Keçmiş ordulardakılarımız qılınclarıyla, arxivlər səyyahımız Şəmistan Nəzirli qələmiylə...
   
   Avqustun əvvəlləri telefon söhbətimizdə dedim səndən yazmaq istəyirəm, dedi ayə, zəhmət çəkmə, daha vacib məsələlərdən yaz. Dedim, bu lap Mirzə Cəlilin məlum-məşhur eyhamına oxşadı ki (“Molla Nəsrəddin”i oxumaq əvəzinə gedirsiz xoruz güləşdirməyə, it boğuşdurmağa, hamamda yatmağa və sair bu kimi daha vacib əməllərə)! Ağrılı gülüş səslərindən sonra, nədənsə (?) soruşdu ki, “şiklimi” də verəjəksənmi, dedim, əlbəttə. Dedi, “onda öz varlıqları ilə məni də maza-mata mindirmiş o Kişilərin kalonunda verin...”
   
   Bu çoxtərəfli, bəlli səbəblərdən uzun dövr milli ordusu olmamış millətimizin hərbi-sərkərdəvi beyinlərini, vuran qollarını qovzayıb tanıtmaq işində çox şərəfli (və qədirbilən ziyalılarımız, ədiblərimiz tərəfindən çoxtərifli) əsl vətəndaş-soydaşımız haqda bu yazını avqustun 12-dən (70 yaşının tamamlandığı gündən) bəri yubandırmağımın başlıca baiskarlarından biri aşağıdakı “tarixi-müqəddəm” sual idi:
   
   “Nədən başlamalı?”
   
   Yox, müstəqilliyimizəqədərki kolleqalarım, bu, o dövrəqədərki “proletariatın dahi rəhbəri”ndən plagiatlıq deyil. Söhbət “nekiy” (Nikolayın təbirincə) ümumrusiya siyasi təşkilatının ilk orqanından (“İskra”dan) yox, “dikiy” Azərbaycan hərbçilərinin ilk mükəmməl tədqiqat mogikanından, yazı-pozu ailə-aləmimizdə qiymət-qonorarlıqca ən kasıb, şərəf-qürurluqca ən zənginlərimizin birindən bəhs edən bu yazıya nədən başlamaqlıqdan gedir.
   “Giriş”iyyatında bir qədər “zorənədib”lik də etdiyim bu publisistik “dilemma”mın zatında ciddi bir “əmma” da var. Yəni jurnalistik leksikonumuzdakı ənənəvi “yazı qəhrəmanı” trafaretindən çox-çox fərqli, son dərəcə zəhmətkeş, saçdığı şölələrin beşdə bir misli qədər işıqlandırılıb-qiymətləndirilməmiş Şəmistan Nəzirlinin ömrü elə bir universal şamstanlıq ki, ona hardan yanaşmaq, nədən başlamaq istixarəsi yaranır.
   Hə, nədən, nəyindən? Bu dünyaya göz açalı qaş-qabağı açılmayan “müharibə uşağı” olmasındanmı, “ata!” xitabına tamarzı qalmasındanmı, beş-altı yaşlıq çobanlığında şairiyyət-şeriyyətcə o dövr-“zamanın bayraqdarı” Səməd Vurğunla təsadüfi, beş-üç kəlməlik söhbət-ülfətin hələ də soyumaq bilməyən xiffətindənmi, on ildə neçə məktəb dəyişməli olduğundan əməlli-başlı bir şagirdlik dostunun olmamasındanmı, cəmi bircə qohumundan bircəcə məktub alıb ağladığı əsgərliyindənmi, istehsalatda çalışdığı illərdə boş vaxtlarını “havayı kitabxana kitabları” ilə doldurmasındanmı, müdam sosial-bioqrafik həyat dərslərinə tezikə-tezikə xeyli gecikməli olduğu ADU (BDU)-nun jurnalistika fakültəsinin 610-cu qrupundakı qızlarımızın onu nazla “ata”, qəmzəylə “əmi” çağırmalarındanmı, ya sonralar hamımızın hər yerdə - canlı kaleydoskopial məkanlarda (“Fiqaro tam, Fiqaro tut, Fiqaro vezde”lərdə), onunsa bir yerdə - adından belə toz yayılan sükuti-“memorial” arxiv-ünvanlarda yaşamasındanmı?..
   Yəqin, bu uzun-füzun sual ədatlarımdan Şəmistanın haralı olduğu da yəqinləşdirildi. Əslində, “O zamanmı bitdi bizim dilimizin “sənin-mənim” qabarı da, O zamanmı bitdi bizim dilimizin “haralısan?” damarı da?!” kimi milli (!) ziyalılıq fəlsəfəsinin icraçı filosoflarından olan Şəmistan Nəzirli heç bir bioqrafik-demoqrafik (və “fobiatik”) çəpər tanımayan Turançı-Qurançı soydaşlarımızdandır. Amma, hər halda, bu xalqın tam millətləşməsinə imkan verməyən (öz diringi mahnıları, qalan yox - qalın kitabları, mənsubiyyət “cəmiyyət”lərilə ümumyurdlarımızı özəlləşdiribən öyən, ümumdahilərimizi, ümumşəhidlərimizi belə regionallaşdıran) intizarbazların “əziz xatirələrinə ithaf”ən deyim ki, Şəmistan Nəzirli qazaxlıdır. Amma “xalxın” Mirzə Cəlilini, Üzeyir bəyini, Mirzə Sabirini “öy-eşiyin” Səməd Vurğunundan da ötə qiymətləndirib-əzizləyən, şuşalı Səməd bəy Mehmandarovla “Artilleriya Allahı” Əliağa Şıxlinskidən fazla fəxrlənən qazaxlıdır! Arazın o tayındakılara “qardaşımız” yox, “özümüz” deyən, Türkdilli Dünyamızdakı etno-psixo-leksikoloji rəngarəngliyə münasibətdə “fərq” ilə “fark” ayrı-seçkiliyindən o yana keçməyən qazaxlılardan. “...Mən aşiqəm Qarabağ, Şəki-Şirvan”lı - Azərbaycanlıdır (bu “kontekst”siz haşiyəni oxuyarkən çoxları çox şey fikirləşsələr də, bilirəm ki, Şəmistan Nəzirli “Ayrılarmı könül candan” sualı və “Görüm ayılmasın - gec ayılanlar!” nidası üstə köklənəcək)!..

