Deyirlər ki, tarix şəxsiyyəti yaradır, böyük şəxsiyyətlər isə öz əməlləri ilə tarix yazır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixində yeri, gördüyü işlərin mahiyyəti zaman ötdükcə daha dərindən dərk edilən dövlətçilik salnaməsidir. O, siyasi fəhm və bacarığı, yüksək liderlik keyfiyyətləri və zəngin idarəçilik təcrübəsi ilə Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi, regionun lider dövlətinə çevrilməsi, beynəlxalq birlikdə layiqli yer qazanması üçün tarixi xidmətlər göstərmişdir. Gəlin, öncə 2014-cü ilin Azərbaycanına nəzər salaq.

Günümüzün Azərbaycanı Cənubi Qafqazın iqtisadi potensialının dörddə üçünə malik, regionu əhatə edən transmilli layihələrdə əsas söz sahibi, bir qədər çevrəni genişləndirsək, postsovet məkanında tam müstəqil siyasət yeridən, Avropa məkanına çıxsaq, qitənin enerji təchizatında önəmli rol oynayan, Avropa İttifaqı ölkələrinə sərmayələr qoyan, nəhayət, dünya miqyasında götürsək, qlobal təhlükəsizliyə töhfə verən, İraqdan Əfqanıstanadək sülhyaratma əməliyyatlarında iştirak edən, dünyanın ən yüksək siyasi qurumu olan BMT Təhlükəsizlik Şurasında yer almış bir ölkədir. Budur, Azərbaycanın dünyada yeri, o, indi planetin hər yerindən görünür.
İndi isə bir qədər keçmişə qayıdıb müstəqilliyimizin ilk illərində regionda və dünyada yerimizi yada salaq. Xüsusi təfərrüata varmaq niyyətində deyilik. Sadəcə, bir faktın üzərində dayanaq.

Dünyanın görmədiyi gerçəklər

1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş SSRİ-nin yeni müstəqil dövlətlərinə yardım üçün “Azadlığa Dəstək Aktı” (“Freedom Support Act”) adlı sənəd qəbul etdi. Erməni lobbisinin səyi ilə sənədə 907 saylı bir əlavə edilmişdi: “Azərbaycan Ermənistanı nəqliyyat blokadasına aldığı üçün Amerikanın dövlət yardımından məhrum edilsin”. Ədalətsizlik idi, deyilmi? Həm də necə? Çünki gerçəkdə erməni tərəfi Bakıdan Naxçıvana (oradan da Ermənistana) gedən qatarların qarşısını kəsmiş, 1991-ci ilin sonundan dəmir yolunda hərəkət dayanmışdı. Nəticədə üç yandan erməni əhatəsində olan Naxçıvan blokadaya düşmüşdü.
Amma bunu sadəcə biz bilirdik. Dünya gerçəklərdən xəbərsiz idi. Elə biz də dünyadan. Buna görə də 1992-ci ilin aprelində layihəsi hazırlanan, avqustdan müzakirəsi başlanan və qəbul olunaraq oktyabrın 24-də prezident Corc (ata) Buş tərəfindən imzalanan bu sənəddən biz həftələr sonra xəbər tutduq. Azərbaycanda müstəqilliyin bir ilinin tamamında dövlət səviyyəsində diplomatiya de-fakto yox idi. Türkiyənin bizə qardaş münasibətini çıxsaq, xarici siyasətin heç bir vektoru qurulmamışdı. Avropada tək Britaniya ilə sözdə dostluq (o da BP-nin neft marağı üzərində) qurulmuş, şimalda Rusiya, cənubda İranla münasibətlər bərbad idi. Daxili siyasətdə böhran ölkənin xarici siyasətini dişsiz hala gətirmişdi.
Belə vəziyyətdə Ermənistanın yaxın-uzaq havadarlarının dəstəyi ilə ölkəmizə qarşı işğalçılığını dayandırmaq, Azərbaycanı beynəlxalq təcriddən qurtarmaq lazım idi. Bunu etmək isə o vaxt hakimiyyətdə olan qüvvələrin siyasi fərasəti xaricində idi. 1993-cü ilin iyununda ölkə, Ermənistanın işğalçılığı bir yana qalsın, vətəndaş müharibəsinin eşiyinə gəlmişdi. Öncə müstəqilliyi, dövlətçiliyi xilas etmək lazım idi, əks halda gənc respublika kənar təhdidlərlə parçalanacaqdı. Birilərinə indi bu qeyri-ciddi görünə bilər. Amma bu gün Ukraynada baş verənlərə, nataraz, emosiya və meydan havası üzərində qurulan siyasətin fəsadlarına baxın. 21 il öncənin Azərbaycanı bundan qat-qat ağır vəziyyətdə idi. İndi Ukraynaya dəstək verən Qərb də o vaxt bizdən çox uzaqda idi.
“Azərbaycanın bugünkü ağır, mürəkkəb vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan bundan sonra müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin əsarəti altına düşməyəcəkdir”.

