İlham Rəhimli

(Əvvəli qəzetimizin 11, 13, 18 dekabr 2013-cü il tarixli nömrələrində)

Mütəfəkkir, filosof, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadəyə (1812-1878) xitab.
Sual.
- Möhtərəm Mirzə Fətəli!
Azərbaycan poeziya tarixi Həsənoğludan, Xaqani Şirvanidən, Nizami Gəncəvidən günümüzədək son dərəcə böyük dühaların ədəbi irsi ilə zəngindir. Fəlsəfə tariximiz də Əbu Nəfs Sührəverdi, Şəbahəddin Yəhya Sührəverdi, Əfzələddin Xunəci, Siracəddin Urməvi, Bəhmənyar Azərbaycani, Eynəlqüzzat Miyanəci... yaşayan dövrlərdən üzübəri XXI əsrə qədər böyük mütəfəkkirlər sayəsində möhtəşəm elmə çevrilib.
Poeziyanızın qiyməti, «Kəmalüddövlə məktubları», «Aldanmış kəvakib» fəlsəfi əsərlərinizin dəyəri öz yerində. Sizi XIX əsrə qədər yaşayıb-yaratmış dühalardan fərqləndirən bir cəhət var. Mirzə Fətəli Axundzadə Azərbaycan ədəbiyyatında milli peşəkar dramaturgiyanın banisidir.
Ustad!
Bir sıra əsərlərinizdə dram və teatr sənətinin millətin maariflənməsində, mənəvi-əxlaqi təkamülündə oynaya biləcəyi böyük rolu müdrikliklə qələmə almısınız. Bu, əladır və öz yerində.
Məni maraqlandıran əsas məsələlər bunlardır: Mirzə Fətəli Axundzadənin dram janrına müraciət etməsinin əsas səbəbi nədir?
Hansı bir hadisə, yaxud hansı bir sosial-ictimai proses pyes yazmağınıza təkan verdi?
Mirzə Şəfidən dərs alan istedadlı gənc nə üçün onun poeziya yolunu tutmadı? Halbuki bu, Sizin üçün pyes yazmaqdan daha asan olardı.

Dramaturq, milli peşəkar teatrımızın yaradıcılarından biri olan Nəcəf bəy Vəzirova (1854-1926) xitab.
Sual.
- Nəcəf bəy!
Hələ XIX əsrin sonlarında Azərbaycanın yazıçıları, ədəbiyyata maraq göstərən, ancaq müxtəlif peşələrdə çalışan bəzi ziyalıları, az qrup jurnalistləri dünya dramaturgiyasını dilimizə çevirməyə maraq göstəriblər. Mətnləri əldə olmasa da, mətbuatdan bilirik ki, 1895-1907-ci illər arasında Haşım bəy Vəzirov Uilyam Şekspirin «Otello», Sultanməcid Qənizadə Lev Tolstoyun «Əvvəlinci şərabçı», Mehdi bəy Hacınski Nadejda Loxmanovanın «İmperator Napoleonun Sant-helen cəzirəsində vəfatı», Fridrix Şillerin «Qaçaqlar», Henrix Heynenin «Əlmənsur» («Əl Mənsur» kimi də yazılıb), Mahmud Nədim Qaragözov Osmanlı ədibi Namiq Kamalın «Vətən» («Vətən, yaxud Silistirə». Bu əsəri Mirzə Muxtar Axundov da tərcümə edib), Məhəmməd Cuvarlı Nikolay Qoqolun «Evlənmə», Süleyman Sani Axundov və Səməd Mənsur ayrı-ayrılıqda Şəmsəddin Saminin «Dəmirçi Gavə», Abdulla Cövdət Uilyam Şekspirin «Yuli Sezar», Qulamrza Şərifzadə Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin «Əmir Əbül Üla» («Əbilüla» kimi də yazılıb), Hacı İbrahim Qasımov Yevgeni Çirkovun «Yəhudilər», M.Vəliyev Aleksandr Qriboyedovun «Ağıldan bəla», Murad Muradov Artur Konan Doylun «Şerlok Holms», Əhməd Qəmərli Jan Batist Molyerin «Zorən təbib» faciə, komediya və dramlarını dilimizə tərcümə etmişlər. Neçə-neçə vodevillər təbdil olunub.
