Ana-qadın! Dünyada ana məhəbbətindən, qadın nəvazişindən, qayğısından təmiz və müqəddəs bir hiss yoxdur. Bəşər nəsli yarandığı gündən bu munis qayğıya möhtac olmuşdur. Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Ana məhəbbətinin müqəddəsliyi, qadın qəlbinin təmizliyi hər zaman ədəbi əsərlərdə öz əksini tapmışdır. Anaların simasında qadın şərəfini, qadın ləyaqətini, qadın əzəmətini görmək olar.
Təqribən iki əsr bundan əvvələdək hətta qabaqcıl ölkələrdə belə qadınların həkim, müəllim, alim olması müşkül idi. Onlar bir çox hüquqlardan məhrum idilər. Amma zaman keçdikcə qadınlar öz hüquqlarını başa düşməyə, haqlarını tələb etməyə başladılar. 8 mart 1857-ci ildə Nyu-Yorkda tikiş fabrikinin qadın işçiləri çətin əmək şəraiti və aşağı əməkhaqqına etiraz edərək nümayişə çıxdılar. 1910-cu ildə Kopenhagendə beynəlxalq qadınlar konfransında 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsi barədə qərar qəbul olundu.
1911-ci ildə bu gün Almaniya, Avstriya, İsveçrə və Danimarkada qeyd edildi. İllər keçdikcə bu ənənə bir çox ölkələrə yayıldı. Tədricən bu gün öz siyasi əhəmiyyətini itirərək bütün qadınların bayramı sayıldı. 1920-ci ildən etibarən bu bayram, digər sovet respublikaları kimi, Azərbaycanda da qeyd edilməyə başlandı. 1966-cı ildən 8 mart keçmiş SSRİ-də qeyri-iş günü elan olundu. Ölkəmiz müstəqillik əldə edəndən sonra da 8 mart rəsmi bayram kimi qeyd olunmaqdadır.
Qadınlar həyatımızın ülvi varlığıdır. Qadın qəlbində idraka sığmayan bir mərdlik, səbir, dözüm var. Azərbaycanın bütün qadınlarını qarşıdan gələn bayram münasibətilə təbrik edir, onlara cansağlığı, xoşbəxtlik arzulayırıq.

Yeganə Yunusova,
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı