İnformasiya cəmiyyəti və biliklər cəmiyyətinin qurulması kontekstində

Lətifə Məmmədova
Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri


(Əvvəli ötən sayımızda)

Sosioloji tədqiqatlar göstərir ki, cəmiyyətin informasiya cəmiyyəti, dövlətin isə intellektual dövlət olmasından ötrü minimum aşağıdakı şərtlərə əməl edilməlidir:
· informasiya cəmiyyətinin yaşlı əhalisi 40-60 faiz ali təhsilli vətəndaşlardan ibarət olmalıdır;
· informasiya cəmiyyətində elmi işçilərin sayı əhalinin ümumi miqdarının 2-5 faizini, yəni işləyən vətəndaşların sayının 5-10 faizini təşkil etməlidir;
Ekspertlər informasiya cəmiyyətinin inkişafı üçün başlıca maneələrdən biri kimi qloballaşmanın neqativ nəticələrini göstərirlər. Qloballaşmanı əməkdaşlıq, birləşmə, maneələri dəfetmə maraqları yaratmışdır və bu mənada mütərəqqi prosesi təmsil edir. Lakin burada milli mədəniyyətlərin sərhədləri dağılır, standartlaşdırma isə unifikasiyaya gətirib çıxarır. Bu, mədəni eyniyyətin itirilməsi ilə nəticələnə bilər, yerli mədəniyyət və etnosların mövcudluğu üçün birbaşa təhlükəlidir. Antiqlobalizm və “yeni regionalizm” bu meyllərə cavabdır.
İnformasiya cəmiyyətinin əsas humanitar problemlərinə müasir baxışlar informasiya cəmiyyəti üzrə Ümumdünya Sammitində qəbul edilmiş sənədlərdə əks olunmuşdur. Bu sənədlərdə elə cəmiyyət qurulması qərara alınmışdır ki, “burada hər bir kəs informasiya və kommunikasiya texnologiyalarının (İKT) təqdim etdiyi imkanlardan istifadə edə bilsin”. İctimai inkişaf strategiyasının mühüm prinsiplərindən aşağıdakıları göstərmək olar:
· informasiya və kommunikasiya infrastrukturları və texnologiyalarına, həmçinin informasiya və biliklərə çıxışın genişləndirilməsi;
· intellektual, informasiya və mədəni potensialın artırılması;
· mədəni müxtəlifliyə yardım;
· beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi və s.
Cəmiyyətin inkişafının mümkün variantlarından biri UNESCO sənədlərində təklif olunmuşdur. O, “dünya informasiya cəmiyyətinin yox, biliklər cəmiyyəti konsepsiyasının irəliləyişini nəzərdə tutur, belə ki, informasiya axınının adi artırılması heç də həmişə biliyin təltif etdiyi yeni inkişaf imkanlarının meydana çıxmasına gətirib çıxarmır”. Ədalətli biliklər cəmiyyətinin qurulmasının vacib şərtləri aşağıdakılardır:
· informasiya və kommunikasiya infrastrukturunun və İKT tətbiqi üçün əlverişli mühitin inkişaf etdirilməsi;
· ictimai sərvət olan informasiyanın hamıya açıq olması;
· mədəni və dil müxtəlifliyinin təmin edilməsi, mədəni orijinallıq və yerli kontentin inkişaf etdirilməsi;
· informasiya və intellektual potensialın artırılması, o cümlədən təhsilə bərabər buraxılışın təşkili yolu ilə;
· beynəlxalq və regional əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi və s.
Biliklər cəmiyyətinin qurulmasının zəruri iştirakçıları içərisində kitabxanaların adları çəkilmişdir. “Kitabxanalar və informasiya xidmətləri istənilən daşıyıcıda və sərhədlərdən asılı olmayaraq informasiya, ideya və yaradıcı işlərin açıqlığını təmin etməklə, intellektual azadlıq üçün şərait yaradırlar. Onlar hər hansı senzura forması ilə mübarizə apararaq demokratik dəyərlər və ümumi vətəndaş hüquqlarının saxlanmasına kömək edirlər”. Kitabxanalar formalaşan bilik cəmiyyətinin kommunikasiya infrastrukturuna hamıya açıq olan İKT-nin ümumi məntəqələri rolunda daxil edilmişdir ki, bu da “infrastruktur və xidmətlərin universal açıqlığının təmin edilməsinin səmərəli üsuludur”.