Nəcəf bəy!
Bu xeyirxah yaradıcılıq işinə Siz də qoşulmusunuz. 1907-ci ildə rus dramaturqu Lev Meyin «İvan Qroznı» pyesini «İvan Səffak» adı ilə tərcümə etmisiniz. Bu barədə mart ayında mətbuatda da xəbər var. Təəssüflər olsun ki, həmin faciə tamaşaya qoyulmayıb.
Əsər nə üçün oynanılmayıb?
Halbuki həmin dövrdə faciə oynamağa maraq güclü idi.
Bir də soruşmaq istəyirəm ki, tərcümənin əlyazması haradadır?

Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalova (1865-1918) xitab.
Sual.
- Kərbəlayı Cahangir ağa!
1908-1910-cu illərdə «Nicat» mədəni-maarif cəmiyyətinin əsas rəhbərlərindən sayılan İsa bəy Aşurbəyli ilə ziyalıların, əsasən teatr xadimlərinin dəfələrlə ciddi konfliktləri olub. O cümlədən Üzeyir bəy Hacıbəylinin «Leyli və Məcnun» operasının müəlliflik hüququ ilə bağlı bəstəkarla «Nicat» arasındakı münaqişə məhkəmə həddinə çatıb.
Həmin cəmiyyət dəfələrlə inadla israr edirdi ki, «Leyli və Məcnun»un çap, oynamaq hüququ «Nicat»dadır.
Müxtəlif mətbuat səhifələrində də bu barədə «Nicat»ın ünvanına xeyli sayda tənqidi fikirlər yazılıb. Üzeyir bəy özü «Nicat»ın haqsızlıqları barədə dəfələrlə ciddi yazılarla müxtəlif qəzet səhifələrində çıxışlar edib.
Bir Allah şahiddir ki, mən bununla «Nicat»ın gördüyü əzəmətli işlərə kölgə salmaq istəmirəm. Qətiyyən!!!
Məsələ ondadır ki, «Nicat»ın bəzi rəhbərlərinin gördükləri yaxşı işlərlə bərabər, bu qurumun ümumi qayəsinə pəl vuran, əngəl törədən əməlləri də çoxdur. Bax, budur adamı çaş-baş salan...
Uzunçuluq eləməyim.
1910-cu il mart ayının 19-da «Nicat» cəmiyyətinin hesabat iclası olub. Orada Siz də çıxış etmisiniz və əsasən bu fikirləri səsləndirmisiniz:
«Mən özüm burada üzvi-idarə olduğum üçün işlərdən layiqincə xəbərdar olduğumdan kəmal-etimad ilə deyirəm ki, bu «Nicat»ın işi heç vaxt irəli getməz!..
Səbəb də budur ki, burada bir iş vardır ki, heç kəs fikrini aşkar edə bilməyir. Yəni, hər nə ki, İsa bəy istədi, elə də əmələ gəlir... Hər yerə ki, üz çevirirsən orada əlin-ayağın bağlıdır. Biz idarə üzvü olduğumuz halda bir parça kağızı da yerindən tərpətməyə ixtiyarımız yoxdur.
A kişi! Teatr işinə əl uzadırsan - dəymə, o mənimdir!..
Mətbəə işinə baxırsan - dəymə, o mənim ixtiyarımdadır!
Pul işinə baxırsan - sizin ixtiyarınız yoxdur!
Qiraətxanaya tərəf üz çöndərirsən - yaramaz, o mənim işimdir!..
Axır ki, mən bircə bilmirəm ki, bəs bizi nədən ötrü bu idarəyə seçmişlər?..»
İsa bəy Aşurbəyli sözünüzü yarımçıq kəsib. Hətta araya pərtlik düşüb.
