Üstündən yüz il ötsə də, köhnə qitənin mədəni niqab altındakı gerçək siması dəyişməyib

 

“Mədəni ingilislər XX əsrdə də adam öldürməkdən əl götürməyiblər. Özü də kimi öldürür? Sahibsiz, başsız, əl-ayaqsız əhalini! Harada öldürür? Misirlilərin sahibsiz qalmış öz vətənlərində. Təəccüb burasıdır: ingilis hökumətinin belə vəhşi yırtıcılığına azad və mədəni ingilis parlamenti bir söz belə deməyib. Bu isə mədəniyyət üçün nə böyük bir istehzadır. Hürriyyət pərəstarı adlanan ingilis qəzetindən ötrü ...bu adi və etiraza layiq olmayan bir hadisə kimi görünur... Bu isə “liberalizm” sözünü ayaq altına salıb tapdalamaq deyilmi!?”.

 

Üzeyir Hacıbəyli bunu 1906-cı ilin 29 iyununda “İrşad” qəzetində çap etdirdiyi məqaləsində yazıb. Üstündən 109 il ötüb, amma elə bil indiyə aiddir. Son bir neçə ildə Yaxın Şərqdə, Şimali Afrikada - Suriyada, İraqda, Liviyada və Üzeyir bəyin bəhs etdiyi Misirdə baş verənləri və Avropanın öndə gedən dövlətlərinin aktiv müdaxiləsi ilə həyata keçirilən “ərəb baharı”nın doğurduğu müdhiş insanlıq dramını göz önünə gətirib bütün bunlara indiki liberal ingilis (oxu: Avropa) mediasının, bəşəri dəyərləri əldə bayraq edən Avropa Parlamentinin necə yanaşdığına baxaq. Gerçəkdən dəyişən bir şey yoxdur.

Demokratiya, insan haqları pərdəsi altında əksərən müsəlmanların yaşadığı nəhəng bir coğrafiya qan çanağına çevrilib, yüz minlərlə insan xarabazar yurdundan didərgin düşüb, ən adi təməl insan hüququnu - yaşamaq haqqını Avropada tapmaq ümidi ilə buraya köç edən binəvaların qarşısına ordu hissələri, əlləri köpəkli polis dəstələri çıxarılır. Bəzi Avropa ölkələri bu insanlıq dramına qarşı sərhəd divarı hörməyə başlayıb.

Bəs sərhədsiz Avropa, dünənəcən cənub, şərq sərhədləri boyunca ölkələrə münasibətdə “Yaxın qonşuluq siyasəti” yürütmək istədiklərini deyən Avropa parlamentarları? Ya azad, hürr sayılan Avropa mediası? Onlar haradadır? Fransanın islamofobiya yayan satirik jurnalının ölümü gözə alıb Avropaya pənah aparan və Egey dənizinin dalğalarında həyatını itirən suriyalı qaçqınları, 3 yaşlı çocuğun meyitini belə ikrah doğuran tərzdə lağa qoyması, macar telejurnalistin kameraların qarşısında polisin təqibindən qaçan uşağı təpiklə vurması, qucağında körpəsi olan ataya badalaq atması - budur Avropa mediasının gözə girən mənzərəsi...

* * *

Çağdaş dünyanın ən böyük mənəvi ehtiyacı qarşılıqlı şəfqət, xeyirxahlıq, səndən fərqli olanı özündən biri kimi görmək, anlaşma, dialoqdur. Bunu səmavi dinlərin hamısı əsrlər öncə bəyan edib. Yüz illər əvvəllərdən bu günədək Şərqin də, Qərbin də böyük ziya sahibləri bunu yazır, deyir.

Azərbaycan da tarixən bu dəyərlərin təşəkkül tapdığı diyar olub. Dünyanın dörd yanından tədqiqatçılar, siyasilər, dövlət adamları tolerantlıq mühitinin nümunəsini görmək, dialoq yollarını qovuşdurmaq, mədəniyyətləri paylaşmaq üçün bu torpaqda bir araya gəlirlər. Məgər bu təsadüfdürmü? Əlbəttə, deyil. Çünki tariximizdə zamanın sınağından keçmiş bir mənəviyyat qatı var. Son tikəsini qonşusu, müsafiri ilə bölüşəcək qədər alicənab və qonaqpərvər olan Azərbaycan xalqının mənəviyyatı.

Dünyanın ən qədim xristian məbədlərindən biri (Kiş məbədi) Azərbaycandadır. Dünyanın ən qədim məscidlərindən biri 743-cü ildə bu torpaqda (Şamaxı) ucaldılıb. Hələ XIX əsrin sonunda məscidlərin alman kirxası, polyak katolik kilsəsi, yəhudi sinaqoqu və pravoslav məbədləri ilə yanaşı olduğu Bakı, indiki terminlə desək, multikulturalizmin mərkəzinə çevrilmişdi.

