Fevralın 22-də Azərbaycan Teatr Xadimləri İttifaqı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə birlikdə əməkdar artist, aktyor, professor Firdovsi Naibovun anım mərasimini keçirib. Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin hazırladığı sənədli filmlə başlayıb. Filmdə qısa da olsa, sənətkarın həyat və yaradıcılığı yer alıb. Anım mərasimində Teatr Xadimləri İttifaqının sadri, xalq artisti Azər Paşa Nemət, professor Nəzakət Qazıyeva, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu kafedrasının müdiri Sevda Teymurova F.Naibovun həyat və yaradıcılığından danışıblar.
   Bildirilib ki, o, 1935-ci ilin 22 fevralında Bakıda anadan olub. Orta təhsilini 190 saylı məktəbdə, alini isə Azərbaycan Dövlət Teatr İnstitutunun teatr və kino aktyorluğu fakültəsində alıb. Tələbə ikən rejissor Zəfər Nemətov onu Gənc Tamaşaçılar Teatrına dəvət edib. Naibov bir yerdə çalışdığı sənətkarlardan bəhrələnib və yaradıcılığını təkmilləşdirmək məqsədilə 1963-cü ildə Moskvada A.Efrosun rəhbərlik etdiyi rejissorluq kursunu bitirib.
   Teatrda çalışdığı illərdə 80-ə yaxın rolda çıxış edib. Onun yaradıcılığı həyata baxışı, obrazların xarakterinə nüfuz etməsi ilə fərqlənib.
   Anım günündə xalq artisti Azər Zeynalov mərhumun əziz xatirəsinə hörmət əlaməti olaraq onun sevdiyi «Qal, sənə qurban» mahnısını oxuyub. Həmçinin xalq artisti Canəli Əkbərovun ifasında mahnı dinlənilib.
   Ailə üzvlərinin, tələbələrinin və dostlarının da iştirak etdiyi tədbir, F.Naibovun tamaşalarından göstərilən fraqmentlərlə davam edib.   

    Günel QƏHRƏMANOVA