Müəllimi də, «fənn»i də Sən özün idin, Nəriman müəllim!
   
   Bu, yanğılı bir anım, alovlu bir publisistika dərsi idi, intəhası Sənin lap cavanlıqdan ömrünün sonunacan dərs dediyin jurnalistika fakültəsində - ADU (BDU) auditoriyalarında yox, jurnalistlərin Mətbuat Şurasında.
   Saat 12-yə işləmişdən iki-bir, üç-bir gəlib yığışdıq həmin şuranın konfrans «auditoriya»sına və başladıq gözləməyə. Sənsə gəlib çıxmaq bilmirdin...   

   Yaşımıza və Sənsizlik hüznümüzə görə nadinclik də edə bilmədiyimizdən, çox «darıxdırıcı» bir ərəfə yaşadıq; hamı özünü o dövr oçerklərinin «müsbət qəhrəman»ları kimi aparırdı. Hərdən bir-birinə üz tutub, bu qəbil mərasimlərin - dünyasını dəyişmiş ünlü jurnalistlərin anım-yanım tədbirlərinin təşəbbüskarlarının («Xalq qəzeti»nin əməkdaşı T.Aydınoğlunun və MŞ-nin sədri Ə.Amaşovun) ünvanlarına xoş söz deyənlər oldu. Sənin təkrarolunmaz yumor hissin və üslubunla desəm, əks-təqdirdə, «aləmi işıqlandıranların qaranlıqdaqalmaqlığı», «hamını yad edənlərin unudulmaqlığı», «yedilər-içdilər, dağılışdıq» kimi «neo-rubrikalar»ın «vaxtının çatdığını» bəyan edənlər də tapıldı. Təxminən, bir akademik-saat - 45 dəqiqə keçdi, saat 12 tamam oldu, gəlmədin. Gəlmədin və bir vaxtlar hərdən dərsdən qaçıb «daha vacib» işlər dalınca gedən, həmin gün isə vacib işlərdən qaçıb, Sənin xatirə-xəyal mərasiminə toplaşmış tələbələrin keçib əyləşdilər dəyirmi stol-parta arxasında...
   ...Sənin adın, xatirən olan yerdə nə rəsmiyyət, nə soyad, Nəriman müəllim! Eləcə, Oqtay idi, Mailə idi, Zöhrab, Yusif, Telman, Əhməd, Əlövsət, Ələkbər, Mahmud, Akif, Cahangir, Məmmədismayıl, Vaqif, Əflatun, Əlipənah, Kamran, Abbas, Cavid və bunlardan «əla» dəfə çox başqaları idi. Bir də... heç vaxt tələbələrinə vermədiyin qiymət («qeyri-kafi») miqdarlı övladlarından biri - Natiq. Bunların burada nə danışdıqlarının, hansı hisslər keçirdiklərinin hamısını yazsam, Sənin «Mətbuat tarixi» kitabından qalın çıxar. Amma Sənin şəxsiyyət və fəaliyyət «layihə»nin əsasını təşkil edən «üçbucaq» haqda danışılanlara toxunmaya bilmərəm.
   
   «A» bucağı
   
   ...Altmışıncı illərin «ayrılmaz tərkib hissələri»ndən biri - pambıq! Məktəblər açılmamış bağlanır. O «xısın» dövrün mənsur və məşhur «açıldı mücrü, örtüldü mücrü» misraları ilə paralel səslənən “məcbur” şeir kimi; açıldı pambıq, bağlandı məktəb. «Hamı «ağ qızıl» tarlalarına!».
   Qərəz, universitetdə «Oxumaq, oxumaq, yenə də oxumaq!» əvəzinə, Göyçayda «toplamaq, toplamaq, yenə də toplamaq!»la məşğul olan tələbələrinizdən bir oğlan qızlardan birinin adını tuşla öz qoluna yazır və tez-tez köynəyinin qolçağını çırmayıb «fağır» qızı cırnadır. Nəhayət, o «Leyli» məsələni Sənə çatdırır və Sən o «Məcnun»a belə deyirsən: «Adam sevdiyinin adını qoluna yox, ürəyinə yazar!..».
   