Amma üstündən iki ay yarım keçəndən sonra, 1910-cu il noyabr ayının 30-da «Nicat» Azərbaycanda ilk dəfə Sizə səhnə fəaliyyətinizin 25 illiyi ilə bağlı yomi-ali (yubiley) keçirib. Yubiley çox təntənəli alınıb. Tamaşaçıların alqışları ilə Siz və Əlimərdan bəy Topçubaşov səhnəyə daxil olmusunuz. Tədbiri giriş sözü ilə görkəmli ziyalı, maarifçi Əlimərdan bəy açıb. «Nicat» tərəfindən təbriki isə Səməd bəy Acalov edib.
Bunun ardınca gürcü və Azərbaycan «Nəşri-maarif», erməni «İnsanpərvərlər», «Mədəni ittifaq» cəmiyyətləri, aktyorlar adından Qulamrza Şərifzadə, «Günəş», «Səda» qəzetləri, «Yeni Füyuzat» məcmuəsi, Maloross, Boyarski teatr trruppaları, yəhudilərin «Bakı», «Prosvita» ədəbi cəmiyyətləri, «İttihad» mədrəsəsi, Hacı Zeynalabdin Tağıyev fabrikinin səhnə həvəsli gəncləri ünvanınıza təbriklər söyləyiblər. Səhnədən görkəmli maarifçilərin Bakıdan, Tiflisdən, Bağçasaraydan göndərdikləri təbrik teleqramları oxunub.
Bədii hissədən sonra «Lənkəran xanının vəziri» komediyası oynanılıb. Tamaşada Vəzir Mirzə Həbib rolunda çıxış etmisiniz.
Yubileydən neçə gün sonra da «Kaspi», «Səda», «Günəş», «Baku», «Nicat», Hacıtərxanda çıxan «Bürhani-tərəqqi» qəzetləri ünvanınıza ziyalıların təbrik məktublarını dərc ediblər.
Xülasə...
İsa bəy Aşurbəyli ilə konfliktinizdən sonra Sizə yubiley keçirməyin təşəbbüskarları və təşkilatçıları kimlər olublar?
Keçirilən tədbirlərin başında yubiley komitəsinin sədri Əlimərdan bəy Topçubaşov dururdumu?
Axırıncı sualım: İsa bəy Aşurbəyli yubileydə iştirak edirdimi?

Dramaturq, ictimai-siyasi xadim Nəriman Nərimanova (1870-1925) xitab.
Sual.
- Doktor Nərimanov!
Cəlil Məmmədquluzadənin «Ölülər» əsəri 1916-cı il aprel ayının 29-da Bakıda Tağıyev teatrı («Şəhər teatrı» da yazılıb) binasında «Nicat» mədəni-maarif cəmiyyətinin teatr truppası tərəfindən ilk dəfə oynanılıb. Hüseynqulu Sarabskinin quruluşçu rejissor olduğu tamaşada əsas rolları Mirzağa Əliyev (İsgəndər), Əliqulu Qəmküsar (Şeyx Nəsrulla), Ələkbər Hüseynzadə (Hacı Həsən ağa) və Yunis Nərimanov (Kərbəlayı Fatma) ifa ediblər.
Elə həmin axşam «Ölülər» haqqında təəssürat» adlı kiçik yazı yazmısınız. Qısa rəy xarakterli yazının mahiyyəti budur: «Artıq dərəcədə məharətlə yazılmış, məzmunu eynən həyatımızdan götürülmüş, ideyası inqilabi bir drama müsəlmanların həyatında böyük rollar oynayacaqdır: paslanmış beyinləri pasdan təmizləyib, ölmüş ruhlara can verəcəkdir».
Bu yazını «Yeni iqbal» qəzetinə vermisiniz. Rəyiniz çap olunmayıb. Onu «Açıq söz» 1 may 1916-cı il tarixli sayında çap edib. Bu barədə «Açıq söz» qəzetinin 4 may 1916-cı il tarixli sayında yazınız var. Ondan kiçik bir parçanı xatırlayaq və sonra sualımı verəcəm.