Və bütün bunları görən Üzeyir bəy Avropada bəşəriliyin ayaq altına atılmasından təəssüflə yazırdı. Çünki o, bəşəriyyətin sabahını mədəniyyətlərin qarşılıqlı zənginləşməsində görürdü. Minbərlərdən ucalan azan sədasının kilsə zənglərinin səsinə qarışdığı, muğam zəngulələri ilə klassik musiqinin həmahəng olduğu bu şəhərdə Üzeyir Hacıbəylinin 1908-ci ildə yaratdığı ilk muğam operası da Şərq və Qərb mədəniyyətlərinin qovuşması idi.

Azərbaycan xalqının mənəviyyatındakı tolerantlıq qatı XX əsrin əvvəlində milli dəyərləri saxlamaqla modernləşmə xətti seçmiş ziyalı fikrimizin məhək daşı oldu. Əli bəy Hüseynzadənin “türkçülük, çağdaşlıq və islamiyyət” məfkurəsi üzərində təməl tapan Azərbaycan Xalq Cümhuriyyəti sivilizasiyalararası dialoqun bir ölkə timsalında təcəssümü idi. Müsəlman dünyasında ilk parlamentli respublika quran Azərbaycan xalqı ziddiyyət girdabındakı Qərb-Şərq münasibətlərinə yeni örnək bəxş etdi. Xalq Cümhuriyyəti parlamentarizm tarixi əsrlərlə ölçülən Avropadan öncə gender bərabərliyini bəyan etdi, qadınlara seçki hüququ verdi.

* * *

XX əsrin sonunda müstəqilliyini bərpa edən Azərbaycan tarixi dəyərlərinə də sahib çıxdı. 1998-ci ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə Bakıda “Böyük İpək Yolu”na həsr olunmuş beynəlxalq konfransın keçirilməsi ölkəmizin Şərq-Qərb, Avropa-Asiya inteqrasiyasına töhfəsi oldu. Bu, tarixi İpək Yolu üzərində yerləşən xalqlar, fərqli mədəniyyətlər arasında dialoqa meydan açılması idi. Təsadüfi deyil ki, bundan sonra ölkəmizin ev sahibliyi ilə gerçəkləşən beynəlxalq mədəniyyət tədbirləri nəhəng coğrafiyada inteqrativ missiya üzərində köklənir. Ulu öndərin uzaqgörənliyi sayəsində Azərbaycan mədəniyyətlərarası dialoqda oynadığı rolunu beynəlxalq müstəviyə keçirdi.

2008-ci ilin dekabrında Bakı Avropa Şurası ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda konfransa ev sahibliyi etdi. Azərbaycan bu tədbirə bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal mədəniyyətlərarası dialoqa pəncərə açdı. Konfransda çıxış edən Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü: “Bütün bu təşəbbüslər bir məqsəd güdür: dünyada sülh bərqərar olunsun, əmin-amanlıq olsun, sivilizasiyalar arasında dialoq daha da möhkəmlənsin”.

2011-ci ildə Bakı tarixdə ilk dəfə olaraq Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdi. Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO, Avropa Şurası və Dünya Turizm Təşkilatının dəstək verdiyi unikal dialoq platformasına çevrildi. Beş qitənin 80-dən çox ölkəsinin təmsil olunduğu I Forumun açılış sessiyasının mövzusu təməl məqsədi ifadə edirdi: “Sərhədsiz dünyaya doğru”.

2013-cü ilin 30 may - 1 iyun tarixlərində Bakıda gerçəkləşən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu 90-dan çox ölkənin təmsilçilərini bir araya gətirməklə öz miqyasını bir daha sübut etdi. Forumun devizi bəşəriyyətin müştərək gələcəyinə ünvanlanmışdı: “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama”.

18-19 may 2015-ci il tarixində 100 ölkədən 500-dən çox nümayəndənin iştirakı ilə keçirilən III Forumunun çağırışı da çağdaş dünyanın gündəmi sayıla bilər: “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq”.

Prezident İlham Əliyev III Forumdakı nitqində bu məqamı xüsusi vurğuladı: “Azərbaycan xalqları, sivilizasiyaları bir araya gətirməyə çalışır. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi yaşamışlar. Bu, bizim böyük sərvətimizdir. Azərbaycan kimi ölkələrin nümunəsi yaxşı göstəricidir ki, multikulturalizm yaşayır və biz müsbət meylləri stimullaşdırmalıyıq. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”.

Bu gün Avropada baş qaldıran şovinizm, islam düşmənçiliyi, ölümdən qaçan insanlara qarşı divar hörülməsi bunun bariz nümunəsidir. Bu proseslər fonunda Avropa İttifaqının 2008-ci ildə təntənə ilə elan etdiyi “Mədəniyyətlərarası dialoq ili” artıq tarixi anaxronizm kimi görünür.

Necə ki, Avropa İttifaqının elə həmin ildə bəyan etdiyi “Şərq Tərəfdaşlığı” proqramı da bu gün artıq siyasi riyakarlıq anlamı qazanıb.

