Müasir Azərbaycan ziyalılarından danışarkən dünyanın ayrı-ayrı yerlərində fəaliyyət göstərən həmvətənlərimizi də unutmamalıyıq. Tarixin ayrı-ayrı zaman kəsimlərində müxtəlif səbəblərdən Azərbaycandan uzaqlaşıb dünyanın müxtəlif ölkələrində yaşayıb-yaratmış Azərbaycan ziyalılarının irsinin araşdırlması mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, Cümhuriyyət dönəmində fəaliyyət göstərmiş şəxslərin hakimiyyətin süqutundan sonra burada yaşaması mümkün olmamış və onlar öz doğma vətənlərini tərk edərək əsasən qardaş Türkiyə Cümhuriyyətinə üz tutmuşlar. Bu isə hər iki dövləti bir-biri ilə bağlayan, qırılmaz köklərə söykənən qardaşlıq düşüncəsi idi.
   
   Bu düşüncə ilə o dövrdə Türkiyəyə üz tutan ziyalılarımızdan biri də Əhməd bəy Cəfəroğlu idi. Əhməd bəy Cəfəroğlu haqda yalnız bunu bilirdik ki, o, əslən azərbaycanlıdır. Müstəqillik qazandıqdan sonra bütün milli ruhlu ziyalılarımızın öyrənilməsinə yaranmış maraq Əhməd bəy Cəfəroğlunun da irsinin müxtəlif aspektlərdən araşdırılmasına imkan yaratdı. Lakin alimin müxtəlif elmi əsərləri barədə aparılmış tədqiqatlar, məqalə və kitablar onun bir şəxsiyyət kimi tam şəkildə xarakterizə etməyə kifayət etmir. O, özünü bir şəxsiyyət kimi şəxsi yaşam tərzində, davranış manerasında, alimlik və müəllimlik fəliyyətində ifadə etmişdir. Əhməd bəy Cəfəroğlunun alim obrazını elmi yaradıcılığından, ayrı-ayrı əsərlərindən öyrənməklə yanaşı, onunla münasibətdə olan şəxslərin xatirələrindən də bəhrələnərək aydınlaşdırmaq olar.
   Əhməd Cəfəroğlu 1899-cu ildə Gəncədə anadan olmuşdur. 1917-ci ildə istiqlal mübarizəsinə qoşularaq Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam ordusunun tərkibində erməni və rus bolşeviklərinə qarşı vuruşmuşdur. ADR-in süqutu ilə əlaqədar olaraq Bakı Universitetindəki təhsilini yarımçıq qoymuş və Türkiyəyə getmişdir. Bundan sonra Cəfəroğlu öz təhsilini İstanbul Universitetinin ədəbiyyat fakültəsində davam etdirmişdir. 1925-1929-cu illərdə Berlin, sonra isə Berslau Universitetlərində mükəmməl təhsil almışdır. 1929-cu ildə Cəfəroğlu Avropada “Gəncə dialektində 75 Azərbaycan bayatısının dil baxımından təhlili” mövzusunda dissertasiya müdafiə edərək doktorluq dərəcəsi almışdır. 1929-cu ildə Türkiyəyə qayıtmış və türk dili kafedrasında əvvəlcə dosent, sonra professor, daha sonra isə həmin kafedranın müdiri olmuşdur. 1966-cı ildən etibarən isə Türkiyyat İnstitutunun müdiri olmuş və 1975-ci ildə vəfat etmişdir. Onun bu illər ərzindəki elmi fəaliyyəti çoxsaylı əsərlərin araya-ərsəyə gəlməsi ilə də müşahidə olunur.