   “...Gör sən nələr çəkirmişsən!”
   
   Bu, mənim öz nidamdır. Öz “vasitəsiz nitq”imi dırnaq içərisində veribən özgəninkiləşdirib “vasitəli”ləşdirməyimin səbəbi isə bunu özgə bir zaman-məkanda söyləməyimlə əlaqədardır. Belə ki, məlum telefon söhbətimizin səhərisi onunla görüşüb, son tədqiqat-təhqiqatlarıyla bağlı bir əlyazma dəftərçəsini götürdüm və tozlu-rütubətli arxivlərə nisbətdə “toya getməli” olan evimdə, az qala stenoqrafik-“spetsialist” xətlə yazılmış bu qeydləri rahatca oxumağa cəhd etsəm də, axırına çıxmağı bacarmadım. Sonra da, qədim əlyazmalarımızdan birinin dil-üslubu ilə desəm, öz-özümə aydır: “Mən bu otuz səhifəlik dəftərçəni axıradək mü-ta-li-ə etməyə səbr edə bilmirəmsə, otuzdan çox kitaba çevirdiyin arxiv materiallarını oxuyarkən, gör sən nələr çəkmisən, Şəmistan!”
   Amma... bu dəftərçədə bəzi faktlarla bərabər, ...deməli, sənin bu qara-qura kağız-kuğuzunadək tam tanımadığım ürəyindəki bəzi-bəzi milli-mənəvi polifonik taktlarla da tanış oldum. Bunlardan biri də keçmiş SSRİ (və ondan xaric) qərib qəbiristanlıqlarda uyuyan şöhrətli hərbçilərimizin izlərinə düşərkən doğma atan Əmiraslan kişinin məzarını da “kəşf” etdiyin anda keçirdiyin hisslər simfoniyasıdır! “Hamıdan yazdım, qaldın sən, atam...”
   Sənin həmin hisslərini sözə çevirə bildimmi, ey ictimai-namusi-həbib?! Bu an - sənin dərd-sərlərin ladında düşünürkən, ulu dərdlimizin bir misrası da gəldi nitqimə: “Gəl, sanma Füzuli dərdini asan, ey təbib!..”
   
   “Çətin”ləri açmalayıb-asanlama...
   
   O dəftərçə “cəncəl”liyi həm də bir fəndi-üslubdur ki, sözümün davamına ayaq verir. Belə ki, sənin kitabların çox asan oxunur, təpədən-dırnağa milli dostumuz! Bu kitablarda - sənin qələm-tətiyinə qədər susmuş marşal və general soydaşlarımızın müdrik fikirləri, strateji kəlamları var ki, hər biri qılıncdan kəsərli, topdan-tankdan uzaqvuran! Sən şanlı generalımız Səməd bəy Mehmandarovun arxivlərdə gizlədilmiş böyüklüyünü, müdrik hərbi və xəlqi fikirlərini, o dövr ona bəslənən ümumxalq inam və məhəbbətini elə övladanə sevgilərlə vəsf edib ucaltmısan ki, bolşeviklərin onu aşağılaması - generala (və Cümhuriyyətin müdafiə nazirinə!) Bakı proletariatının gözləri önündə küçə süpürtməsi - bu xalqa yox, məlum daşnak və “velikorus” xalqların tərcümeyi-halına əbədi aşağılıq qeydləri kimi səslənir. Sən bütün ömrünü top-tüfəngə həsr etmiş tam artilleriya generalı Əliağa Şıxlinskinin sevgili şeirlərini də tapıb kitabına salmaqla, bu “Rus artilleriyasının Allahı”nı Azərbaycan gözəllikləri və gözəllərinin vurğun bəndəsi kimi də canlandırmış olmusan. Burada onun qeyri-adi sərkərdəlik, vətənpərvərlik, tərcüməçilik və digər fəaliyyətlərini işıqlandırmağa yer olmasa da, məlum ümumxalq deyiminə (“qazaxlı+şeir!”) görə, şeirlərinin birindən ikicə bənd verməmək olmur:
   
