XIX əsrin sonuna doğru çar Rusiyasında həyata keçirilən mədəni islahatlar ölkənin ucqarlarında maarifçilik işinə təkan vermişdi. Azərbaycanın da müxtəlif şəhərlərində (Bakı, Şamaxı, Gəncə və s.) məktəb və qiraətxanalar açılırdı. Həmin dövrdə təhsil alıb maarif xadimi kimi formalaşan görkəmli ziyalılardan biri Camo Cəbrayılbəyli olub.
   
   Camo Cəbrayılbəyli 1887-ci ildə Şamaxıda dünyaya göz açıb. Atası onu oxutmaq məqsədilə mədrəsəyə qoyur. Ancaq o, erkən çağlardan atasını itirir. Buna baxmayaraq, doqquz yaşında sənədlərini Şamaxı şəhər məktəbinə verir və həm burada, həm də mədrəsədə oxuyur. Şəhər məktəbində təhsil ödənişli idi. Camonun bu məbləği ödəmək imkanı olmadığı üçün məktəbdən xaric olunur. Müəllimi Mir Cəfər onun dərsə gəlmədiyini görüb, məsələdən hali olur. Camonu yanına çağırır. Məktəbin direktoru ilə danışır və işi yoluna qoyur. Beləliklə, Camo təhsilini davam etdirir. Çətinliklə də olsa, məktəbi başa vurur.
   1902-ci ildə Şamaxıda güclü zəlzələ olur. Şəhər dağılır. Camaatın xeyli hissəsi köçüb Bakıya və digər şəhərlərə gedir. Şəhərin yoxsul təbəqəsi, o cümlədən Camo dağılmış Şamaxıda qalır. 1908-ci ildə Şamaxı realnı məktəbində pedaqoji təcrübə keçir, ibtidai məktəb müəllimi diplomu alır və müəllim işləməyə başlayır. Onun Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ağaəli Nasehlə yaxınlığı da bu dövrə təsadüf edir.
   1914-cü ildə Bakıya köçür, rus-tatar məktəbində işə düzəlir. Bu müddətdə bədii yaradıcılıqla da məşğul olur. Bir neçə pyes, hekayə və şeir yazıb nəşr etdirir. 1922-1931-ci illərdə Azərbaycan Pedaqoji Texnikumunda Abdulla Şaiq və Hüseyn Cavidlə birlikdə çalışır. Müəllim işləyə-işləyə Pedaqoji İnstitutda (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində) oxuyur. Sonrakı illərdə Müəllimləri Təkmilləşdirmə İnstitutunda və Sənaye Akademiyasında pedaqoji fəaliyyət göstərir.
   Camo Cəbrayılbəylinin “Xatirələrim” adlı maraqlı və qiymətli bir kitabı var. Orada yer alan yazılar XIX əsrin sonlarından başlayaraq XX əsrin ortalarına qədərki dövrün xarakterik xüsusiyyətləri haqqında dolğun təsəvvür yaradır. Kitabda Azərbaycan maarif və mədəniyyətinin inkişafında xidmətlər göstərən insanların həyatından geniş bəhs edilir.
   Müəllif kitabında yazır: “Molla Nəsrəddin” jurnalı xalqı qəflət yuxusundan oyandırdı. Sabirin jurnalda çap edilən kəskin satirik şeirləri ziyalılar və əməkçi təbəqə arasında böyük məhəbbətlə, ruhanilər və varlı təbəqə arasında isə nifrətlə qarşılanırdı. Köhnə fikirli adamlar “Canım, qəzet nədir? Müsəlmanların etiqadını pozan, əxlaqa zərər vuran cürbəcür əqidələri yayan qəzet və jurnallar bizim nəyimizə lazımdır?” - deyirdilər...”
   Camo Cəbrayılbəyli 1942-ci ildə namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alır. 1938-ci ildən 1964-cü ilə qədər Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji İnstitutunda çalışır. Elmi işçidən direktor vəzifəsinə qədər yüksəlir.
   Maarifçi alim 1965-ci ildə Şamaxıda dünyasını dəyişib. Böyük hörmət və ehtiramla Mirzə Ələkbər Sabirin məqbərəsinin yanında dəfn olunub.
   
   Savalan Fərəcov