İlham Rəhimli

(Əvvəli qəzetin 11 və 13 dekabr saylarında)

Aktyor və rejissor Mirseyfəddin Kirmanşahlıya (1892-1933) xitab.
Sual.
- Mirseyfəddin ağa!
Milli səhnə sənətimizin 1922-1924-cü illərdə Moskvada xüsusi aktyorluq təhsili almış dörd aktyorundan birisiniz. Tiflisdə və Bakıda həm müxtəlif truppalarda, həm də dövlət teatrlarında səmərəli yaradıcılıq fəaliyyəti göstərmisiniz.
1930-cu ilin martında Milli Dram Teatrında Moskvada keçiriləcək SSRİ Teatr Olimpiadasına qastrol səfəri müzakirə olunurdu. Moskvaya gedəcək aktyorların siyahısı oxundu. Gənc aktyorlar Məmmədəli Vəlixanlı və Musa Hacızadə haqsız yerə müdiriyyətin göstərişi ilə siyahıdan çıxarılmışdı. Söz alıb, alovlu çıxış edib, belə haqsızlığa qarşı etirazınızı bildirdiniz. Sizə qarşı kampaniya başlandı və teatrdan çıxıb Tehrana getdiniz.
Sizə qarşı riyakarlığın başında kim dururdu?
Siyahını tərtib edən direktor müavininin adı nə idi?

* * *
Xalq artisti Mustafa Mərdanova (1894-1968) xitab.
Birinci sual.
- Möhtərəm Mustafa müəllim!
Həyatda kəkələyə-kəkələyə danışmısınız. Hətta 1922-ci ildə Moskvada instituta imtahan verəndə pəltəkliyinizə görə Sizə «2» vermək istəyiblər. Ancaq Aleksandr Puşkinin «Boris Qodunov» faciəsindən rahib Pimenin monoloqunu şövqlə və bəlağətlə söyləməyiniz hamını heyran qoyub.
Sizi 60 il, 50 il, 40 il... səhnədə görənlər deyirdilər ki, hələ indiyə kimi Mustafa Mərdanovun hansısa tamaşada çaşdığını və ya sözü qırıq-qırıq dediyini görən olmayıb.
Bu qüsuru aradan qaldırmağa necə nail olurdunuz?
İkinci sual.
- «Azərnəşr» tərəfindən 1964-cü ildə çap edilmiş «Xatirələr» kitabınızda aktyor və rejissor Hüseyn Ərəblinski barədə yazırsınız: «1919-cu il mart ayının 7-də Müsavat quldurlarının fitvası ilə böyük sənətkar öz evində, qohumunun gülləsi ilə öldürüldü». Ərəblinski martın 4-də qətlə yetirilib, ancaq 7-də dəfn olunub. Bunda işim yox. Qanlı faciə sənətkarın öz evində deyil, qonaq çağırıldığı dayısı oğlunun mənzilində baş verib. Bunda da işim yox...
O vaxtı belə bir güman vardı ki, guya Hüseyn Ərəblinski Bakı milyonçularından birinin arvadı ilə eşq macərası yaşamaqda şübhəli bilinərək öldürülüb. Əminsiniz ki, «Müsavat quldurları törədiblər» iddiasında haqlısınız?
Üçüncü sual.
- 1919-cu ildə Tiflis teatrının aktyorları Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Möhsün Sənani, Əşrəf Yüzbaşov, Vera xanım, Asya xanım və başqaları ilə İstanbulda 6 aya yaxın qastrolda olmusunuz. Repertuarınızda Üzeyir bəy Hacıbəylinin «O olmasın, bu olsun», «Arşın mal alan», «Əsli və Kərəm», Zülfüqar bəy Hacıbəylinin «Evliykən subay», «Əlli yaşında cavan», Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar», «Pəri cadu», «Bəxtsiz cavan», Henrix Heynenin «Əl Mənsur», Şəmsəddin Saminin «Dəmirçi Gavə» əsərləri və bir neçə məzhəkə-vodevil vardı. Həmin müddətdə Üzeyir bəyin «Arşın mal alan» operettasını 43 dəfə oynamısınız. Fransanın «Pate» kompaniyasının direktor müavini tamaşaya baxıb və çox təsirlənib. O, truppanızı Parisə dəvət edib. Şərt də bu olub ki, tamaşa on dəfə oynanılacaq və sonra azərbaycanlı aktyorların iştirakı ilə ekranlaşdırılacaq. Onun təklifini bir neçə gün ciddi müzakirə etmisiniz... Ancaq səfər baş tutmayıb.
Qırx beş gün sonra yazmısınız ki, Parisə getməməyinizin bir səbəbi də müqavilənin çox ucuz qiymətə bağlanması təklifi idi. Bunu bildik. Bəs digər hansı səbəblərə görə Paris səfərindən imtina etdiniz?
Dördüncü sual.
- Təbriz şəhərində 1913-cü ildə Tiflisin bir qrup aktyoru ilə qastrolda olmusunuz. Burada Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» faciəsinin tamaşa afişasını divara vuranda həbs edilmisiniz. Səbəb də budur: «Həzrət Qacarın adını divara vurmaq olmaz».
Necə oldu ki, Sizi həbsdən azad edib, qastrollarınızın davamına icazə verdilər?