   Alimin elmi yaradıcılığının əsas hissəsinin dörddən birini məhz Azərbaycan mövzusu təşkil edir. Onun dialektlər, türk dilinin tarixi, terminologiya, etimologiya, onomastika, ədəbiyyat, adət və inancların öyrənilməsinə həsr olunmuş çoxsaylı tədqiqatları vardır. Buna nümunə olaraq “Kitab’ül- İdrak li-lisani’l-Ətrak», 1931), “Türk Lisanı Tarihi Dersleri Tatbikat Numuneleri” (1932), “İlk Türk Dilcisi Kaşgarlı Mahmud” (1938), “Anadolu Dialektolojisi Üzerine Malzeme” (2 cild, 1940,1941), “Doğu İlleri Ağızlarından Toplamalar-1”, (1943), “Sivas ve Tokatilleri Ağızlarından Toplamalar (1944), “Güneydoğu İllerimiz Ağızlarından Toplamalar” (1946), “Orta Anadolu Ağızlarından Derlemeler” (1951), “Türk Dili Tarihi” (2 cild, 1958, 1964), “Eski Uygur Türkçesi Sözlüğü” (1968) kimi əsərləri göstərmək olar.
   Əhməd Cəfəroğlu bəzən A.Uran, Cəfər Əhmədoğlu, Dr. Əhməd Salmaslı, Dr. Əhməd Muxtar kimi imzalarla da mətbuatda yazılar yazmışdır.
   Bütün bu deyilənlər barədə müxtəlif mənbələrdən, alimin çap olunmuş əsərlərindən məlumat almaq olar. Lakin biz burada istərdik ki, bu böyük şəxsin Azərbaycan oxucusuna məlum olmayan tərəfləri barədə danışaq. Bu isə alim, müəllim, gözəl insan Əhməd bəy Cəfəroğlu haqqında yaddaşlarda qalan xatirələrdir.
   Əhməd bəy Cəfəroğlunun dərs dediyi, həmçinin sonradan elmi rəhbərlik etdiyi, hal-hazırda tədqiqatları ilə türk dünyasında tanınmış şəxslərdən biri olan professor, doktor Osman Fikri Sertqaya onu xatırlayarkən bu sözləri dilə gətirdi: “Mənim üçün Bakıda olmağın xüsusi bir mənası vardır. Çünki biz türkologiya bölməsində təhsil almağa başlayanda ağsaçlı bir hoca ilk dərsdə bu gün Azərbaycanı, sabah Türkmənistanı, o biri gün isə Özbəkistanı öyrənəcəyik dedi. Mənim dərsim türk qövmləridir. Biz də çox maraqlandıq ki, bu müəllim kimdir. Dedilər ki, bölümənin ən yaşlı hocası Əhməd bəy Cəfəroğludur. Soruşanda ki, niyə elə deyirsiniz? Dedilər, bəs bu azəri əsillidir. Orada əvvəlcə addan sonra bəy, sonra isə soy adı gəlir.
   Biz gəncəli Əhməd Cəfəroğlunu əvvəlcə Əhməd bəy Cəfəroğlu kimi tanıdıq. Sonra baxdıq ki, əslində tələbə babası olan bir insandır. Belə ki, türkologiya bölməsinin bütün tələbələrini istisnasız olaraq bir-bir adları ilə tanıyırdı. Hər kəsin problemini həll etməyə çalışırdı, kasıb olanın cibinə pul qoyardı. Assistentlərinə cətin məqamlarda pul verər, maddi qayğılardan kənarlaşaraq bütün diqqətlərini dərslərinə yönəltməyi təmin edərdi. Eyni ilə “balalarını qoltuğunun altına alan bir toyuq kimi... Bizlər onun cücələri, balaları” idik. Bizi qoruyardı».
   Professor Sertqaya onun alimliyi barədə də çox yüksək fikirlər söylədi: “Elmi baxımdan “heç kim onun əlinə su tökməyə layiq deyildi”.Dünyanın bütün kitablarını, türkologiya aləmini çox yaxından izləyən və çox yaxşı yaddaşı olan bir hoca idi. Bununla bərabər, digər müəllimlərdən fərqli bir cəhəti də var idi ki, biz buna analiz etmək qabiliyyəti - interpretasiya deyirik. Hansı ki, bir hadisənin arxasındakı əsas səbəbləri görmək, daha sonra da bunun nəticəsində nə olacağını bilmək. Bu baxımdan Türkologiya bölməsində oxuyan əski məzunlardan bütün hocalar içərisində birincisi kimdir, ən çox kimi xatıralayırsınız soruşduqda, hamısı bir nəfər kimi Əhməd Cəfəroğlu deyəcək. O, bölümün ən fərqli hocası idi. Əsərlərini isə çox müxtəlif sahələri ehtiva etməklə yazmışdır”.
