(Əvvəli ötən sayımızda)
   
   Akademik Yemelyanovun Musa Bağırova bildirdiyinə görə, azərbaycanlılara qarşı soyqırım siyasətinin konturları Mikoyan tərəfindən təkbaşına cızılmırdı...
   Sonralar M.Bağırov Hindistanda, Mədrəs şəhərində erməni kilsəsinə gedib ermənilərlə təmasda olur. Keşiş erməni dilində gözəl danışan Musa Bağırovu erməni bilərək:
   - “Qarabağı nə vaxt alırsınız?” -deyə ona sual edir...
   M. Bağırov Mədrəsdə ikən latış mühacirləri ilə, fars tacirləri ilə təmasa girir və bəlli olur ki, 26 Bakı komissarlarından S.Şaumyan son vaxtlaradək Mədrəsdə yaşayırmış (11 ) ...
   
   * * *
   Rəsmi qaynaqlardan bəlli olduğu kimi, A. İ. Mikoyan 1948-ci ilin I rübündə SSRİ Ali Soveti Rəyasət Heyəti, 1960-cı ildə isə Sov. İKP MK Rəyasət Heyəti qarşısında DQMV-nin Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı. O, hətta bu qərar layihəsinə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri G. Şvernikin imza atmasına da nail olmuşdu (5: s.75; 6: s.271).
   “Bu elə bir dövrə təsadüf edirdi ki, 1945-ci ilin sonlarında Harutyunovun Dağlıq Qarabağ tələbinə M.C. Bağırovun çox obyektiv və kəsərli cavabı hələ də yaddaşlardan silinməmiş, dillərdə gəzməkdə davam edirdi.
   Buna görə də Azərbaycan rəhbərliyinin yenidən cidd-cəhd göstərməsinə ehtiyac qalmadı və SSRİ hökuməti G.Şvernikin əsassız qərar layihəsini rədd etdi” (6: s. 271).
   Bununla belə, İrandan ermənilərin SSRİ-yə köçürülməsi məsələsinə müsbət cavab alan Q.Harutyunov onların Ermənistanda yerləşdirilməsi bəhanəsi ilə azərbaycanlıların Ermənistandan köçürülməsi haqda qərar verilməsinə nail olur (13: s.48): Stalinin 23 dekabr 1947-ci il tarixli fərmanı ilə 1948-1950-ci illərdə Ermənistandan 100 min nəfər soydaşımız mal-mülklərini də itirərək Azərbaycanın Kür-Araz ovalığına köçürülür (14 ).
    İ.Stalinin əmri ilə 1944-cü ildə Ahıska türklərinin və Krım tatarlarının sürgün edilməsində xüsusi rolu olmuş erməni millətçilərinin başbiləni Mikoyanın DQMV ilə bağlı 1960-cı ilki təşəbbüsünün ləğvində isə Azərbaycan KP MK-nin ideoloji katibi (1958-ci ildə Sov. İKP MK-da bölmə müdiri görəvində çalışmış) Nazim Hacıyev həlledici rol oynamışdı (6: s.272-273).
   Ancaq Mikoyan bir qədər sonra Azərbaycan xalqından intiqam almaq üçün Kreml xəstəxanasının professoru Abramyanın əli ilə N.Hacıyevi aradan götürdü. (7: s.2; 6: s. 273).
    1965-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edərək, müvafiq abidə də ucaldan ermənilər 10 ildən sonra (1975-ci ildə) Dağlıq Qarabağ məsələsini yenidən qaldırmaq istəmişdilər. Ancaq Heydər Əliyev DQMV üçün sosial-iqtisadi inkişaf planı ortaya ataraq, düşmənin bəhanələrini yoxa çıxartmışdı (6: s.277-279).
    1987-ci ildə H.Əliyev məcburi istefaya göndərildi. Sonra Ermənistandakı azərbaycanlıların bir qismi öldürüldü, yerdə qalanı isə var-dövlətini itirməklə - son nəfərinədək qovuldu ( 16: s.154-170 ). Qarabağ savaşı daha da alovlandı və 1993-cü ilədək ermənilər Rusiyanın hərbi-siyasi dəstəyi ilə növbəti soyqırım silsiləsi törətdilər; Azərbaycan torpaqlarının 20%-ni (DQMV-ni və ona bitişik 7 rayonu ) işgal etdilər, on minlərlə azərbaycanlı öldürüldü, 4 min nəfərə qədər girov götürüldü, 180 mindən artıq ev, 1000-ə yaxın təlim-tərbiyə və 3 minə yaxın mədəni-maarif ocağı, 700-dən çox tibb müəssisəsi yerlə yeksan edildi (12: s.8); mədəni irsimizə ağır zərbə vuruldu: o sıradan, Azərbaycanın Füzuli rayonunda yerləşən (qədimliyinə görə dünyada 3-cü, nəhəngliyinə görə 1-ci) əski insan məskəni - Azıx mağarası da düşmən tərəfindən ələ keçirildi; 1 milyon soydaşımız öz yurd-yuvalarından qaçqın düşdü. Ancaq təəssüf ki, indiyədək BMT tərəfindən dəfələrlə - hələlik sonuncusu: 14 mart 2008-ci il tarixli (17) - Azərbaycanın mövqeyini dəstəkləyən qətnamələr qəbul edilsə də, işğalçını mövqeyindən döndərəcək uluslararası güclər hələ də o beynəlxalq sənədlərin icrasında maraqlı deyillər... Bu isə, əlbəttə, nəhəng dövlətlərin timsalında çağdaş «modern» imperializmin dəstəklədiyi qüvvələrin hüquqi məsuliyyətsizliyinə, yeni-yeni soyqırım cəhdlərinə rəvac verir.
   