* * *
Azərbaycan Xalq Komissarları Sovetinin sədri (1932-1933), Mərkəzi Komitənin 1-ci katibi (1933-1953) Mircəfər Bağırova (1896-1956) xitab.
Birinci sual.
- Yoldaş Bağırov!
1921-1932-ci illərdə Bakıda Türk İşçi Teatrı (əvvəlki adları «Azad Tənqid və Təbliğ Teatrı», «Türk İşçi və Kəndli Teatrı» olub) fəaliyyət göstərib. Bu kollektiv Türk Dövlət Dram Teatrı (bugünkü Akademik Milli Dram Teatrı) ilə rəqabət aparmaq səviyyəsinə çatmışdı. Xalq Komissarları Sovetinin qərarı ilə teatr 1932-ci il dekabrın 28-də Bakı fəaliyyətinə xitam verdi və 1933-cü ilin ilk günlərində Gəncə şəhərinə köçürüldü. Halbuki həmin dövrdə Gəncədə güclü teatr kollektivi (Ədil İsgəndərov, İbrahim Həmzəyev, Barat Şəkinskaya, Əsəd Şeyxzamanov, İsmayıl Əfəndiyev, Qulam Qoşqarlı, Mikayıl Davudov...) vardı və onların qüvvəsi ilə dövlət teatrı yaratmaq olardı. Xalq Komissarları Sovetinin sədri kimi nə üçün teatrın köçürülməsinə imza atmışdınız?
İkinci sual!
- Mircəfər Abbasoviç!
1930-1935-ci illərdə Azərbaycanda rejissor kimi özünü təsdiqləmiş Yusif Yulduz, İsmayıl Hidayətzadə, Rza Təhmasib, Rza Darablı, Əlhüseyn Rzayev varıydı. Bunu bilə-bilə nə üçün Akademik Teatrı 4 il baş rejissorsuz qoydunuz?
Nə məqsədlə 1924-1931-ci illərdə Milli Dram Teatrında baş rejissor işləmiş Aleksandr Tuqanovu Qroznıdan Bakıya dəvət edib onu 1935-ci ildə yenidən bu kollektivdə həmin vəzifəyə təyin etdiniz?

* * *
Xalq artisti Kazım Ziyaya (1896-1956) xitab.
Sual.
- Mirzə Kazım!
Akademik Milli Dram Teatrından iki dəfə incik düşüb uzaqlaşmısınız. Müxtəlif vaxtlarda Türk İşçi Teatrında (1927-1932), Gəncə, İrəvan və Tiflis teatrlarında (1933-1938) işləmisiniz. 1938-ci ildə Bakıya, doğma kollektivə qayıtmısınız. Premyerası 1947-ci ilin 7 noyabrında göstərilən Ənvər Məmmədxanlının «Şərqin səhəri» dramının tamaşası Stalin mükafatına təqdim olunanda adınız (General Tomson rolunda) siyahıda olmayıb. Moskvadan gələn komissiya üzvləri tamaşaya baxandan sonra yüksək oyun nümayiş etdirən Kazım Ziyanın ifasına heyran qalıblar və Moskvada Stalin Mükafatı Komitəsində onu da siyahıya daxil ediblər. 1948-ci ildə mükafat alanların sırasında rejissor Ədil İsgəndərov, rəssam Nüsrət Fətullayev, aktyorlar Mirzağa Əliyev, Sidqi Ruhulla, İsmayıl Dağıstanlı, Mərziyə Davudova, Rza Əfqanlı ilə yanaşı, Kazım Ziya da vardı. Bu mükafat bəzi adamlarda Sizə qarşı xəbislik, qısqanclıq, sərt desəm, rəzil nifrət oyatdı.
General Tomsondan sonra Siz cəmi iki tamaşada - Anatoli Boryanovun «O tayda» (8 aprel 1949-cu il. Rejissor Ələsgər Şərifov) dramında Baturin və Tur qardaşlarının «Bir evin sirri» (4 dekabr 1949. Rejissor Səftər Turabov) pyesinin tamaşasında Kaştanov rollarını oynadınız... Oynadınız... və bir daha səhnəyə çıxmadınız. Daha doğrusu, buna imkan vermədilər. Doğma teatrdan didərgin salındınız.
Kazım əfəndi!
Bunun əsl səbəbini və bu fitnəkarlığı törədənlərin kimliyini bəyan edə bilərsinizmi?

