Osmanlı dönəmində ermənilərin vəziyyəti və onların yabançılara meyillənmə çabaları
   
   Səlcuqlardan sonra osmanlılar da ermənilərin barış, rifah və tərəqqi şərtləri ilə yaşamasına imkan yaratmışdılar. 1326-cı ildə Orxan bəy Bursanı fəth etdi və bu şəhər müəyyən bir müddət ərzində türklərin paytaxtı oldu. Bu zaman Orxan bəy ermənilərin də Bizans təhlükəsindən birdəfəlik qurtulması üçün onların Anadoluda məskunlaşmasına icazə verdi. Onun şəfqəti nəticəsində erməni patriarxlığı da Bursaya köçürüldü. İstanbulun fəthindən sonra, 1461-ci ildə Fateh Sultan Məhmət Bursanın baş yepiskopu Hovakimi bütün ermənilərin patriarxı kimi tanıdı və onu iki yüz erməni ailəsi ilə birlikdə İstanbula köçürtdü. Sultan Məhmətin əmri ilə patriarxlığa və erməni ailələrinə münasib yerlər ayrıldı, bununla da İstanbulda güclü bir erməni icması yarandı...
   
    Haşiyə: Heç də təsadüfi deyil ki, erməni kilsəsinin rəsmi saytında deyilir: «Erməni kilsəsi tarix boyu erməni xalqı ilə o qədər yaxın olmuşdur ki, indi onları bir-birindən ayrı düşünmək mümkün deyil. Millət və kilsə məfhumları o qədər qaynayıb-qarışmışdır ki, sanki «milli kilsə» termini məhz ermənilər tərəfindən məxsusi düşünülmüşdür».
   Görünür, yəhudi irqçiləri iudaizmi yalnız özlərinə məxsus olan bir din kimi anladıqları kimi, ermənilər də - uyğun bir təfəkkür tərzi ilə - kilsəni sırf dini təsisat deyil, millətçi təşkilat kimi qəbul edirlər.
   
