Safranboluda bu tarixi sadəcə görmürsən, həm də yaşayır, hiss edirsən

Türkiyənin Safranbolu şəhəri haqqında daha əvvəllər məlumatlarım olsa da, şəhərlə tanışlıq məndə fərqli təəssürat yaratdı. Bu şəhər təkcə orta əsr Osmanlı tarixini, həyat tərzini yaşatmır. Şəhərə ayaq basarkən onun havasında da fərqli bir qoxunu hiss edirsən. Bu, Safranboluda qədimlərdən bu günədək yaşadılan qalayçı sənətinin - emalatxanalarda yandırılan ocaqların qoxusudur.

Safranbolu haqqında yazını belə başlamağım səbəbsiz deyil. Çünki ilk təəssüratım belə oldu: şəhərdəki həyat tərzi havanın qoxusu ilə harmonizə olaraq bir təbiilik yaradır. Bu təbiilik isə tarixdir: yaşayan və yaşadılan tarix. Sonradan öyrəndim ki, bu məkana səfər edənlərin əksəriyyəti elə eyni fikirdədir.
Safranbolu Ankaradan şimala doğru 200 km məsafədə yerləşir. Şəhər hələ 1994-cü ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Böyük İpək Yolu üzərində yerləşən Safranbolu qədim dövrlərdən özünün qiymətli və nadir bitkisi zəfəran (şafran) ilə məşhur olub.

Safranbolu evləri

Safranbolu tarixi evləri ilə məşhurdur. Şəhərdə Bəypazarı, Göynük, Taraklı, Odunpazarı və Osmaneli kimi Türkiyənin bir çox yerlərində rast gəlinən klassik Osmanlı şəhər memarlığını ifadə edən tarixi evlərin əksəriyyətində yaşayış bu gün də davam etməkdədir. Osmanlı dövründə Safranbolu evlərinin tikilməsində yumurtadan istifadə edildiyi və bu tikililərin zəlzələyə davamlı olduğu bildirilir. Evlər daş, kərpic, taxta və alaturka kirəmitdən inşa edilib. Safranbolu evləri əsasən ağ rənglidir və məsafəli tikilməklə biri digərinin görünməsinə mane olmur, ümumi mənzərəni pozmur, günəşin qarşısını kəsmir.
Evlərin birinci mərtəbəsi zirzəmi kimi istifadə olunub və onun tikintisində daşdan istifadə edildiyinə görə “daşlıq” adlandırılır. İki, üç mərtəbəli inşa edilən Safranbolu evlərinin üst qatlarına taxta pilləkənlərlə çıxıldığında taxta ustalığının ən gözəl nümunələrini görmək olur. Evlərdən bir qismi bu gün hotel, muzey kimi fəaliyyət göstərməkdədir.
Evlərin çoxu bir vaxtlar onların sahibi olmuş insanların adı ilə tarixdə qalıb. İlk tanış olduğum ev Leyla xanım malikanəsidir. İki mərtəbədən ibarət ev Safranboluda “Ən yaxşı bərpa olunmuş ev” mükafatına layiq görülüb və hazırda hotel kimi fəaliyyət göstərir. Malikanənin həyət-bacası, bağçasından başlayaraq memarlıq quruluşuna qədər XIX əsr Osmanlı həyat tərzini xatırladır. Tikilinin bərpası zamanı memarlığı olduğu kimi qorunub-saxlanılıb. Sadəcə müasir texnika əlavə edilərək hotelə uyğunlaşdırılıb. Safranbolunun məşhur evləri XVIII-XIX əsrlər Türkiyə-Osmanlı cəmiyyətinin mədəniyyətini, sosial həyat tərzini əks etdirməklə dövrün memarlıq quruluşu haqqında da məlumat verir.

“Qonşu qonşunun külünə möhtacdır”

