi, mono yaxud stereo olması müəyyənləşdirilir. Mono səsdə bir kanal olduğuna görə burada antifaza olmur. Stereofonik səsin antifaza forması insan qulağına uyğun olmayan sferadır. Normalda insan 20 kh-ə qədər səs dinləmək imkanına malikdir. 1 kh az ya çox olduqda eşitmə imkanları çətinləşir. Məsələn qarışqanın səsi var, amma biz onu eşitmirik, çünki yuxarıda qeyd etdiyimiz normalarla uyğunlaşmır, ağcaqanadın səsi isə bu həddi aşdığına görə insana psixoloji təsir göstərir.
   Canlı yayımlar zamanı səsin çatdırılması texniki avtotənzimləyicilərlə nizamlanır, səsin xarakterinin sürəti, hansı tembrdə ötürülməsi, neçə ekvalayzenq qurulması və hansı kinolayzenq ölçüsündə ötürülməsi ilə xarakterizə olunur. İndi bu sahədə virtual proqramlar var. Səs həddən artıq keyfiyyətsizdirsə, köhnə yazıdırsa, bu proqramlar vasitəsi ilə səslər qaytarılıb yerinə qoyulur, müasirləşir, rəqəmsal formaya salınır.
   Radio səs rejissorluğunun işinə - single, vurğular, katların hazırlanması, anonsların yığılması, musiqi parçasının mətnə uyğun montaj edilməsi aiddir. Radio aparıcısı və səs rejissorunun birgə işləməsi ilk növbədə aparıcının peşəkar olmasından asılıdır. Aparıcı öz səsini hiss etməlidir, danışdığı tembr üzərində masterinq qurmağı bacarmalıdır, ümumi virtual proqramla işləyirsə musiqi və səsin tonunu, səs effektlərinin bölünməsini dəqiqləşdirməlidir. Əgər masterinq 12-ni göstərirsə, səs tembrini bu şkalada saxlamaq vacibdir. Əks halda aparıcının səsi dinləyiciyə çatmayacaq.
   Bu sənətin incəlikləri haqda çox danışmaq olar. Məsələn, studiya səs rejissorunun fəaliyyəti, dublyajda səs rejissorluğu - bunların hər birinin öz xüsusiyyətləri var. Studiya səs rejissorluğu həm televiziya, həm radioda çalışan səs rejissorlarının işindən fərqlidir. İstərdim ki, bütün bu sahələr üzrə bacarıqlı gənc kadrların hazırlanması üçün Azərbaycanda peşəkar səs rejissorluğu məktəbi fəaliyyətə başlasın.
   
   Teatrın səsi
   
   Teatr səhnəsində səsin tamaşaçıya çatdırılması və buradakı maraqlı iş prosesi barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının radio sexinin rəisi Həmid Kazımzadə danışdı:
   - Teatrımızın binası əsaslı şəkildə təmir olunandan sonra bizim avadanlıqlar tamamilə yenilənib. Hazırda Almaniyanın istehsalı olan ən müasir avadanlıqdan istifadə edirik. Rəqəmsal və yeni olduğu üçün bəzi çətinliklərimiz var. Amma çətinliyin özü də bizləri öyrənməyə, daha çox təcrübə yığmağa həvəsləndirir. İşimizin öhdəsindən gəlirik və elə bir ciddi problemimiz yoxdur. İncəsənətin bütün sahələri kimi, teatrda səs rejissorluğu da maraqlı və diqqəti cəlb edən sənətdir. Teatrda musiqi tərtibatı, tamaşa zamanı səsin zala çatdırılması, balansın saxlanılması teatrın səs rejissorunun üzərinə düşən məsuliyyətdir. Biz mikrofonsuz sistemlə işləyirik. Səhnədə aktyorun səs planı var, onun səsini itirməmək şərti ilə musiqi ilə birlikdə hər iki səsin tamaşaçı auditoriyasına çatdırılması peşəkarlıq tələb edir. Sənətimiz həddən artıq maraqlıdır. Səs rejissorluğunun qollarından biri olan teatr səs rejissorluğu da öz müxtəlifliyi və texniki imkanları ilə fərqlidir.
   İxtisasım rejissorluq olsa da, mən bu sənəti təcrübə yolu ilə öyrənmişəm. Çünki hələlik ölkəmizdə səs rejissorluğu məktəbi yoxdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib teatra gəldim. Burada sənətin sirlərini mənə öyrədənlərə minnətdaram. Son texnologiyadan istifadəni isə alman mütəxəssislərindən öyrəndik. Onlar bizim teatra dəvət olundular və bir neçə gün yeni texnikanın istifadə qaydaları ilə bizi tanış etdilər.
   Teatr və konsert səs rejissorunun oxşar cəhətləri var. Teatr səs rejissorundan daha çox səbir, təmkin və musiqi duyumu tələb olunur. Çünki tamaşaçı qarşısında nümayiş olunan hər bir musiqi keçidi daha dəqiq və peşəkar olmalıdır. Konsert və səsyazma şəraitində işləməyi bacarmalıdır. Hər bir tamaşanın öz səs planı olur. Vokal və rəqslər varsa əlavə səs planları da daxil olunmalıdır. Tamaşa zamanı monitorlar yoxlanılır, zalda səsin fon verməsinin qarşısını almağa nəzarət olunur. Müasir teatrda çox yüksək səsdən istifadə olunmur. Biz də çalışırıq ki, bu həddi saxlayaq. Həm də səs zaldakı tamaşaçı sayına görə nizamlanır. Səsin soldan-sağa, yaxud dairəvi verilməsi iş prosesində vacib şərtlərdəndir. Bu yaxınlarda görkəmli yaxıçı İlyas Əfəndiyevin “Boy çiçəyi” əsəri əsasında rejissor Azər Paşa Nemətovun hazırladığı tamaşada ilk dəfə olaraq eksperiment səs effekti yaratdıq və çox gözəl qarşılandı. Teatrımızın səhnəsində mütəmadi olaraq konsert proqramları da təşkil olunur. Mikrofon sistemini bilməyimiz bu işdə böyük yardımçımız olur.
   Ümumilikdə bu sənət özünün müxtəlif tərəfləri ilə maraqlı və çoxşaxəlidir. Tamaşaların, konsert proqramlarının uğuru həm də səhnə arxasındakı peşəkar texniki işçilərin bacarığından asılıdır. Biz bu sahədə bilik və bacarığımızı əsirgəmir, təcrübəmizi artırır, daim öz üzərimizdə çalışırıq.
   
   Lalə Azəri






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar