Novruz bir dünyagörüşü sistemidir

Yüz illərdir ki, Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi martın 20-si və 21-i günlərində qeyd olunur. Bəs müasir elmə məlum olan astronomik bilikləri insanlar əsrlər öncə necə dəqiq hesablamağı bacarırdılar? Bu sualla AMEA Folklor İnstitutunun mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyevə müraciət etdik. Həmsöhbətimiz bildirdi ki, Novruz bir dünyagörüşü sistemidir. Bu bayram xalqın dünyaya, təbiətə, həyata obrazlı baxışının nəticəsi olaraq insanın dünyanı, təbiəti dərk etmək istəyindən doğub: “Novruz bayramının tarixi çox qədimlərə gedib çıxır. Hətta deyərdim ki, onun tarixi dünya yaranandan başlayır. İnsanlar qışın əzabından, soyuğundan, qıtlığından qurtulub yazın istisinə, bol meyvələri, rahat azuqənin təməlini qoymaq üçün əkin işlərinə başlamağı səbirsizliklə gözləyirdilər. Bu vaxtın yetişməsi onların uzun illər apardıqları müşahidələrin, Günəşin hərəkətini izləmələrinin nəticəsi olaraq formalaşırdı. Aparılan bu müşahidələr nəticəsində zaman keçdikcə elm inkişaf edir, insanlar günün, ayın, ilin hesablama qaydasını dəqiqliklə öyrənirdilər”.
Qeyd edək ki, Novruz bayramının keçirilməsi haqqında tarixi mənbələrdə xeyli məlumatlar var. XVII əsrdə məşhur alman diplomatı və səyyahı Adam Oleari Şamaxıda olarkən bayramın keçirildiyinin şahidi olur o mərasimləri belə xatırlayır: “Bütün insanlar küçələrə yığışmışdılar. Hamı Novruzun daxil olmasını gözləyirdilər. Abdulla xanın yanında olan bir nəfər öz qonomonu ilə (durbin) tez-tez Günəşin hərəkətini müşahidə edirdi. Günəş şimal yarımkürəsindən qoç bürcünə daxil olan kimi yaz girmiş hesab olunurdu. Hamı sevinclə Novruzu qarşıladı. Novruz bayramının topu atıldı. Yaylım atəşləri açıldı”.
Bayrama hazırlığın başlanğıc mərhələsi olan Boz ayın çillə və çərşənbə görüşləri ilə bağlı o qədər zəngin ayinlər, etiqadlar mövcuddur ki, onlar Novruzun yeni il bayramı kimi mahiyyətini dərk etməyə kifayət qədər əsas verir. Müsahibimiz bildirir ki, ilaxır çərşənbələr Novruzun gəlişinin müjdəçisidir. Bu çərşənbələr sanki Novruz bayramının anasıdır: “Novruz” fars dilində iki sözün - “nou” yeni, “ruz” gün sözlərinin birləşməsindən yaranıb və hərfi mənası yeni gün, yeni həyatın başlanması deməkdir. Yeni həyat mifologiyada, dini dünyagörüşdə dörd yaradıcı ünsürün qovuşmasının, vəhdətinin əsasında yaranır. Bunlar da su, od, yel, torpaq ünsürləridir. Yəni ilaxır çərşənbələrin hər biri özlüyündə yaradıcı ünsürləri simvollaşdırır. Bu dörd çərşənbə qurtarır, onların vəhdəti və harmoniyasının nəticəsi kimi təbiətə yaz fəsli - yeni həyat gəlir. Beləliklə, sanki ilaxır çərşənbələr Novruz bayramını dünyaya gətirir”.
Ümumilikdə Novruz bayramı böyük mərasimlər kompleksinə malikdir ki, onların da ayrılmaz hissəsi ilaxır çərşənbələr hesab olunur. Bir sıra Şərq xalqları yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Novruz rituallarında xalqımızın təbiət hadisələri barədə əski görüşləri, onun əmək və məişət həyatını geniş bədii-fəlsəfi lövhələrdə əksini tapır. Bəziləri bu bayramı bir çox dini və tarixi hadisələrlə bağlayırlar. Bəzi rəvayətlərə görə isə Novruz şahların bayramı olub. Amma həmsöhbətimiz bu bayramın hansısa din və ya şəxslə bağlanılmasını düzgün hesab etmir.
Novruz bahar bayramı olduğu üçün onu ekvatordan şimalda (şimal yarımkürəsində) yaşayan xalqlar qeyd edirlər. Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Əfqanıstan, Tacikistan və digər ölkələr də baharın gəlişini təntənə ilə bayram edir.

Fariz Hüseynov