Şəhərdə olan təxminən 2 minədək tikilidən 1008-i qeydiyyata alınaraq qorunur. Safranboluda təkcə evlər deyil, karvansaraların da bir çoxu hotelə çevrilib. Şəhərdə olduğumuz zaman qaldığımız ikimərtəbəli hotelin də vaxtilə karvansara kimi fəaliyyət göstərdiyi bəlli oldu. Dairəvi formada olan karvansara giriş qapısından otaqlara qədər öz özəlliyini yaşatmaqdadır.
Karvansara-hoteldən çıxdıqda isə tarixi dar küçələrlə uzanan yol Safranbolunun bazar meydanına aparır. Küçələr çay daşları ilə döşənib. Ümumiyyətlə, Safranbolu qala, ticarət mərkəzi, Akçasu, Gümüş, Musalla, Qalaaltı və Tabakxana kimi səmtlərdən ibarətdir. Burada isə bəlli olur ki, zəfərandan başqa, bu şəhər həm də özünün şirniyyatı - Safranbolu lokumu ilə məşhurdur. Hər addımda müxtəlif növləri təklif edilir: qozlu, südlü, qəhvəli, şokoladlı və s.
Bazar meydanının digər tərəfində aşağıya doğru gedən yol sənətkarlar məhəlləsinə aparır. Burada Osmanlı məişətində istifadə edilən nəhəng şərbət qablarından başlayaraq, bütün növ qablara rast gəlmək mümkündür.
Safranboluda mis işləməsi və qalayçılığın zəngin tarixi var. Mis monolit olaraq emal edilir, lehim ya da bənzəri bir yolla birləşdirilir. Sənətkarlarla söhbət əsnasında bəlli oldu ki, mis məmulatlarının işlənməsində çəkic və polad qələmdən istifadə olunur. Bu emal üsulunda bir tək parçanın işlənməsi bəzən həftələr, hətta aylarla sürür. Mis məmulatlarına ölkə daxilində və xaricində olduqca böyük tələbat var. Dəmirçilər məhəlləsi XVIII əsrdən bu günə qədər olduğu kimi gəlib çıxıb. “Qonşu qonşunun külünə möhtacdır” ifadəsi də elə buradan meydana gəlib. Belə ki, dəmirçilər ocağın külünü atmayıb qalayçılara verərmiş. Ustalar da mis qabları qalay ilə örtməzdən öncə onu təmizləmək üçün bu küldən istifadə edərmiş. Bu gün Safranbolu dəmirçiləri tez-tez beynəlxalq müsabiqələrin mükafatlarına da layiq görülürlər. Şəhər gümüş bəzək əşyaları və yəhər düzəltmə sənəti ilə də məşhurdur.

Açıq səma altında muzey - Yörük kəndi

Safranboluya gələn turistlərin ən çox üz tutduqları məkanlardan biri də Yörük kəndidir. Şəhərdən 20 km məsafədə yer alan kənd sanki açıq səma altında muzeydir. Kənd Oğuz türklərinin bir qolu sayılan Yörük boyundan Hüseyn, Hacı, Davud adlı üç qardaş tərəfindən salınıb. Kəndi əslində kiçik Safranbolu da adlandırmaq olar. Küçələr boyunca sıralanan tarixi evlər, malikanələrin bəziləri artıq dağılmaq üzrədir, amma çoxlu sayda turisti özünə cəlb etməkdədir. Kənddə ən qədim evin 450, ən yeni evin isə 90 yaşı var.
300 illik tarixə sahib üçmərtəbəli Sipahoğlu malikanəsində 8-ci nəslin ailəsi yaşamaqdadır. Birinci mərtəbədən çardağa qədər tamamilə Osmanlı həyat tərzini ifadə edir. Bələdçi də elə evin sakinidir. Bu evlər yay fəslində sərin, qışda isti olur. Evin bütün otaqlarında, çardaqda zamanında istifadə edilən əşyalar, geyimlər də olduğu kimi mühafizə edilməkdədir. Bələdçi xanım ev və burdakı yaşayış tərzi haqqında məlumat verməklə kifayətlənmir. Bura baş çəkən turistlər evi ziyarət etdikdən sonra malikanənin həyətində ənənəvi qərənfil şərbətinə qonaq edilir. Şəhər bələdiyyəsi turistlərin kəndə marağının getdikcə artdığını görüncə, burada hədiyyəlik əşyalar da satan obyektlər açmağa başlayıb. Tarixi XV əsrə dayanan kənd özünəməxsus közləməsi (qutab) ilə də məşhurdur.

Turistləri nə cəlb edir?

Hazırda Safranboluda Osmanlı dövründən qalan ev, hamam, məscid, çeşmə, körpü və malikanələr ziyarətçilərin diqqətini çəkməkdədir. Elə bu diqqəti gördükdən sonra da aidiyyəti qurumlar 90-cı illərdən şəhərdə turizm təsisləri qurmağa başlayıblar. Tərk edilən malikanələr hotel və restoranlara çevrilib, monumental əsərlər bərpa edilməyə başlanıb, unudulmaqda olan əl sənətləri canlandırılıb. Bu gün mühüm turizm mərkəzinə çevrilən şəhər müxtəlif mədəniyyət tədbirlərinə ev sahibliyi edir, eyni zamanda mədəni turizm imkanları ilə tanınır. Ənənəvi olaraq hər il avqust ayının ikinci həftəsində Ulu yayla şənlikləri, sentyabr ayında da “Altın safran” sənədli film festivalı keçirilir. Safranbolu motosiklet festivalı isə ilk dəfə 2015-ci ilin mayında reallaşdırılıb. Etiraf edim ki, bu günə qədər bir çox tarixi yerlərdə olsam da, yaşadılan tarixi bu qədər yaxından, canlı hiss etməmişdim. Gəldiyim nəticə belə oldu: Osmanlı orta əsr həyat tərzini tamamilə yaşamaq, görmək, hiss etmək üçün Safranboluya səyahət ən doğru seçimdir.

Mehparə Sultanova
Ankara