XX əsr Şuşa musiqi mühitinin ən tanınmış nümayəndələrindən olan xalq artisti Xan Şuşinski və onun kiçik qardaşı tarzən Allahyar Cavanşirov öz istedadları ilə diqqəti cəlb etmişlər.
    “Üzük qaşı ilə tanınar” deyiblər.Cavanşirlər nəslinin Azərbaycan tarixindəki rolu hamıya məlumdur.Pənahəli xandan üzübəri bu nəsildən istər hərb,istər ədəbiyyat, istərsə də mədəniyyət sahəsində görkəmli şəxsiyyətlər çıxmışdır.
   

   Allahyar Cavanşirov 1907-cu ildə Şuşada Aslan ağanın ailəsində anadan olub. Kiçik yaşlarından qrammafon vallarında və el şənliklərində o dövrün böyük sənətkarlarına qulaq asa-asa özü də tarzənliyə böyük həvəs göstərib. Çalışqanlığı, əzmkarlığı sayəsində 15 yaşından başlayaraq qardaşı Xanı tarda müşayiət edib. Bu musiqiçi qardaşların sorağı tez bir zamanda bütün Qafqazda yayılıb.
   A.Cavanşirov keçən əsrin 30-cu illərinin əvvəllərində Bakıda keçirilən dövlət konsertlərinin birində Xan Şuşinskini tarda müşayiət edirmiş. Qardaşların gözəl ifası konsertə tamaşa edən M.C.Bağırovun o qədər xoşuna gəlir ki, səhəri gün onları Bakıya dəvət edib evlə təmin olunmaları haqqında göstəriş verib. Bakıya köçən A.Cavanşirov Azərbaycan Dövlət Filarmoniyasına işə düzəlib. 1939-cu ildən 1969-cu ilə kimi - 30 il filarmoniyada çalışıb. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında dəfələrlə çıxış edib, filarmoniyanın kollektivi ilə birlikdə bir çox ölkələrdə qastrol səfərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan dekadasındakı çıxışına görə fəxri fərman alıb.
   Allahyar Cavanşirov çox dostcanlı olduğu üçün evi həmişə qonaq-qaralı olub.Onun dostları içərisində xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun, dirijor Niyazinin və başqlarının adlarını qeyd etmək olar. Səməd Vurğunla Şuşada, İsa bulağındakı görüşlərində xalq şairi Allahyarın tarını alıb müxtəlif havalar çalarmış. Allahyar Cavanşirov xasiyyətcə çox mülayim adam olmuşdur.Özü də bərk nərd həvəskarı imiş.
   Görkəmli sənətkar Allahyar Cavanşirov 1972-ci ildə 65 yaşında Bakıda vəfat edib.Fəxri adı olmasa da, öz istedadı və bacarığı sayəsində xalqın qəlbinə yol tapmış və adı həmişə görkəmli tarzənlər sırasında hörmətlə çəkilmişdir. Onun oğlanları Fəxrəddin musiqi məktəbinin tar sinfini,Məhyəddin isə skripka sinfini bitirmişdir.Sənətkarın tarı böyük oğlu Fəxrəddinin evində ən qiymətli ata yadigarı kimi əzizlənir.
   Bu yazıda Allahyar Cavanşirovun iş fəaliyyəti ilə yanaşı, ailə həyatının da müəyyən məqamlarını xatırladım. Məhz bu səbəbdən sənətkarın 8 övladından sonbeşiyi olan Raya xanım Cavanşirovanın atası haqqında istər bir sənətkar kimi, istərsə də bir ata kimi söylədiklərini qələmə aldım. Niyə məhz Raya xanımın?Axı istedadlı sənətkarın 4 oğlu və 4 qızından məhz Raya xanım atası ilə ömrünün sonuna kimi həmsöhbət olmuşdur.
   Bu gün gözəl övladlar anası və 2 nəvəsi olan, lakin əvvəlki həvəslə gənc nəslin təlim-tərbiyəsində saçlarını ağardan Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Raya Allahyar qızı Cavanşirovanın atası haqqındakı xatirələrini öz dilindən eşidək:
   “Mən ailəmizin sonuncu övladı, yəni sonbeşiyi olmuşam.Orta məktəbi bitirib, elə həmin il də instituta qəbul oldum.Mən institutun birinci kursunda oxuyarkən,anam uzun sürən xəstəlikdən sonra vəfat etdi.
   Böyük bacı və qardaşlarım hamısı ailə qurub,ayrı yaşadıqları üçün, anamın vəfatından sonra atamın ömrünün son günlərinə qədər ikimiz ata-bala yaşamışıq.Anamdan sonra atam ağır ürək xəstəliyi keçirdi və uzun sürən xəstəlikdən sonra təqaüdə çıxmalı oldu. O daım həkim nəzarəti altında müalicə olunurdu. Atam ürək xəstəliyindən dünyasını dəyişdi. Görün o, Allahın nə qədər istəkli bəndəsi olub ki, özünün arzuladığı kimi, yuxuda yatdığı yerdə də bu dünyadan əbədi köçdü.
   Atamın vəfatı sözsüz ki, bizi çox sarsıtmışdı. Ailəmizə çox böyük itki idi. Ancaq bu itki ən çox mənə zərbə vurmuşdu. Çünki, bu itki təkcə ata itkisi deyil, həm də yaxın dost, sirdaş, həmsöhbət itkisi idi. Həm də atam rəhmətə gedən ili, mən institutu təzə bitirmişdim, hələ ailə həyatı qurmamışdım.
   Sözsüz ki, həyat davam edir. Mənim toyum da oldu, ailə həyatı da qurdum.Toyumda Xan əmi ata əvəzi kimi xeyir-dua versə də, bacı-qardaşlarım el adəti ilə gözəl toy məclisi təşkil etsələr də, mənim gözüm atamı axtarırdı.
   Qeyd edim ki, Azərbaycan Respublikasının xaq artisti Arif Babayevin toyunu aparmağa Xan əmi ilə atam dəvət olunmuşdular. (Yadımda deyil Ağdamın hansısa kəndi idi). Toy üç gün davam etmişdi. Atam o toydan çox gözəl təəssüratla qayıtmışdı. Arifin özünü də, səsini də çox bəyənirdi. Elə o səbəbdən də qardaşım Məhyəddinin toyuna Arif Babayevi dəvət etdik. Eləcə də mənim toyumu da Arif Babayev apardı, çünki bilirdik ki, atam sağ olsaydı, mütləq onu dəvət edərdi.
   Atam bir çox medal və fəxri fərmanlarla təltif olunsa da, müəyyən ədalətsiz səbəblər üzündən fəxri ad ala bilmədi. (Səbəblərin əsası sovet rejimini bəyənməməsi və haqsızlıqları qəbul etməməsi idi). Şöhrətpərəst insan olmasa da, bu haqsızlıq ona çox mənəvi əzab verirdi.
   İndi yaşlaşmışam, gözəl ailəm, iki gözəl nəvəm var. Mən həmişə fəxr etmişəm ki, gözəl ailə başçısı, diqqətli, qayğıkeş ata, nəhayət, zəhmətkeş və mərd bir insanın - Cavanşirov Allahyarın qızıyam”.
   
   Qaim Cəfərov,
   Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi