Atamalı Şıxəliyevin adı təkcə Lerikdə deyil, cənub bölgəsinin digər rayonlarında da hörmətlə çəkilir, ehtiramla anılır.
   
   Onun həyat yolu ucqar dağ kəndindən başlanıb, barıt qoxulu illərdə Krımdan, dinc quruculuq dövründə gənclər təşkilatına, mədəniyyət şöbəsinə rəhbərlikdən, raykom katibliyindən, abidələrin tədqiqatçılığından keçib. Ötən əsrin 80-ci illərində kəndbəkənd gəzərək dünyada analoqu olmayan “Uzunömürlülər muzeyi” üçün eksponatlar toplayıb.
   Əməkdar jurnalist, tanınmış publisist Həmzə Vəliməmmədov uzun illər Atamalı Şıxəliyevlə bir yerdə çalışmış, həyat yolunu “Onun işıqlı taleyi” kitabında qələmə alıb nəşr etdirmişdir. Bu, müəllifin Lerikin ağsaqqal ziyalıları barədə beşinci kitabıdır.
   Kitaba müəllifin eyniadlı sənədli povesti, Atamalı Şıxəliyev barədə dostlarının, qohum və tanışlarının xatirələri, təltiflərin sənədləri, ömrünün əbədiləşən anları barədə fotoşəkillər daxil edilmişdir.
   “Zuvanda gedən yol” yazısında oxucu Lerikin ən qədim insan məskənləri - Büzeyir və Zuvandçay mağaraları, Daşaltı türbəsi haqqında məlumat alır. Mağaralar ölkədə ən qədim abidələrdir və yaşı 120 min ildən çoxdur. Müəllif Qala abidəsindən də söhbət açır, vaxtilə Təbrizə gedən ticarət yolunun buradan keçdiyini xatırladır:
   
   Bu qala qədim qaladı,
   Sərhədim, səddim qaladı,
   Əyilməz qəddim qaladı,
   Qeyrətim, cəddim qaladı.
   
   “Barıt qoxulu illər” və “Arxa cəbhədən məktub” yazılarında Atamalı Şıxəliyevin II Dünya müharibəsi illərində igidliyindən epizodlar verilmişdir. O, müharibənin son gününədək silahı yerə qoymamış, boya-başa çatdığı dağlar diyarına döşü orden və medallı qayıtmışdır.
   Atamalı Şıxəliyev kitabda mədəniyyət cəfakeşi kimi də xatırlanır. Bu sahəyə rəhbərlik etdiyi 60-cı illərdə ucqar dağ kəndlərində kitabxanalar, klub və mədəniyyət evləri açdırmağa, ixtisaslı gənc kadrlar yetişdirməyə nail olur. Onun təşəbbüsü ilə rayon mərkəzində mədəniyyət sarayı, kinoteatr binası tikilir.
   Əməkdar mədəniyyət işçisi Abidin Əliyevin kitabda verilmiş xatirəsindən oxuyuruq: “O, mədəni-maarif müəssisələrinin idarə edilməsini gözəl bilirdi. Onun köməyi ilə kəndimizdəki mədəniyyət evi və kitabxana tikilib avadanlıqla təchiz edildi, “Lakto” folklor rəqs qrupu zona baxış-müsabiqələrində yer tutdu, şöhrəti respublikaya yayıldı”.
   Atamalı Şıxəliyev rayon soveti sədrinin müavini vəzifəsində abidələrin tədqiqatçısı və təbliğatçısına çevrilir. Dini abidələrin bərpasında ictimaiyyətə arxalanır. Onun köməyi ilə Babagil və Cabir ziyarətgahları yenidən qurulur.
   Müəllif oxucunu qəhrəmanının ailə həyatı, sevinci və kədəri ilə ətraflı tanış edir. Həmzə müəllimin qələmi ilə Lerikin gözəl təbiəti - quşqonmaz qayaları, yamyaşıl yamacları, barlı bağları, zümrüd meşələri, bumbuz bulaqları, sürülü yaylaqları rəssam tablosu kimi gözlərimiz önündə canlanır. Atalar sözləri, zərbi-məsəllər mətnlərin məzmununa uyğun seçilib və müəllifin fikirlərini tamamlayır.
   Kitab “Apostrof” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.
   
   Rəzzaq Sucayev,
   Azərbaycan Jurnalistlər Birliyinin üzvü, filoloq