   Erməni vəhşiliyinin Xocalı səhifəsi
   
   Çağdaş “mədəni” erməni kimliyinin ən bariz təzahürü, heç şübhəsiz, Xocalı vəhşətidir...
   1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatlarının və rus hərbi birləşmələrinin 366-cı alayının hücumu ilə Xocalı əhalisinə qarşı sözün əsl mənasında soyqırım törədildi: burada minlərlə əliyalın, dinc Azərbaycan vətəndaşının kütləvi ölüm səhnəsi düzənləndi. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin soyqırımı araşdıran istintaq komissiyasına təqdim edilmiş hərbçilərin danışıqlarının lent yazısı da planın öncədən hazırlandığını və 366-cı rus motoatıcı alayının milyonlarla manat pul qarşılığında bu müdhiş faciədə iştirak etdiyini təsdiqləyir.
   Rəsmi bilgilərə görə, Xocalı qətliamında 613 nəfər şəhid olmuş, onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə öldürülmüş, o sıradan, 27 ailə tamamilə məhv edilmiş; 30 ailə öz başçısını itirmiş, 1275 nəfər isə əsir alınaraq, olmazın zülmlərə uğradılmışdır...
   Hələ 1992-ci il fevralın 16-da, 366-cı alayın nəzdində Xaçik Vartanyanın başçılığı altında türk qanı içməyə hazır olan ”Klukin, erməni cəbhəsi” rotası (bölük ) yaradılmışdı. Bu bölüyün özəyini Livan, Amerika, Kanada, İsveç və Hollandiyadakı erməni icmalarını təmsil edən, ”Böyük Ermənistan” xəyallı erməni birləşmələri təşkil edirdi. Düşüncə və hisslərinə türk düşmənçiliyi hopdurulmuş livanlı erməni qızlarından ibarət “Şuşanik” adlanan snayperçilər dəstəsi də fevralın 17-də onlara qoşuldu.
   Çağdaş erməni təcavüzünün ən ifrat pilləsi olan Xocalı soyqırımı - uluslararası çapda millətçi kimi tanınan erməni icma, diaspor qurumları və lobbiçilərinin birgə hazırladıqları ”Böyük Ermənistan” planının yeni dönəmə uyğun mərhələsi “Haydad” və ASALA terror təşkilatlarıyla birgə həyata keçirildi. Bu əməliyyat vaxtı SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi yasaqlanmış “dairəvi” güllələr və başqa silahlar da tətbiq edilərək sınaqdan çıxarıldı (15: s.30-31).
   Xocalı soyqırımında iştirak edən hərbi hissələrdən birinin əks-kəşfiyyat rəisi, polkovnik V.Savelyev özünün “Məxfi arayış”ında erməni vandalları ilə yanaşı, rusların “zabit şərəfi”ni ləkələyən hərbçilərin də adlarını açıqlamışdır. Bunların sırasında 366-cı motoatıcı alayın komandanı Yuri Yuriyeviç Zarviqorov və ondan başqa 23 nəfər rus soyadlı zabit də vardır (15: s.31-34)...
    Ermənilər və onların havadarları tərəfindən tarixin qara dəftərinə yazılan bu siyasət və onun icrası beynəlxalq hüququn əlifbasından da bəlli olduğu kimi, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya ilə və başqa uluslararası hüquqi sənədlərlə bəşəri cinayət kimi qiymətləndirilir.
   