Yazırsınız: «Mayın 2-də səhər, yəni «Yeni iqbal»ın 298-ci nömrəsi daha çıxmamış mən «Yeni iqbal» idarəsinə gəlib «Ölülər» əsərinə dair verdiyim balaca məqalənin bu vaxtadək çap olunmamasının səbəbini sorduqda «İqbal»ın «xozeyni» Oruc Orucov cənabları dedi: “Görünür, məqalənizi layiq görmədik...»
«Əfəndim, qəzetin baş mühərriri kimdir? Sizmi? Ya ki, bir başqası?!».
Mənim bu sualıma Oruc Orucov dedi:
«Sizə heç lazım da deyil biləsiniz qəzetimizdə baş mühərrir kimdir».
Möhtərəm Nərimanov!
Bu olayın baş verdiyi dövrdə «Orucov qardaşları mətbəəsi» Bakıda məşhur idi. Azərbaycan dilində ən böyük çapxana sayılırdı. Orada «Yeni iqbal»dan əlavə, bədii, hətta cüzi dərslik kitabları da çap olunurdu. Sizin «Nadir şah» və «Nadanlıq» dramlarınız ikinci dəfə, əsaslı işlənmiş nüsxədə və «Şamdan bəy» pyesiniz 1913-cü ildə «Orucov qardaşları mətbəəsi»ndə işıq üzü görüb. («Nadanlıq» ilk dəfə 1894-cü ildə Bakıda Quberniya idarəsi mətbəəsində, «Nadir şah» isə birinci dəfə 1899-cu ildə Bakıdakı «Aror» mətbəəsində çapdan çıxıb). Oruc Orucov siyasi əqidəsinə görə özünü millətçi burjua ziyalısı sayırdı. Şəhərdə müəyyən hörmət-izzət sahibi idi, ehtiramı uca tutulurdu.
Görünür ki, Orucov «Ölülər» əsərini bəyənməyib. Bilmək maraqlıdır, görəsən, onun bu pyes haqqında Sizə söylədiyi tənqidi fikri nədən ibarət olub?
Nəyi bəyənməyib, ciddi qəzəbi konkret Mirzə Cəlilin hansı fikrinə idi?
Orucovun fikrincə, Mirzə Cəlil nəyi «düz» yazmamışdı?
Sizə özünün hansı fikrini əsas gətirib rəyinizi dərc etməmişdi?

Azərbaycan Respublikasının Xalq artisti Aleksandr Tuqanova (1871-1960) xitab.
Birinci sual.
- Aleksandr Aleksandroviç!
Ötən əsrin 20-ci illərinin sonlarında Akademik teatrda rejissorluq sənətində xüsusi səriştəsi olan və böyük ümidlər doğuran Rza Təhmasib, İsmayıl Hidayətzadə, Mirseyfəddin Kirmanşahlı, Yusif Yulduz, Əlihüseyn Rzayev kimi gənclər vardı. Ancaq onlara böyük ümidlər göstərmirdiniz. Düzdür, Yusif Yulduz dramaturqlardan Əbdürrəhim bəy Haqverdiyevin «Köhnə dudman» (20 oktyabr 1927), «Baba yurdunda» (2 mart 1928), Maksim Qorkinin «Həyatın dibində» («Yurdsuz insanlar». 21 noyabr 1927), Jan Batist Molyerin «Bağa qınını bəyənməz» (9 aprel 1928), Valentin Katayevin «Dairənin mürəbbeləşməsi» (12 noyabr 1928), Viktor Lyubomirovun «Talış qızı» (15 aprel 1929), Əlihüseyn Rzayev Hüseyn Cavidin «Şeyx Sənan» (14 yanvar 1929), Cəlil Məmmədquluzadənin «Ölülər» (5 mart 1929), Cəfər Cabbarlının «Aydın» (1 aprel 1929), Şəmsəddin Saminin «Dəmirçi Gavə» (28 noyabr 1929), Aleksandr Şirvanzadənin «Namus» (16 dekabr 1929), Nikolay Qoqolun «Müfəttiş» (3 mart 1930) əsərlərinə verdikləri quruluşlarla teatr ictimaiyyətində böyük maraq doğurmuşdular. Ancaq nədənsə müəyyən «səbəblər» bəhanə gətirilərək Yusif Yulduz teatrdan uzaqlaşdırıldı. Yusif Yulduz haqqında baş rejissorun, yəni Sizin verdiyiniz xasiyyətnamə onun haqqında yuxarı rəhbərlik distansiyalarında mənfi rəy yaratmışdı. Əlihüseyn Rzayev isə tez-tez başqa şəhərlərdəki teatrlara ezam olunurdu. Rza Təhmasibə, İsmayıl Hidayətzadəyə müstəqil tamaşa hazırlamağa etibar etmədiniz. Mirseyfəddin Kirmanşahlının Tiflis Azərbaycan teatrında, Bakı Türk İşçi Teatrında maraqlı rejissorluq işi ilə diqqəti cəlb etməsi nəzərinizdən qaçırdı. Hətta Moskvada səhnə təhsili almış bu sənət fədaisi 1930-cu ildə Azərbaycandan didərgin salındı. Zavallı İrana getməyə məcbur oldu.
