Ölkəmiz üçün bir sıra əlamətdar hadisələrlə zəngin olan daha bir il başa çatır. 2015-ci ildə respublikamızın inkişafı keçirilən mədəniyyət layihələrində də əksini tapdı. Bu il Azərbaycan bir sıra beynəlxalq səviyyəli tədbirlərə, forum və festivallara ev sahibliyi edərək dünyanın diqqətini özünün mədəni irsinə, musiqi və sənət dünyasına, yeniləşən paytaxtına və bölgələrinə cəlb etdi. 2015-ci ildə Azərbaycan Birinci Avropa Oyunlarına ev sahibliyi etdi, bu vəsilə ilə xalqımızın zəngin mədəniyyəti, qonaqpərvərliyi bir daha dünyaya nümayiş etdirildi. Biz də bu ilin mədəniyyət və turizmlə bağlı ümumi mənzərəsini, uğurları, problemləri qəzetimizin səhifələrində dolğun şəkildə işıqlandırmağa çalışdıq.
Qarşıdan gələn 2016-cı ildə ölkəmizin həyatında, o cümlədən mədəniyyət sahəsində, turizm sektorunda mühüm hadisələr, yeniliklər gözlənilir.
İlin son sayında dəyərli oxucularımızı, xalqımızı və xaricdəki soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edir, hər kəsə cansağlığı, könül xoşluğu, əmin-amanlıq arzulayırıq.