Tarixin həqiqət anı

Ulu öndər Heydər Əliyev 1993-cü ilin 15 iyununda fəlakətlə üzbəüz qalan dövlətin sükanı arxasına bu sözlərlə keçdi. Qarşıda Azərbaycanın həm istiqlalı, həm də istiqbalı üçün tarixin imtahanı vardı: sabitliyi yaratmaq, müstəqilliyi möhkəmlətmək, milli maraqlara tən gələn uzlaşdırıcı xarici siyasət qurmaq, ölkəni inkişaf relsinə çıxarmaq. Heydər Əliyevin bu yola başlayarkən dediyi sözlər tarix üçün həqiqət anı idi. Sonrakı mərhələdə Azərbaycanın qət etdiyi yolun mahiyyətini dərk etmək üçün həmin anın tezislərini diqqətlə oxumaq lazımdır.
Birinci tezis: Ermənistanın kənar havadarların köməyi ilə ölkəmizə qarşı apardığı işğalçılığı dayandırmaq üçün region ətrafındakı güclərlə balanslaşdırılmış münasibətlər qurmaq.
“Rusiya çox böyük dövlətdir, şimal qonşumuzdur. Rusiya ilə Azərbaycan arasında müstəqil prinsiplər əsasında münasibətlər daha geniş, səmərəli olmalıdır. Qonşu İran İslam Respublikası ilə münasibətlərimiz yaxşılaşdırılmalıdır. Amerika ilə münasibətlər inkişaf etdirilməlidir. Avropa ölkələri ilə əlaqələrimiz genişlənməlidir. Xüsusən İngiltərə, Fransa, Almaniya ilə”.
İkinci tezis: Qardaş Türkiyə ilə münasibətlər inkişaf etdirilməklə yanaşı, digər türkdilli ölkələrlə sıx əlaqələr qurulmalı, ümumtürk həmrəyliyi şüardan real əməkdaşlığa keçməlidir.
“Türkiyə Cümhuriyyəti ilə əlaqələr, şübhəsiz ki, önəmli yer tutur. Eyni zamanda keçmiş Sovetlər İttifaqına daxil olan türkdilli ölkələrlə əlaqələrimiz sürətlə inkişaf etməlidir. Bu əlaqələri qırmaq olmaz”.
Üçüncü tezis: Azərbaycan postsovet məkanındakı respublikalarla əlaqələri, geniş iqtisadi bağları olmuş münasibətləri inkişaf etdirilməlidir.
“Keçmiş Sovet İttifaqına daxil olan, indi müstəqil dövlət olan dövlətlərlə - Ukrayna, Belarus, Gürcüstan, Orta Asiya dövlətləri, Baltikyanı dövlətlər, Moldova ilə biz daha geniş əlaqələr yaratmalıyıq. Bizim üçün bu, çox lazımdır. Çünki bu dövlətlərlə iqtisadi, mədəni, insani əlaqələrimiz uzun illər çox yaxın olub”.
Dördüncü tezis: Azərbaycan dünyəvi, demokratik inkişaf yolunu seçib. Bu, strateji xətdir. Eyni zamanda müsəlman dünyası ilə tarixi-mədəni köklərə söykənən münasibətlər inkişaf etdirilməlidir. Şərqlə Qərb arasında körpü olmaq Azərbaycanın tarixi missiyasıdır.
“Azərbaycanda demokratik respublika quraraq, dünyəvi, bəşəri dəyərlərin hamısından istifadə etməliyik. Biz çalışmalıyıq ki, Azərbaycan dünyaya öz tarixi nailiyyətlərini, milli ənənələrini nümayiş etdirə bilsin. Bunun üçün elmimiz, mədəniyyətimiz, tarixi ənənələrimiz, dini mənbəyimiz olan İslam dini çox böyük əsas yaradır”.
Beləliklə, müdrik dövlət xadimi 15 iyun tarixli çıxışında ölkənin beynəlxalq münasibətlərinin başlıca istiqamətlərini bəyan etmişdi. Bu, realist və milli maraqları təmin edən siyasət idi. Azərbaycanın regional və beynəlxalq münasibətləri balanslı dəngələr üzərində qurulmağa başlandı.
Sirr deyil ki, Azərbaycanın Ermənistanla müharibədə zəif düşməsində düşmənin kənardan aldığı dəstəyin həlledici rolu olub. Təəssüf ki, müstəqilliyimizin ilk dövründə düşmənə edilən bu havadarlığı neytrallaşdırmaq üçün real siyasət yeritmək əvəzinə, meydan eyforiyası ilə davrandıq. Nəticədə Rusiya şimaldan, İran cənubdan Azərbaycana separatizm toxumları səpirdi. Qərblə münasibətlərdə, qeyd etdiyimiz kimi, Britaniyanın neft qoxulu diplomatiyası ağırlıq təşkil edirdi. Fransa “erməni dostu” elan edilmiş və xarici münasibətlər vektorundan silinmişdi. ABŞ hələ real olaraq Azərbaycana “gəlib çıxmamışdı”.
Qardaş Türkiyədən savayı digər türk respublikaları ilə münasibətlərin gözardı edilməsi bu istiqamətdə boşluqlara yol açmışdı. Qazaxıstanla, Özbəkistanla münasibətlər soyumuşdu. Müsəlman dünyası ilə münasibətlər qurulmamışdı. Bunun nəticəsi idi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında üç müsəlman ölkəsi olduğu halda, Qarabağa dair qətnamələrdə yalnız Pakistan bizə dəstək vermişdi. Halbuki, Azərbaycan formal olaraq 1991-ci ilin dekabrından 50-dək ölkəni birləşdirən İslam Konfransı Təşkilatının üzvü idi.