Kitabxanaların nadir (bənzərsiz, unikal - müəllif) rolu ondan ibarətdir ki, onlar insanların konkret suallarına və ehtiyaclarına reaksiya verirlər. Bu, biliklərin KİV vasitəsilə verilməsini tamamlayır və kitabxanaları demokratik, açıq bilik cəmiyyəti üçün həyati vacib edir. Kitabxanalar vətəndaşları məlumatlandırmaq, idarəetmənin şəffaflığı həmçinin “elektron hökumət” yaradılmasından ötrü vacibdir: İKT-nın köməyi ilə dövlət informasiyanın ictimaiyyətə açıqlığını təşkil etməklə, onlar vətəndaşların hakimiyyətlə interaktiv dialoqunu qaydaya salırlar.
Ayrı-ayrı resursların hamıya açıqlığının kommersiya məhdudluğunun təhlükəsi mövcud olan zaman, cəmiyyətin informasiya baxımından zəngin və yoxsul təbəqələri arasında uçurumun dərinləşməsinə aparıb çıxarır. Kitabxanalar bu təhlükəni neytrallaşdırır və informasiya infrastrukturunun qeyri-bərabər inkişafında yaranmış disproporsiyanı aradan qaldırmağa kömək edirlər.

II. Regional kitabxanalar: məqsəd və problemlər

Kitabxana dünyası böyükdür. Qiymətləndirmə məlumatlarına görə Avropa İttifaqının üzvü olan indiki dövlətlərin ərazisində 90 min kitabxana var, UNESCO-nun məlumatlarına görə isə dünyada 500 mindən artıq kitabxana və kitabxana xidməti məntəqəsi fəaliyyət göstərir. Onların arasında regional kitabxanalar xüsusi yer tutur. Müasir regional kitabxanaların əksəriyyəti özlərinin başlıca təyinatını bunda görürlər:
· gələcək nəsillər üçün öz regionu haqqında imkan daxilində tam sənədli informasiya formalaşdırmaq və qoruyub saxlamaq (diyarşünaslıq);
· informasiya və sənədlərə sərbəst çıxışı reallaşdırmaq, öz regionunun sakinlərini elm və mədəniyyətin nailiyyətləri və dəyərlərinə yiyələnmək üçün şəraiti təmin etmək.
Regional kitabxanalar mədəni irsin qorunması və onun hamının üzünə açıqlığının təmin edilməsinə görə xüsusi məsuliyyət daşıyırlar. Onlar öz ərazilərinin kitabxana-informasiya fondunu yaradırlar.
İdarə olunmayan informasiya axınında kitabxanalar bilikləri qoruyub saxlayan və translyasiya edən institusiya qismində çıxış edir və bununla da elektron nəşrlərin uzunmüddətli standartlarına riayət edilməsinə, elektron mühitinin sabitliyinə təminat verir. Bu kitabxanalara mərkəzi kitabxana statusu verilir. Bir sıra əlamətlər regional kitabxananın spesifikasını təşkil edir:
- müəyyən ərazinin mənafeyinə tabelik;
- regional fəaliyyətinin miqyası;
- region ərazisində və onun haqqında nəşr olunmuş sənədlərin toplanması, saxlanması və ictimai istifadəyə verilməsinə görə məsuliyyət;
- diyarşünaslıq informasiya resurslarının yaradılması və onun açıqlığının təmin edilməsi;
- müvafiq əraziyə maliyyə və inzibati mənsubiyyəti.
Regional kitabxanalar özlərinin nadir fondlarını rəqəmsallaşdırılması ilə məşğul olur, bundan ötrü bu kitabxanalar milli elektron kitabxana yaratma proqramlarında iştirak edirlər.
Regional kitabxananın fəaliyyətinin mühüm istiqamətlərindən biri də kitabxana diyarşünaslığıdır. O, xarici ətraf aləmin regional kitabxanaya və onun informasiya resurslarına marağını müəyyənləşdirir. Elektron diyarşünaslıq ehtiyatlarının yaradılması, onun hamıya açıq olmasının təşkil edilməsi regional kitabxanalar tərəfindən Azərbaycanın vahid informasiya məkanının regional seqmentinin formalaşmasında iştirak kimi nəzərdən keçirilir. Diyarşünaslıq sahəsində maarifçilik və diyarşünaslıq biliklərinin istehsalı regionun kitabxanasını zəngin sənədli irsin təhsil və elmi mühitə daxil edilməsi, sakinlərdə öz regionuna bağlılıq hissini formalaşdırmağa, onun mədəni bənzərsizliyinin dəstəklənməsinə yönəldilmiş mədəni siyasətin aktiv subyekti edir.