* * *
Xalq artisti Rza Əfqanlıya (1899-1973) xitab.
Sual.
- Hörmətli Rza müəllim!
Bilirik ki, 1923-cü ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunmusunuz. Zəngin yaradıcılığınızda Müsyö Jordan («Müsyö Jordan və dərviş Məstəli şah», Mirzə Fətəli Axundzadə), Rüstəm bəy («Müsibəti-Fəxrəddin», Nəcəf bəy Vəzirov), Nəcəf bəy («Dağılan tifaq», Əbdürrəhim bəy Haqverdiyev), Dövlət bəy, General-qubernator («Aydın» və «1905-ci ildə», Cəfər Cabbarlı), Gavə («Dəmirçi Gavə», Şəmsəddin Sami), Fərhad və Xosrov («Fərhad və Şirin», Səməd Vurğun), Nizami («Nizami», Mehdi Hüseyn), Qaçaq Nəbi («Qaçaq Nəbi», Süleyman Rüstəm), Şeyx Sənan («Şeyx Sənan», Hüseyn Cavid), Səttarxan («Dumanlı Təbriz», Məmməd Səid Ordubadi) və onlarca bu kimi rollar ifa etmisiniz. Uilyam Şekspirin «Otello» faciəsində Yaqonun əvəzsiz ifaçısı sayılırsınız.
Otellonun mahir ifaçısı, SSRİ Xalq artisti Ələsgər Ələkbərov 31 yanvar 1963-cü ildə dünyasını dəyişəndən sonra xahiş etmisiniz ki, bir müddət Yaqo rolunda səhnəyə çıxmayasınız (Oxucuların nəzərinə çatdırım ki, Otellonun ikinci ifaçısı İsmayıl Dağıstanlı idi). Bunu bəhanə gətirərək, teatrdan çıxmağınız barədə əmr veriblər. Bundan sonra bir daha Milli Dram Teatrına üz tutmamısınız. 1970-ci ildə baş rejissor Ağakişi Kazımovun dəvəti ilə Sumqayıt teatrında üç rol oynamısınız...
Sizi belə qovğaya salanlar və işdən çıxmağınıza təhriklə çalışanlar, teatrın direktorundan əmrinizə qol çəkməyi tələb edənlər kimlər idi?
Bəs teatrın baş rejissoru Mehdi Məmmədovun bu qərara münasibəti necə oldu?

* * *
Azərbaycanın Əməkdar artisti, realist-romantik aktyor Ülvi Rəcəbə (1903-1938) xitab.
Birinci sual.
- Ülvi əfəndi!
1931-ci ildə Akademik Milli Dram Teatrından küsüb Türk İşçi Teatrına keçmisiniz. Burada Cəfər Cabbarlının «Sevil»ində Balaşı əla oynamısınız. Həmin truppada çalışdığınız bir neçə ayda başqa rollar da ifa etmisiniz.
Repertuarındakı əsas tamaşalarda oynadığınız doğma kollektivdən incik düşməyinizin səbəbi nə idi?
İkinci sual.
- Bəy əfəndi!
Akademik Milli Dram Teatrında işlədiyiniz 12 il müddətində Aqşin, Yaşar («Od gəlini» və «Yaşar», Cəfər Cabbarlı), Anton, Şeyx Sənan, Səyavuş («Knyaz», «Şeyx Sənan» və «Səyavuş», Hüseyn Cavid), Süleyman («Həyat», Mirzə İbrahimov), Romeo, Otello, Hamlet, Petruçço («Romeo və Cülyetta», «Otello», «Hamlet» və «Şıltaq qızın yumşalması», Uilyam Şekspir), Frans («Qaçaqlar», Fridrix Şiller), Huinplen («Gülən adam», Viktor Hüqo)... kimi möhtəşəm rollar oynamısınız. 1937-ci ildə Sizi «xalq düşməni» damğası ilə nahaqdan tutublar. 1938-ci il yanvar ayının 2-də erməni müstəntiq tərəfindən növbəti dəfə dindiriləndə mizin üstündəki külqabını onun başına çırpmısınız... Sizi elə oradaca güllələyiblər.
Müstəntiq Sizə hansı təhqiramiz sözləri dedi ki, bu qəhrəmanluq cürətini göstərdiniz?