   Gözəl - zahirdə surətin,
   Gözəl - batin, təbiətin.
   Gözəl - hər işdə qeyrətin,
   Namusum, arımsan mənim.
   
   Mən aşiqin adı Əli,
   Verdin bu dərsi - bilməli.
   Eşqindən olmuşam dəli,
   Sən ahu-zarımsan mənim.

   
   Yuxarıdakı “çox asan oxunursan” sözümə qüvvət, sənin haqqında zaman-zaman yazılan saysız məqalələr, broşürlər, elmi-nəzəri materiallar da su kimi içilir, Nəzirli Şəmistan! Qılman İlkinin, Mirvarid Dilbazi, İsmayıl Şıxlı, Məmməd Aslan və başqa qələm adamlarının yazdıqları bir yana, sənin “mənəvi aləm-qələm”inin gördüyü işlər, çox çoxdanışan ziyalıları“mız”a nisbətdə çox az dillənən, az yazan, sözüylə əməli tən müəllimlərimizdən olan Mahmud Mahmudovu elə dəbərdib ki, sənə bir mənzum kitab da həsr edib. Bu kitabında hətta səni “Əvvəlki qurtarmayıb, biri də açdı ayaq, Barı insafın olsun, axı nə vaxt oxuyaq?!”- deyə “yamanlayan” Mahmud müəllim mənim bu kəsri-nəsri məqaləmi dolğunlaşdıran saysız nəzmi-bəzmi ifadələr işlədib: “Sürətlə oxusanız bəlkə sizə vaxt çatar, Yoxsa haqlayacaqdır “Qoridən gələn qatar!”, “Deyirdin, ermənidir İbrahim... israrla sən, Yalanını faş etdim, ay sən özün öləsən!”, “Deyin, hansı ölkədə, hansı məmləkətdə var, Mənim kimi tapıntı - qala diqqətdən kənar?!”, “Yaza bilmir, yazmasın - deyir unudub dərdi: Dünyamız bir dost kimi Şəmistansız hədərdi...”
   Belə-belə işlər, əziz, mehriban, sədaqətli, qeyrətli dost! Tək elə şəxsi planda yox a, tam ictimai-milli anlamda da!
   Beləliklə, sənin gördüyün işlərin mində birini də verə bilmədiyim bu adi, xırda yazıya görə, məni özünəməxsus sadəliyin, təvazökarlığın, başını aşağı salıb böyük işlər görmək böyüklüyünlə bağışla. Sənin bu kitablarda sevə-sevə öyüb bəlirlədiyin, saysız-hesabsız arxiv qaranlıqlarından həyat işığına, qədirbilən oxucular qarşısına çıxardığın yüzlərlə yüksəkepoletlilərimizin, hərbi “intellekt-muskul”larımızın ruhları - adlarını qeyd edə bilmədiyimçün - bağışlamasa da, sən məzur tutarsan məni, məncə...
   Yuxarıda sənin barəndə işlətdiyim təyin-sifətlərdən (əziz, mehriban, sədaqətli, qeyrətli) birini qəsdən sona saxlamışam: universal əzab-əziyyətli.
   Bəli... Deyirəm, yəqin “Palaza bürün, elnən sürün”, “Əvvəl evin içi, sonra çölü” əyarlı sözləri, haçansa, ataların sənin kimiləri görə bilməyən qismi söyləyib...
   Deməyimə davam edib söyləyim ki, hələ ataların tam vəsfetmə qiymət-deyimini almayan oğullar da var ki, sənin kimilərə həmişə dəstək olub, olur və olacaq. Onlardan biri sənin bir neçə kitabını işığa çıxarmış Məmmədov İsmayıl İmran oğlu, o biri “General Əliağa Şıxlinski və silahdaşları” adlı 500 səhifəlik kitabının nəşrinə kömək olmuş “Şöhrət” ordenli, texnika elmləri doktoru Qasım İsrafil oğlu!
   Birini də deyim. Deyirəm, sən və onlar kimi oğullar olmasaydı, bu hallı-ballı, al yanaqlı dünyanın beli əyilməzdimi, Şəmistan Nəzirli?!
   Deyə-deyə gəlib axıra çıxdım ki, ey kitablarıyla dünyaca qalası Şəmistan Nəzirli!..
   
   Tahir Abbaslı