Gələcəyin “yol xəritəsi”

Heydər Əliyev addım-addım, səlis diplomatik gedişlərlə xarici siyasətdəki bütün bu boşluqları doldurdu. Öncə yaxın çevrədə münasibətlər möhkəmləndirildi. 1993-cü ilin sentyabrında Azərbaycan MDB-yə üzv oldu, ölkə bu formatda zəruri iqtisadi əlaqələrlə yanaşı, işğalçı Ermənistana qarşı ən azı siyasi tribuna əldə etdi. Bununla yanaşı, Rusiya ilə münasibətlər sahmanlanmağa başlandı. 1993-cü ilin dekabrında Heydər Əliyev Prezident postunda ilk xarici səfərini Parisə etdi. Erməni lobbisinin güclü olduğu, Avropada mühüm sözə malik Fransa tədricən Azərbaycanla yaxınlığın strateji dəyərini (o cümlədən neft layihələrində) gördü.
1994-cü ilin fevralında Türkiyəyə səfər edən ulu öndər iki ölkənin strateji tərəfdaşlığının tarixi formulunu bəyan etdi: «Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir». İstanbulda keçirilən türk sammitində Mərkəzi Asiya respublikaları ilə səmimi dostluq bağları quruldu. Yenə həmin il BMT TŞ-nin beş daimi üzvündən biri olan Çin Xalq Respublikasına səfərlə xarici siyasətin daha bir mühüm vektoru təmin edildi. Ardınca Belçikada NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına imza atıldı və Azərbaycanın Avroatlantika məkanına inteqrasiyasının təməli qoyuldu. Cənub qonşumuzla qarşılıqlı etimada söykənən münasibətlərə yol açan Tehran səfəri gerçəkləşdi. Səudiyyə Ərəbistanına səfər ərəb dünyası ilə sıx əlaqələrə zəmin yaratdı, Mərakeşdə gerçəkləşən İKT sammitində müsəlman ölkələri Qarabağ məsələsində Azərbaycana tam dəstək verdi.
Ümumilikdə bir ilin içində Azərbaycanın xarici siyasətində əsas dəngələr düzəldildi. Bu xüsusda 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi”ni ayrıca qeyd etmək gərəkdir. Heydər Əliyevin böyük strateq kimi tarixi uzaqgörənliyinin nəticəsi olan bu anlaşma Azərbaycanın təkcə iqtisadi dirçəlişinin deyil, uzunmüddətli beynəlxalq münasibətlərinin də “yol xəritəsi”dir. Azərbaycan bu müqaviləyə və digər neft-qaz layihələrinə ABŞ, Britaniya, Fransa başda olmaqla Qərb dövlətlərini, qonşu Rusiyanı, İranı, Türkiyəni, İslam dünyasında mühüm söz sahibi Səudiyyə Ərəbistanını, hətta uzaq Yaponiya və Çini cəlb etməklə enerji diplomatiyasını xarici siyasətdə əsas güc alətinə çevirdi. Çağdaş dünyada iqtisadi qüdrət hər şeydən üstündür, o bərabərində digər imkanları da gətirir.
Məhz bunun sayəsində Azərbaycan "Böyük İpək Yolu"nun dirçəliş mərkəzidir. Şərqli-qərbli, müsəlman və xristian dünyasından 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçildi. Vaxtilə ölkəmizin lehinə söz deməyə bir nəfərin tapılmadığı ABŞ Konqresində “Azərbaycan dostları” qrupunun 60-dan çox üzvü var. Bu gün mədəniyyətlər ölkəmizdə bir araya gəlir, dialoq qurur. Azərbaycanın bir nömrəli probleminin həllində də son sözü güc deyəcək.
Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin iclasında bunu bir daha bəyan etdi: “Heç kim üçün sirr deyil, bu gün dünyada əsas amil güc amilidir. Bu, reallıqdır. Ona görə biz daha da güclü olmalıyıq”. Bu gücü həm iqtisadi potensial, həm qüdrətli ordu, həm də çevik, dövrün çağırışlarına cavab verən diplomatiya təmin edir.

Vüqar Əliyev

Yazı Azərbaycan Mətbuat Şurasının «Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda müsabiqəsinə təqdim edilir.