Azərbaycanın Xalq artisti, görkəmli aktyorumuz Mustafa Mərdanovun bu il 120 illik yubileyidir. Unudulmaz sənətkar 50 il Azərbaycan teatrına xidmət edib, bir sıra filmlərdə yaddaqalan obrazlar yaradaraq kino tariximizdə iz qoyub.

Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində, bir çox sənət xadimlərimizlə bağlı dəyərli sənədlər var. 93 №-li fond Mustafa Mərdanovundur. Fond çox zəngindir. 361 saxlama vahidindən ibarət fondda fotoşəkillər, əlyazmalar, məktublar və s. var. Məktublar içərisində milli vokal sənətimizin banisi Bülbülün ömür-gün yoldaşı Adelaida xanımın, oğlanları Çingiz və Poladın adından 30 sentyabr 1963-cü il tarixdə respublika Teatr Cəmiyyətinin sədri Mustafa Mərdanova ünvanlanan təşəkkür məktubu diqqətimi çəkdi.
Məktubdan belə aydın olur ki, Teatr Cəmiyyəti Bülbülün portretini sənətkarın ailəsinə hədiyyə edib. Məktubda cəmiyyətə və şəxsən Mustafa Mərdanova Bülbülün xatirəsinə göstərilən diqqət və ehtirama təşəkkür edilir. Portretdə rəssam tərəfindən Bülbülün xarakterik cizgilərinin, təbəssümlü çöhrəsinin çox dəqiq təsvir olunduğu vurğulanır. Məktubda həmçinin 1963-cü il sentyabrın 26-da, Bülbülün vəfatının ikinci ildönümündə Teatr Cəmiyyəti adından sənətkarın Fəxri xiyabandakı məzarı önünə əklil qoyulduğu minnətdarlıqla qeyd olunur, Bülbülün ömrünün 40 ilini verdiyi Opera Teatrı və Konservatoriya tərəfindən belə bir diqqətin göstərilmədiyi təəssüflə bildirilir.

Şəlalə Baxşəliyeva,
S.Mümtaz adına ARDƏİA-nın şöbə müdiri