   Ətrafındakılara çox qayğıkeşliklə yanaşan Əhməd bəy Cəfəroğlu tələbəsi Osman bəyin yaddaşında bu keyfiyyəti ilə də qalmışdır: “Öncə də söylədiyim kimi, Əhməd bəy hər ayın ortasında pulu qurtarmış tələbələrinə kömək edərdi. Və bununla bağlı olaraq onun otağının qarşısında həmişə uzun bir növbə əmələ gələrdi. Bir gün tələbələr yenə də Əhməd bəyin otağının qarşısında növbədə durmuşlarmış. Əhməd bəy görür ki, bir tələbəsi kənarda durub. Sərt şəkildə ona deyir : “Oğlum, mən sənin baban deyilmiyəm?” “Əstəğfürullah, hocam, təbii ki, Siz mənim də babamsınız” deyir. Əhməd bəy cavabında deyir : “Bəs onda sən niyə o növbədə deyilsən?”.
   Əhməd bəy Cəfəroğlunun digər bir tələbəsi - doktor Harid Fedai bəy onunla qısa müddətli təmasını belə xatırlayır: “Əfəndim, mən Türkologiya bölməsinə Ankaradan sonra getdim. Əvvəlcə Qazi Universitetinin məzunu olmuşam. Sonra Kıbrısa getdim və orda 3 il müəllimlik etdikdən sonra İstanbula gəldim. İstanbula ilk gəlişim 1956-cı ilə təsadüf edir. Gəldiyimdə ilk gözümə çarpan Osman bəyin də dediyi kimi, Əhməd bəy Cəfəroğlu oldu. Danışmağı, davranışları, auditoriyaya hakimliyi ilə digər hocalardan fərqli idi. Bir də baxdım ki, şivəsi ordakı hocaların heç birinin şivəsinə bənzəmir. Sonradan öyrəndim ki, kəndisi Gəncəlidir, Gəncə şivəsi ilə danışır. Və mərhum hocamız ölənə qədər bu şivəsini qoruyub saxlamışdır. Ən dinamik hoca idi. Nə zaman koridora çıxsam, Əhməd bəy Cəfəroğlunu tez-tez yeriyərək yüksək səslə müəyyən şeylər danışarkən görərdim. Məsələn, sinifdə oturub dərs hazırlayarkən qəflətən Əhməd bəyin koridordan səsi gəlirdi. Bizi çağırır: “Əli, bura gəl», «Ayişə, səni görəcəm” kimi sözlər eşidirdik. Həqiqətən, Osman bəyin də dediyi kimi, hər kəsin maddi, mənəvi yardımına yetişən bir möhtərəm idi. Bu vəsilə ilə biz hər zaman onu rəhmətlə xatırlayırıq”.
   Göründüyü kimi, Əhməd Cəfəroğlu yaddaşlarda təkcə böyük alim kimi deyil, həm də qayğıkeş müəllim, səxavətli insan, ləhcəsi şirin həmyerlimiz kimi də yaşamaqdadır. O, həyatının ən son məqamına kimi, qəlbində Azərbyacan sevgisini yaşatdıdı. Özü də layiqincə yaşatdı: Azərbaycandan yazdı, Azərbaycan haqqında düşündü, azərbaycanlı obrazını yüksək səviyyədə təmsil etdi. Gələcəkdə onunla fəxr ediləsi bir obraz yaratdı.
   
   Səfa Qarayev,
   Hikmət Quliyev