Bütün bunların kökündə nə dururdu?
Niyə Azərbaycan aktyorlarının yaradıcılığındakı yüksəlişə səylə çalışdığınız halda, milli rejissor kadrlarının yetişməsinə qısqanclıqla yanaşırdınız?
İkinci sual.
- Milli Dram Teatrında baş rejissor işlədiyiniz 8 ildə (1924-1930 və 1935-1937) 63 tamaşa hazırlamısınız. Onore de Balzakın «Ögey ana» dramına 1939-cu ildə dəvətlə gəlib quruluş vermisiniz. 63 tamaşadan 28-i Azərbaycan dramaturqlarının əsərləri, 35-i isə tərcümə pyesləridir. Azərbaycan dramaturqlarının müxtəlif janrlı pyeslərindən 11-nə təkrar quruluş vermisiniz. Hətta heç bir əsas olmadan 5 ildə Mirzə Fətəli Axundzadənin «Hacı Qara» komediyasını 4 müxtəlif (guya müxtəlif, əslində ciddi dəyişiklik olmayıb), Cəlil Məmmədquluzadənin «Ölülər» və Cəfər Cabbarlının «Oqtay Eloğlu» dramlarının hərəsini 3 dəfə başqa-başqa quruluşlarda tamaşaya hazırlamısınız. Cəfər Cabbarlının «Od gəlini», «Aydın», «Sevil», Hüseyn Cavidin «İblis», «Şeyx Sənan», Əbdürrəhim bəy Haqverdiyevin «Pəri cadu» dramları hərəsi Sizin quruluşda iki dəfə səhnə təfsiri tapıb. Bu quruluşlar nə janr yozumu, nə üslub prinsipləri, nə də estetik dəyərləri baxımından bir-birindən o qədər də fərqlənməyiblər. Daha çox təkrar təsiri bağışlayıblar.
Bilmək olarmı, tərcümə əsərlərinə nə üçün bu qədər maraq göstərmisiniz?
Deyə bilərsinizmi Əli Fitrətin «Hind ixtilaçıları», Qriqori Genin «Trilbi», Brandon Tomasın «Çarleyin xalası, yaxud tələbələrin kələyi», Fuldun «Axmaq», Rında Alekseyevanın «Dəmir divar», Fyodor Korşun «Dünya cənnəti, yaxud ikiərli arvad», Anatoli Qlebovun 5 saat çəkən «Zaqmuq» («Qullar bayramı»), Əs Həbib Vəfanın «Bombey» əsərlərinin səhnə taleyi Azərbaycan tamaşaçılarına nə verdi?
Fransız ədibi Aleksandr Dümanın «Qanlı qala» («Nel qülləsinin sirri») əsərini 1924-cü ildə üç dəfə (Derjavin, Kazım Ziya və Tuqanovun quruluşlarında) tamaşaya hazırlamağa hacət vardımı?
Hansı səbəbdən Azərbaycan dramaturqlarının əsərləri repertuarda azlıq təşkil edib?

(Ardı var)