* * *

Azərbaycan bu təşəbbüsü ilk başdan dəstəkləmiş və “Şərq Tərəfdaşlığı”na aktiv qoşulmuşdu. Çünki hər zaman dünyaya açılım tərəfdarı olub. Xalqımızın tarixi, mənəviyyatı, dahi şəxsiyyətlərimizin mədəniyyətləri zənginləşdirən fəaliyyəti buna örnəkdir. Mirzə Fətəlinin fransız Molyerdən bəhrələnərək yazdığı komediyalar milli dramaturgiyamızın təməli olmaqla bərabər, Azərbaycan ziyalı fikrinin Avropaya dialoq mesajı idi. Üzeyir bəy Avropanın musiqi janrlarını (opera, operetta) ilk dəfə Azərbaycan və müsəlman Şərq musiqi aləminə gətirdi, onları mili musiqi ilə zənginləşdirərək yaratdığı inciləri yenidən Avropa və dünya musiqi xəzinəsinə bəxş etdi. Qara Qarayevin, Fikrət Əmirovun, digər bəstəkarlarımızın əsərlərinin Avropa səhnələrində, Avropa bəstəkarlarının musiqilərinin Azərbaycanda səslənməsi mədəniyyətlərarası dialoq deyilmi?

Bu gün biz öz musiqimizi, bəstəkarlarımızı sevdiyimiz kimi, italyan, alman, fransız bəstəkarlarını, polyak Şopeni, çex Dvorjakı, macar Listi də rəğbətlə dinləyirik. Bakıda öz dahilərimizlə yanaşı, Motsarta, Eneskuya, digər Avropa dahilərinə də heykəllər ucaldırıq. Azərbaycan qədər ikinci müsəlman ölkəsi tapılmaz ki, teatrlarının repertuarı Avropa müəlliflərinin əsərləri ilə bu qədər zəngin olsun.

Bütün bunlar bizim Avropaya, dünyaya baxışımızdır. Məhz buna görədir ki, Azərbaycana dünyanın hər hansı məkanından gələn şəxs istər dünyagörüşü, dini baxışları, istərsə də digər fərqli cəhətləri ilə burada özünü yad hiss etmir. Azərbaycanın tolerant cəmiyyəti istənilən əcnəbiyə burada tamamilə komplekssiz, rahat olmağa imkan verir.

Amma rahatsız olanlar da var. Onlar Avropa Parlamentində, alman Bundestaqında, ingilis Lordlar Palatasında, digər siyasi salonlarda əyləşən, siyasi marağına tərs gələn hər şeyə etiraz çəpiyi çalanlardır. Onlar qitənin enerji təchizatında önəmli rol oynayan, Avropa ölkələrinə sərmayələr qoyan, beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edən, BMT Təhlükəsizlik Şurasında yer alan ölkəni görmək istəmirlər. Avropa İttifaqını xristian klubu kimi görən üzdə liberal, astarda Üzeyir bəyin yazdığı kimi, liberalizmə, mədəniyyətə istehza olan qüvvələr Azərbaycan kimi inkişaf edən, öz imkanları ilə irəli gedən bir müsəlman dövlətini yanlarında görməyə tab gətirə bilmirlər.

Ölkəmiz gücləndikcə belə qüvvələr də anti-Azərbaycan kampaniyalarını genişləndirirlər. 2012-ci ildə Azərbaycan Avropanın ən böyük musiqi yarışmasına ev sahibliyi edəndə, 2014-cü ildə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həyata keçirəndə, 2015-ci ildə ilk Avropa Oyunlarını qəbul edəndə də bu kampaniyanın, qısqanclığın şahidi olduq və bu gün də buna şahidik.

Amma Azərbaycanın Avropaya əl uzatması, Avropa Şurasına üzv olması, 60-a yaxın konvensiyaya qoşulması beynəlxalq arenada kiməsə xoş gəlmək üçün atılan addımlar deyil. Bu, bizim özümüzün strateji seçimimizdir və Azərbaycanı modern, güclü, rifahlı dövlətə çevirmək istəyimizdən irəli gəlir.

Biz heç bir ölkə və təşkilatla qarşıdurma siyasəti aparmaq istəmirik. Amma bu o demək deyil ki, ölkəmiz milli maraqlarının müdafiəsindən geri duracaq.

Prezident İlham Əliyev bunu birmənalı şəkildə ifadə etmişdir: “Biz qarşıdurma siyasəti aparmaq niyyətində deyilik. Amma hər bir qarşıdurmaya hazırıq. Lazım gəldikdə sözümüzü deyirik, maraqlarımızı müdafiə edirik. Bütün beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi daim ifadə edirik və edəcəyik. Çünki biz həqiqəti deyirik və bu bəzilərinin xoşuna gəlmir. Bu, onların işidir. Ancaq bu məsələ bizi ümumi hədəfdən döndərməməlidir. Bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməyimizdir”.

Bu Avropa ilə də olar, Avropasız da...

 

Vüqar Əliyev,

“Mədəniyyət” qəzetinin redaktoru