Milli mədəniyyətimizin, tariximizin, azərbaycançılıq məfkurəsinin təbliği istiqamətində mühüm layihələr həyata keçirən Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən biri də kitab nəşridir.

Fondun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn kitablar Azərbaycan həqiqətlərini, zəngin mədəni irsimizi, vətənimizin təbii gözəlliklərini, müasir inkişaf səviyyəsini dünyaya tanıdan dəyərli nəşrlərdir. Fondun fəaliyyət göstərdiyi 9 il ərzində işıq üzü görən kitablar həm mövzu, həm də tərtibat baxımından rəngarəngdir.

“Qarabağ həqiqətləri” dünyada

Fondun nəşrləri sırasında Azərbaycanın tarixi həqiqətlərini dünyaya yayan, Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə təcavüzünün fəsadları ilə bağlı faktları müxtəlif dillərdə təqdim edən nəşrlər xüsusi yer tutur. 2005-ci ildə işıq üzü görən “Qarabağ həqiqətləri” toplusu beş bukletdən ibarətdir: “Qarabağın tarixi haqqında qısa məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”. Bukletlər toplusu ingilis, fransız, alman, rus, macar və yapon dillərində nəşr olunub.

2006-cı ildə Heydər Əliyev Fondu “Müharibə və tarixi mədəniyyət abidələrimiz” kitabını nəşr edib. Kitabda Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərindəki tarixi mədəniyyət abidələrinin, ziyarətgahların, məscid və məbədlərin adları toplanıb, onlar haqqında maraqlı məlumatlar verilib. Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Qarabağ haqqında həqiqətlər” seriyasından ingilis dilində nəşr olunan “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” (“War Against Azerbaijan: Targeting Cultural Heritage”) kitabında (2007) da işğalçı dövlətin mədəniyyətimizə, maddi-mənəvi irsimizə qarşı həyata keçirdiyi vandalizm siyasətindən və onun acı nəticələrindən bəhs olunur.

Fondun 2008-ci ildə Azərbaycan, rus və ingilis dillərində nəşr etdirdiyi Şuşa: qrafika” kitabında işğal altında olan qədim şəhərimizin tarixi haqqında ətraflı məlumat, Şuşada mövcud olmuş məscidlər, məhəllələr, meydanlar, bulaqlar, qalereyalar, memarlıq abidələri və Azərbaycanın mədəniyyət xadimlərinin evlərinin qrafika üsulu ilə çəkilmiş şəkilləri yer alıb. 2012-ci ildə kitab fransız dilində də işıq üzü görüb.

Musiqi mədəniyyətimizə dəyərli töhfə

Heydər Əliyev Fondu milli musiqi mədəniyyətimizin, o cümlədən muğam sənətimizin inkişafına və dünyada təbliğinə töhfə olan nəşrlərin hazırlanmasına da xüsusi önəm verir. "Azərbaycan muğamları" layihəsi çərçivəsində nəşr edilən "Qarabağ xanəndələri" musiqi albomuna eyniadlı kitabça və 24 xanəndənin ifasında muğam parçalarından ibarət 3 CD daxildir. Musiqi albomu Azərbaycan, ingilis, rus, fransız, alman, italyan dillərində nəşr edilib.

İkicildlik «Muğam ensiklopediyası» (2008) Azərbaycan muğam sənəti barədə 1300-dən çox məqalənin toplandığı zəngin topludur. Layihə çərçivəsində hazırlanan «Azərbaycan xanəndələri» səs yazısı kolleksiyasında görkəmli muğam ustalarının təkrarsız ifaları yer alıb.

Fondun müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi, dahi bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyir dünyası” layihəsi də mədəni irsimizə dəyərli töhfədir. Layihəyə “Ömür salnaməsi”, “Üzeyir Hacıbəyli ensiklopediyası”, “Bədii və publisistik əsərləri” kitabları, “Leyli və Məcnun”, “Koroğlu” operalarının, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Kitaba ön sözü Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yazıb.

“Muğam aləmi” layihəsi (2009) Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda keçirilmiş “Muğam aləmi” I Beynəlxalq Muğam Festivalına həsr olunub. Topluya festival haqqında Azərbaycan, rus, ingilis dillərində kitablar və Azərbaycan muğam operalarının, simfonik muğamların, klassik Azərbaycan muğamlarının, tanınmış xarici musiqiçilərin çıxışlarının və etnocaz nümunələrinin toplandığı 33 DVD daxildir.

2012-ci ildə ingilis, fransız, italyan, rus dillərində nəşr edilən “Azərbaycan musiqisi” albomuna daxil olan 8 diskdə muğam, klassik caz, estrada janrlarına aid musiqi parçaları toplanıb.

Görkəmli şəxsiyyətlər kitab səhifələrində

Fondun Azərbaycan və ingilis dillərində nəşr edilən ikicildlik “Heydər Əliyev. Müdrik fikirlər” kitabında ümummilli liderin kəlamları toplanıb.

Dünya şöhrətli Azərbaycan alimi Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsəri, görkəmli yazıçı Mir Cəlal Paşayevin roman və hekayələrinin toplandığı kitablar oxucular tərəfindən maraqla qarşılanıb.

2011-ci ildə Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə böyük Azərbaycan bəstəkarı Qara Qarayevə həsr olunmuş “Qara Qarayev. Həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında” kitabı nəşr olunub. Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun 100 illik yubileyinə ithaf olunmuş “Mansurovlar” kitabı da musiqi sənəti salnaməmizə töhfədir.

2012-ci ildə Heydər Əliyev Fondu Mədəniyyət və Turizm Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı “Xəmsə”ni, “Nizami məqbərəsinin tarixi və taleyi” kitabını və buklet nəşr edib. Bukletdə “Xəmsə”yə daxil olan əsərlərə ucaldılmış abidələrin şəkilləri yer alıb.

Ötən il həmçinin böyük şair İmadəddin Nəsiminin əsərlərinin toplandığı kitab fransız dilində işıq üzü görüb.

İstedadlı cazmen, pianoçu və bəstəkar Rafiq Babayevin yaradıcılığına həsr olunmuş musiqi albomu, görkəmli ifaçılar, xalq artistləri Habil Əliyev, Əlibaba Məmmədov, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev haqqında musiqi albomları, “Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan” kitabı və s. nəşrləri də qeyd etmək lazımdır.

Azərbaycanın tərənnümü

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış mühüm nəşrlərdən biri də 2010-cu ildə işıq üzü görən “Azərbaycan” kitabıdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab Fondun prezidenti Mehriban xanım Əliyevanın “Ön söz”ü ilə başlayır. Azərbaycan haqqında müfəssəl məlumat verən nəşrdə toplanmış 1000-dən çox fotoşəkil xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, ölkəmizin müasir simasını təcəssüm etdirir. 11 bölmədən ibarət kitab oxucuya Azərbaycanı qarış-qarış gəzmək imkanı yaradır. Qeyd edək ki, ötən müddətdə kitab rus, ingilis, fransız, alman, italyan dillərinə tərcümə edilib.

İtalyan dilində “Azərbaycan əlyazmaları” bukletlər toplusu, eləcə də “Azərbaycan xalçaları”, “Azərbaycanın mədəni irsi” topluları mədəni irsimizin dünyada təbliği istiqamətində görülən işlərin bariz nümunəsidir.