* * *
Azərbaycanın Xalq şairi Səməd Vurğuna (1906-1956) xitab.
Sual.
- Ustad-şair!
Dramaturji janr prinsipləri zəif, poetik dili son dərəcə axıcı olan «Vaqif» pyesini yazmısınız. Bu əsər Ədil İsgəndərovun quruluşunda 1938-1980-ci illərdə Akademik teatrda 1000 dəfədən çox oynanılıb. Mənzum pyesdə Ağa Məhəmməd şah Qacar, İbrahimxəlil xan kimi qüdrətli, eyni zamanda mürəkkəb, ziddiyyətli, fəaliyyətləri birmənalı qavranılmayan tarixi şəxsiyyətləri gülüş hədəfinə, lağ obyektinə çevirmisiniz. Sizə oxucu məhəbbətinin nəticəsində uzun illər bu hökmdarların obrazları insanların yaddaşında (o cümlədən də mənim) kəskin şəkildə təhrifə uğramış halda, nifrətə layiq personajlar kimi qalıb.
Görəsən, Şah Qacarın və İbrahimxəlil xanın təhrif edilmiş bədii təqdimində məqsədiniz nə olub?

* * *
SSRİ Xalq artisti Ədil İsgəndərova (1910-1978) xitab.
Birinci sual.
- Ədil Rzayeviç!
Səməd Vurğunun «Vaqif», «Xanlar», «Fərhad və Şirin» dramını dörd ildə bir-birinin ardınca uğurla tamaşaya qoymusunuz. Şair 1945-ci ildə «İnsan» pyesini də Sizə verib, lakin bir müddət sonra onu hazırlamaqdan imtina etmisiniz. Əsərə quruluşu Məhərrəm Haşımov və Əliheydər Ələkbərov veriblər. Tamaşa uğursuz alınıb.
«İnsan» pyesini tamaşaya qoymaqdan imtina etməyinizin səbəbi nə olub?
İkinci sual.
- Ədil müəllim!
1938-1960-cı illərdə bugünkü Akademik Milli Dram Teatrının bədii rəhbəri, xeyli müddət həm də direktoru olmusunuz. Bu kollektivdə ilk işiniz isə 1936-cı ildə olub: Aleksandr Korneyçukun «Platon Kreçet» əsərini «Polad Qartal» adı ilə tamaşaya qoymusunuz. Kollektiv «Ədil İsgəndərov teatrı» kimi tanınıb. 1960-cı il oktyabr ayının 22-də Akademik Milli Dram Teatrında Sabit Rəhmanın «Əliqulu evlənir» komediyasını məşq edirdiniz. Qəflətən Mərkəzi Komitənin, respublika Mədəniyyət Nazirliyinin nümayəndələri salona daxil oldular. İclas keçirildi və gözlənilmədən Sizi işdən çıxardılar. Halbuki 1 il əvvəl teatrın Moskva qastrolu böyük uğurla keçmişdi və Sizə SSRİ Xalq artisti fəxri adı vermişdilər. Cəmi 50 yaşınız vardı...
Sizi nəinki vəzifədən, hətta teatrdan uzaqlaşdıranda nə üçün canınızı fəda etdiyiniz teatr kollektivindən bir nəfər də müdafiənizə qalxmadı?

* * *
Xalq rəssamı Bədurə Əfqanlıya (1912-2002) xitab.
Sual.
- Bədurə xanım!
Teatr tarixindən bilirik ki, 1940-1960-cı illərdə Akademik Milli Dram Teatrında quruluşçu rəssam kimi çalışmısınız. Əbdürrəhim bəy Haqverdiyevin «Dağılan tifaq», «Köhnə dudman», Cəfər Cabbarlının «Od gəlini», Karlo Qoldoninin «Məzəli hadisə», Maksim Qorkinin «Vassa Jeleznova», Boris Lavrenyovun «Amerikanın səsi», Nazim Hikmətin «Türkiyədə» (Nüsrət Fətullayevlə birlikdə), Vadim Sobkonun «İkinci cəbhə arxasında», Abdulla Qəhharın «İpək naxışlar» və daha neçə-neçə əsərin tamaşasına bədii tərtibat vermisiniz, bir sıra səhnə əsərlərinə geyim eskizləri çəkmisiniz.
İlk tamaşası 1947-ci il noyabr ayının 7-də göstərilən Ənvər Məmmədxanlının «Şərqin səhəri» dramının tamaşasının tərtibat rəssamları Bədurə Əfqanlı və Nüsrət Fətullayev, geyim rəssamı Kazım Kazımzadə idi.
Ağıla sığmayan «məntiq» olsa da, faktdır... Necə olub ki, tərtibatı verən rəssamlardan biri Stalin mükafatı ilə təltif edilib, digəri, yəni Siz unudulmusunuz?
Rəhbərlikdən şəxsən kimlər Bədurə Əfqanlını elə ilk təqdimatda siyahıya daxil etməyib?
Bəs necə olub (?) ki, Moskvadan gələn komissiya bu incə məsələyə diqqət yetirməyib?