Mərkəzi regional kitabxana regional təhsil komponentinin informasiya bazasını verir və bununla da ənənəvi maarifləndirici funksiyanı tamamlayır. O, ərazinin informasiya məkanının bütövlüyünü təmin edir.
Mövcud informasiya şəbəkəsinə çıxış hər bir vətəndaşa regional kitabxanalar vasitəsilə interaktiv rejimdə digər kitabxanalar, arxivlər, muzeylər, KİV-lərlə qarşılıqlı fəaliyyət göstərməyə imkan verir. Müxtəlif biliklərin daxilində və onların arasında miqyasından asılı olmayaraq, əlaqə üçün imkan yaranır. Kitabxana istifadəçilərinə tələb olunan açıq hüquqi, yaxud sosial informasiya təqdim etməklə, hakimiyyət və vətəndaş arasında vasitəçilik funksiyasını yerinə yetirir. O ən müxtəlif informasiyanın əldə edilməsini təmin etməklə, əhalinin mühüm problemlərin müzakirəsində və qərarlar qəbul edilməsində iştirakına kömək edir. Bununla da kitabxana dövlətin və onun demokratik təsisatlarının sabit mövcudluğunun təminetmə alətlərindən birinə çevrilir.
“Hamıya açıq kitabxanalar əsasında hüquqi informasiyanın mərkəzlərinin şəbəkəsinin yaradılması” proqramı çərçivəsində Azərbaycanın təcrübəsi buna bariz sübutdur. Buna misal olaraq C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının hüquqi informasiya mərkəzi kimi iş təcrübəsinin regionlarda yayılmasıdır.
Bir sıra regional kitabxanalarda (Gəncə, Quba, Qusar, Salyan və s.) hüquqi informasiya mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlərin fəaliyyəti hüquqi və digər rəsmi informasiyanı hamıya yetərli olunmasının təmin edir. Mərkəzlərin işi əhaliyə operativ, keyfiyyətli xidmət, hüquq mədəniyyətinin formalaşması və əhalidə hüquq düşüncəsinin inkişaf etdirilməsi, insan hüquqları sahəsində biliklərin genişləndirilməsini təmin edir.
Kitabxanalar köhnə üsullarla böyük informasiya axınının öhdəsindən gələ bilmədiklərinə görə bu onların müasir dövrün tələbləri ilə ayaqlaşa bilməmək təhlükəsini doğurmuşdur. Kitabxanaların informasiyalaşdırılması məsələsinin gündəliyə gəlməsinə də səbəb budur. İKT-nin kitabxana təcrübəsinə tətbiqi qarışıq, “hibrid” tipli kitabxana modellərinin yaranmasına səbəb olmuşdur. Bu elə bir fiziki yerə çevrilir ki, orada kitabxana fondları saxlanılır, çap formasında və ya digər daşıyıcılarda olan informasiyanın açıqlığı təmin olunur. “Hibrid” kitabxana modelinin elementləri Azərbaycanın regional kitabxanalarında da reallaşır: biblioqrafiya və problem yönümlü məlumatlar bazası, elektron kolleksiyalar formalaşdırılır, elektron rabitə vasitələri və kitabxana saytları vasitəsilə (sənədlərin elektron çatdırılması, virtual arayış xidməti və s.) istifadəçilərə informasiya xidməti göstərir.
Müasir regional kitabxana öz ərazisi üçün elm və mədəniyyət sahəsində dünya prosesləri haqqında mühüm informasiya kanalıdır. Regional kitabxanalar milli mədəniyyətin qorunmasını, bilik və kommunikasiyaların ən mürəkkəb və təmizlənmiş formalarının mövcudluğunu təmin edir. Regional kitabxanalar mədəni mərkəzlər kimi:
- yerli mədəniyyətin öyrənilməsi, saxlanılması və qorunmasını inkişaf etdirir və himayə edir;
- milli - mədəni dəyərlərin yayılması və digər mədəniyyətlərlə tanışlığa kömək edir;
- mədəniyyətlərarası dialoqun təşkilinə kömək edir;
- fərdi və kollektiv yaradıcılıq üçün şərait yaradır.
Ənənəvi mədəni funksiya hər bir insanın və cəmiyyətin öz-özünü eyniləşdirmə və öz mədəniyyətini irəli çəkmə ilə bağlı göstərdiyi böyük səylər (qloballaşma şəraitində) hesabına güclənir. Regional kitabxanalarda bu nöqteyi-nəzərdən hədsiz-hüdudsuz potensiala malik nadir diyarşünaslıq fondları cəmlənmişdir.