   Qeyd:
   Yazıda toxunulan soyqırım aktlarına beynəlxalq hüquq müstəvisində layiqli hüquqi qiymət verilməli, yer üzündə sülh və əmin-amanlığa qarşı yönəlik belə fəaliyyətlər cilovlanmalıdır.
   Əks halda, 1920-ci ildə Basarkeçər və Vedibasar mahalları, Gəncə quberniyasının Zəngəzur qəzası, Qazax qəzasının cənub hissəsi ; 1922-ci ildə Göycə, Dilican əraziləri; 1923-cü ildə Naxçıvanın tərkibində olan 9 azərbaycanlı kəndi; 1929-cu ildə Qazağın 5 min hektar torpaq sahəsi, Cəbrayıl qəzasının Nüvədi, Yernəzir və Tuğut kəndləri, 1946-cı ildə daha 4 min hektar Azərbaycan ərazisi ermənipərəst- bolşevik Sovetlər Birliyi rəhbərliyinin gizli əmr və təzyiqi ilə “peşkəş” edilmiş Ermənistan bugünkü dönəmdə də ərazilərimizin 20% işğalı ilə kifayətlənməyib, Naxçıvana və başqa bölgələrimizə iştah salmaqda davam edəcəkdir.
   
   Xaqani İSMAYIL
   
   Qeyd: Yazı Azərbaycan Mətbuat Şurası və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim olunur.
   
   
   Ədəbiyyat:
   1. AXCE, 2 cilddə, II c., Bakı, 2005.
   2. Cəmil Həsənov. “Ağ ləkə”lərin qara kölgəsi”. Bakı, 1991.
   3. Mehman Süleymanov. «Qafqaz İslam Ordusu və Azərbaycan». Bakı, 1999.
   4. Nəriman Nərimanov. «Ucqarlarda inqilabımızın tarixinə dair». (İ. V. Stalinə məktub). Bakı, 1992.
   5. Ə. Abdullayev. «Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən». Bakı, 1995.
   6. Ə. M. Quliyev, A.Ə. Quliyev. «Türk oğlu»,... 17-ci hücuma hazır ol!». Bakı, 2003.
   7. “Azadlıq” qəzeti. Bakı, 10-12 aprel 1999, s.12.
   8. Ö. Pompeev. «Krovavıy omut Karabaxa». Baku, 1992.
   9. Partarxiv Zakraykoma po arxivu N-9, d.15, 1921. L.L. 2(-2) ob. Kavböro ÜK RKP za 1921 q. Protokolı Prezidiuma i Plenuma…
   10. S. M. Ştemenko. «Baş ştab müharibə illərində». Bakı, 1972.
   11. «Haqqın üstünü örtsələr də zaman açır» məqaləsi. «Xalq qəzeti», 7 may 1993, s.3.
   12. Hidayət Orucov. “Tarix susan deyil”- B.Ə.Budaqov, Q.Ə.Qeybullayev. “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabına yazılmış ön söz. Bakı, 1998.
   13. İ. Məmmədov, S. Əsədov. «Ermənistan azərbaycanlıları və onların acı taleyi». Bakı, 1992.
   14. Ataxan Paşayev. «Köçürmə - 1948-53». «Respublika» qəzeti, Bakı, 6 aprel 1991-ci il.
   15. Akif Aşırlı. «Türkün Xocalı soyqırımı». Bakı, 2005.
   16. İ.Vəlizadə, B.Muradov. «Ermənistan azərbaycanlılarının soyqırımı». Bakı, 1996.
   17. “Xalq qəzeti”. Bakı, 15.03.2008.
   18. İnqilab İsmayılov. «Ermənilərin soyqırım, repressiya və deportasiya siyasəti». “Azərbaycan” qəzeti, Bakı, 24 aprel 2001-ci il.
   19. Azərbaycan tarixi. 7 cilddə, 5-ci c., Bakı, 2001.