   * * *
   Sonradan Türkiyə ermənilərinin xristian havadarlarının meydana çıxması prosesinin təməli 1536-cı ildən qoyuldu. Həmin il Osmanlı hökumətinin Fransa ilə bağladığı müqavilə əsasında fransızlar bütün Osmanlı torpaqlarında ticarət hüququ əldə etdilər. Fransızlara həm də tam dini azadlıq bəxş edildi. Bundan başqa, həmin sənədin imzalanması nəticəsində Osmanlı ərazilərindəki katoliklər üzərində fransızların protektoratının fəaliyyətinə qeyri-məhdud imkanlar yarandı.
   Türk tarixçiləri, o sıradan Kamuran Gürün Osmanlı imperiyasının durğunluq dövrünü 1579-cu ildən - Mehmet Paşa Sokulunun ölüm tarixindən, düşmə dönəminin başlanğıcını isə 1699-cu ildən - Karlovits sazişindən hesablayırlar. 1774-cü ildə Kiçikqaynarca müqaviləsi isə Osmanlı imperiyasının böyüklüyünə son qoydu...
   1831-ci ildə Fransız səfirliyinin xahişi ilə Sultan II Mahmud ermənilərin dilinin, adət-ənənələrinin qorunması üçün «erməni icması»nın qeydə alınması haqda əqd imzaladı...
   Və beləliklə, 1878-ci ilədək Osmanlı ərazisində yaşayan ermənilərin Anadolu türklərilə münasibətlərində çox ciddi pozuntular hiss olunmamışdı, desək, yanılmarıq.
   «Bu erməni icması türklərin gündəlik həyat və fəaliyyətini təmin edirdi. Qədim zamanlardan daha çox idarə etməyə öyrənmiş türklərdən fərqli olaraq, sənaye sahəsində daha çox ermənilər cəmləşmişdi. Türkiyədə bütün bankirlər, tacirlər və mexaniklər ermənilərdən ibarət idi. Bundan başqa, ermənilərlə müsəlmanların psixoloji uyarlıq və maraq eyniliyi də yaranmışdı... Çətin ki, elə bir paşa və yüksək rütbəli ( türk ) məmur tapılsın ki, ermənilərdən borc almasın. Hətta imkansız türk kəndlisi əkinə toxum almaq üçün ermənilərə borc xahişilə müraciət etməli olurdu. Osmanlı bircə gün belə ermənisiz yaşaya bilməzdi. Bu (həqiqət) o dərəcədə aydın idi ki, Türkiyəni məhv etmək istəyən ruslar, ilk öncə oradakı erməni icmasını öz tərəfinə çəkməyə başladılar. Onlar 1828-ci ildə Ərzurumu işğal edib erməniləri də öz cəza tədbirlərinə cəlb etmişdilər ki, ruslar geri çəkiləndə ermənilər öz torpaqlarını qoyub getməli oldular».
   F.Valvinin «İslamda inqilablar» (London, 1925, ingiliscə) kitabından götürülmüş bu sitatı qeyd edən professor Sabir Əsədov yazır ki, həmin iqtibas 1857-ci ildə Nyu-York mətbuatında dərc edilmişdir. Yəni o zamankı qərblilər ermənilərin Osmanlıdakı durumuna ancaq qibtə ilə yanaşa bilərdilər, vəssəlam. Osmanlını süquta uğratmaq üçünsə, iqtisadi-siyasi planlardan başqa, daxildə təfriqə yaratmaq planı da lazım gəlirdi.
   Erməni knyazı İsrael Orinin I Pyotrla görüşməsindən sonra isə Rusiyanın Qafqaz, İran, Türkiyə və ermənilər haqda siyasəti daha da konkretləşdi. Və demək olar ki, bu günə qədər də İsrael Orinin I Pyotra etdiyi təklif - Quzey və Güney Qafqazı, daha sonra İranı əsarət altına alaraq isti dənizlərə çıxış əldə etmək; Qafqaza erməniləri köçürərək, orada çar Rusiyasına dayaq ola biləcək sədaqətli bir xristian icması formalaşdırmaq; tədricən erməniləri himayə edərək Türkiyədə də erməni dövləti yaratmaq... Türkiyə və İranın birdəfəlik süqutuna səbəb olmaq və s. - velikorus siyasətinin ana xəttini təşkil edir.
   Şimal müharibəsi I Pyotrun bu planları həyata keçirməsini bir qədər ləngitsə də, nəhayət, o, Şimali Qafqaza qoşun yeritdi və ömrünün sonuna yaxın, - 1724-cü ilin oktyabrında erməni xalqını himayə etmək haqqında fərman imzaladı. Bu fərmana görə Rusiyanın işğalı altına keçən ərazilərdə ermənilərin yerləşdirilməsinə icazə verildi.
   1761-ci ildə isə İsrael Orinin missiyasını davam etdirən soydaşı İosif Emin də erməni dövlətinin (muxtariyyətinin) yaradılması üçün Rusiya hökuməti ilə müvafiq danışıqlar aparırdı.
   Ümumilikdə isə bəzi mənbələrə görə, erməni-rus əlaqələri hələ Kiyev-Rus dövləti zamanından mövcud olub. Güman ki, söhbət iqtisadi-mədəni körpülərin yaranmasından gedir.
   XVII-XIX əsrlərdə Osmanlı və Rusiya arasında baş verən bir neçə müharibə nəticəsində Osmanlı İmperiyası Krımı, Sağsahil Ukraynasını, Balkanların bir hissəsini, nəhayət, Qafqazı ruslara güzəştə getdikdən sonra ermənilərin də öz xaç ortaqları ilə yeni sövdələşmələrə girişmək üçün imkanları yarandı. Həmçinin İran-Rusiya müharibələrindən də qalib çıxan şimal qonşumuz Araz çayı ilə Azərbaycanı ikiyə bölərək, 15 il mərdliklə müqavimət göstərən İrəvan xanlığının süqutundan sonra, 1828-ci il martın 21-də - bugünkü siyasətinin təməli kimi - mərkəzi İrəvan şəhəri olmaqla, «Erməni vilayəti»ni yaratdı.
   Qafqazın ən önəmli, strateji nöqtəsi olan İrəvan qalasının təslim edilməsində ermənilərin xəyanətkar rolundan bəhs etməzdən öncə, diqqəti onların bağlı qapılar arxasında hələ çox öncələr apardığı bəzi danışıqlara cəlb etmək istərdik.
   Bu dönəmi açıqlayan tarixçi-alim İsrafil Məmmədova görə, erməni dövləti qurmaq «proqramı» XII əsrdən etibarən hazırlansa da, XVI əsrin II yarısında bu «proqramın» həyata keçirilməsi yolunda ikinci mərhələ başlandı. 1562 -ci ildə Mikael Sebatsietsi məsələni yoluna qoymaqdan ötrü gizli yığıncaq çağırmalı oldu. Abqar Toxatetsi başda olmaqla, Romaya nümayəndə heyəti göndərildi. 1666-cı ildə elçilər XIV Lüdovikdən kömək diləmək üçün Fransaya getdilər. Elçilər naümid qayıtsalar da, ermənilər yenə inamı itirmədilər. 1678-ci ildə yenə İtaliyaya elçi göndərdilər. Təşəbbüsü İsrael Ori öz əlinə almışdı. Ancaq İtaliya, Fransa, Almaniya erməni dövləti qurmaq proqramını alqışlamadı. İsrael Ori 1699-cu ildə katolikos Minasla birlikdə Almaniyaya getdi. Lakin İohann Vilhelmdən də müsbət cavab ala bilmədilər.
   Üçüncü mərhələ «1699-cı ildən başlandı. Avropadan dəstək ala bilməyən ermənilər Rusiyaya pənah gətirdilər. Çar I Pyotrla məktublaşma xeyli davam etdi. 1701-ci ildə İ.Ori və arximandrit Minas imperatorun şəxsi qəbulunda oldular. Avropanın dövlət başçılarına təqdim edə bilmədikləri 36 maddəlik «proqramı» I Pyotra verdilər. 1703-cü ildə I Pyotr artıq «Ermənistan» xəritəsini dönə-dönə nəzərdən keçirmişdi. İ.Orinin təqdim etdiyi bu xəritədə İrəvan xanlığı və Zəngəzur qabarıq şəkildə təsvir olunurdu»...
   
   Xaqani İSMAYIL,
   yazıçı, tədqiqatçı