Regional kitabxanalar doğma diyar barədə biliklərin yayılması ilə məşğul olur, ona məhəbbət, tarixi keçmişinə görə qürur hissi tərbiyə edir. Burada yerli yazıçıların əsərlərinin təqdimat mərasimləri keçirilir, regional kitabxanalar muzeylərlə əməkdaşlıq nəticəsində xalq sənətinin tanınmış ustalarının əsərlərinin, ən yaxşı nümunələrinin sərgilərini təşkil edir.
Regional kitabxanalar milli və regional kitab mədəniyyəti irsini qoruyub saxlayır: burada diyarşünaslıq ədəbiyyatı və “kitab abidələri” kolleksiyasının xüsusilə dəyərli hissələrinə aid sənədlərin biblioqrafiyasının tərtib edilməsi, konservasiyası və təhlükəsiz surətlərinin yaradılması aparılır. Regional kitabxanalar, bir tərəfdən, yerli mədəniyyətin bənzərsizliyinin formalaşması və inkişafına kömək edir, onun ənənələrini yaşadır, digər tərəfdən, bütün mədəni müxtəlifliyi əks etdirir, mədəniyyətlərarası kommunikasiyalar üçün şərait yaradır. Azərbaycanın bir sıra regional kitabxanalarında Amerika mərkəzləri və guşələri açılmışdır ki, burada həmin ölkələrin həyatı barədə məlumat verilir, onların nümayəndələri ilə görüşmək, xarici dilləri öyrənmək imkanı yaradılır.
Regional kitabxanalarda qiraət mərkəzləri təşkil olunmalı və onların başlıca məqsədi oxucu aksiyalarını keçirmək (regional qiraət müsabiqələri, bayramları və festivalları, “oxucuların benefisləri”, oxucu marafonları), kitabxanalarda kitab və qiraətin irəliləməsinin əlaqələndirilməsi və metodiki yardımdır. Bu gün regionun mərkəzi kitabxanası nəinki kitabxana işinin əlaqələndiricisi, metodiki və elmi-tədqiqat mərkəzi, həm də kitabxana işinin avtomatlaşdırma vasitələrinin işlənməsi və tətbiqi mərkəzidir. Metodiki mərkəz bütün region kitabxanalarının resurs mərkəzinə çevrilir. Sonuncu onların peşə fəallığını stimullaşdırır və real qarşılıqlı fəaliyyətə cəlb edir: məhz regional kitabxana bir çox şəbəkə layihələrinin təşəbbüskar olmalı və onları əlaqələndirilməli, regional kitabxana siyasətinin formalaşdırılmasında iştirak etməlidir. O, kitabxana birliyini ölkədaxili və beynəlxalq tədbirlərdə təmsil etməlidir.
Kitabxana-informasiya və biliklərin açıqlığını təşkil etməklə fərdin maddi vəziyyətindən asılı olmayaraq, təhsil almanın təminatçılarından biridir. O, özünəməxsus tərzdə müasir dövrün destruktiv təzahürlərinə - milli separatizmə, aqressiv mədəni köhnəliyə və “kütləvi” mədəniyyət adlandırılan təcavüzün yayılmasına, anomiyaya müqavimət göstərilməsinə yardımçı olur.
Bütövlükdə, müasir regional kitabxana biliklər cəmiyyətinin nəinki mühüm, həm də müəyyənedici struktur elementinə çevrilir. Regional kitabxana diyarşünaslıq sənədləri fondları, elektron diyarşünaslıq kolleksiyaları təşkil etməklə mədəni və dil müxtəlifliyinin təmin edilməsinə, mədəni bənzərsizliyin və yerli kontentin inkişafına mühüm töhfə vermiş olur. Kitabxana fondlarının informasiyalaşdırılması vacib strateji resursa çevrilir, kitabxananın özü isə cəmiyyətin intellektuallaşdırılması, regional elmin, təhsil və mədəniyyətin inkişafı prosesində mərkəzi yer tutur. İnformasiya savadını yaymaqla, həm ənənəvi üsul, həm də şəbəkə İT-dən istifadə etməklə xidmətlər göstərən regional kitabxana “rəqəmsal bərabərsizliyini” aradan qaldırmağa kömək edir. Müasir dövrün aktual problemlərinin həllinə kömək etməklə kitabxana biliklər cəmiyyətinin təşəkkül tapması üçün zəruri sosial dəyişikliklərin katalizatoruna çevrilir.