   «B» bucağı
   
   O «bərkgedən» dövrlərin bərk yazan qəzetlərindən olan «Sovet kəndi»nə redaktor təyin olunduğun vaxt, sonuncu kursda oxuyan tələbələrindən bir kimsəsizi işə götürməyinçün onun ədib dostları Sənin yanına xahişə gəlirlər. Sən o xahişi praktiki cəhətdən yüksək qəbul edirsən. Lakin sonra bunu nəzəri-pedaqoji cəhətdən daha yüksək məqama çatdırırsan; həmin gün yolunu fakültədən salıb, həmin tələbəyə deyirsən ki, mən onsuz da səni öz istedad və qələminə görə işə götürəcəkdim, niyə bunun minnətli olmasına şərait yaratdın?..  

  «V» bucağı
 
  
   Bu bucaq Sənin MÜƏLLİMliyini ehtiva edir ki, - çox quru, ritorik qələm sahiblərinin ünvanına tez-tez eyhamla işlətdiyin ifadələrindən biri ilə desəm, «hansı ki,» bu fəaliyyət heç bir bucağa-küncə sığmaz. Həyatda işıqlı adamlar az deyil, «filankəs gələndə elə bil işıq gəlir» kimi nəqli epitetləri tez-tez eşidirik. Amma Sən auditoriyaya daxil olanda (hərdən işlətdiyin «bir var sözdə gül vurasan, bir var - bezdə» sözün olmasın) elə bil, bütöv Mingəçevir gəlirdi, Nəriman müəllim!
   Bütün tələbələr şeir yazırlar, onda qalmış jurnalistika fakültəsinin tələbələri ola! Sən onlara «yazma» demirdin, amma başqa çoxbilmiş xalqların tez-tez bizi təltif etdiyi «şair xalq» laureatlığının qorxusundan, «qızım, sənə deyirəm...» qəbilli nümunələr gətirirdin. Məsələn, ötən əsrin əvvəllərində çap olunmuş bir «poetik» parça: «Ağacda oturmuş sərçə, Sən nə uzunsan, ey küçə, Ey qaraqaş, ey qaragöz»!..
   Sənin çox hay-küy salan yazıların olub. Onlardan birinin adı belə idi: «Sa... kit... lik... dir...». Başqa qrupları deyə bilmərəm, «şəxsən» universiteti bitirən kimi ya «Kommunist»in, ya «Sovet kəndi»nin, «Azərbaycan gəncləri»nin, «Bakı», «Baku»nun, minimum, hər hansı rayon qəzetinin redaktoru olacağımız iddiası ilə yaşayan bizlər o yazını oxuyandan sonra əməlli-başlı sa... kit... ləş... dik...   

   Haşiyə-bucaq
   

   Bu «bucaq»da formaca bir fizika, məzmunca bir lirika var, Nəriman müəllim. Belə ki, Sənin kimi genişürəkli, dostcanlı bir adamın anım günündə uzun illər bir yerdə işlədiyin bizim rəhmətlik Seyfulla müəllimimizin, Qulu müəllimimizin, Tofiq müəllimimizin adları çəkilmədi, barələrində beş-on kəlmə deyilmədi. Görəsən, bu o demək deyilmi ki, sabah da onların ad günlərində Sən tamam-kamal unudulacaqsan?..
   
   Bir dənə də «dördbucaq»...
   
   Bu dördbucaq mənlikdir, Nəriman müəllim! Çıxa bilmirəm bu obrazi-həndəsi mühasirədən. Ha çalışıram ki, o gözəl tədbirdə söylənən o gömgözəl söhbətləri bütün təfərrüatları ilə verəm, alınmır. Bir az da Sənin bizə verdiyin yığcamlıq, lakoniklik, «uzun sözün kəsəsi» dərslərinə görə...
   Amma Sənin təmiz müəllimliyindən, təmiz redaktorluğundan, təmiz ailə başçılığından, təmiz milliliyindən və təmiz tər-təmizliyindən yaman danışdılar ha, Nəriman müəllim!
   Bu bir dərs idi. Həm də belə bir dərs idi ki, «hansı ki,» gərək adam elə yaşasın ki, o dünyada olanda, bu dünyadakılar onun haqqında belə ürəkdən, belə canı-dildən danışa bilsinlər.
   Elə yaza bilməklik də o cümlədən. Yəni, orada bir tələbən də vardı:
   
   Tahir