Bilmirəm, Yer üzündə belə bir çiçək var, ya yox, amma onu bilirəm ki, torpağı tapdanmış, evi yağmalanmış, yurdu talanmışların ürəyində həsrət çiçəyi bitir və ilin bir günü rəngsiz, dadsız dünyanın həsrətdən qovrulmuş bu ən qəmli çiçəyini dərib hamılıqla faciəmizi yad edirik...
   
   ...1993-cü ilin aprelində Kəlbəcərin 1936 kv.km ərazisi, yeraltı və yerüstü sərvətləriylə bir yerdə yağı əlinə keçdi. Kəlbəcər uğrunda gedən döyüşlərdə onlarla şəhid verdik, yüzlərlə kəlbəcərli itkin və ya girov düşdü, oddan-alovdan keçib sağ qalanlar məcburi köçkün taleyi yaşamalı oldu...
   ... Kəlbəcərlilər 56 rayon və şəhərin 707 yaşayış məntəqəsində “yurd-yuva” saldı. Deməli, bütöv Kəlbəcər 707 yerə parçalandı, bölündü, xırdalandı...
   ...Kəlbəcərin tarixi-mədəni xəzinəsi 115 məktəbi, 214 mədəniyyət ocağıyla, Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi ilə bir yerdə düşmən əlinə keçdi. “Böyük Ermənistan” xülyasıyla dünyaya çar çəkən düşmən üçün bundan qiymətli sərvət ola bilərdimi?
   ...Hansını deyəsən, “Xudavəng” abidə kompleksi, “Alban məbədi”, «Laçınqaya», «Qalaboynu», «Comərd» və neçə-neçə tarixi abidələrimiz, təbiət abidələrimiz, hər daşa, hər qayaya hopan izimiz, xatirələrimiz, yaddaşımız, adət-ənənəmiz, folklorumuz və qızıl yataqlarımız...
   ...Kəlbəcərdə Zod, Söyüdlü, Ağbuzdağ, Tutqun qızıl yataqlarında indi ermənilər qızıl xırdalayır, düşmən torpağımızda at oynadır və bütün bunlar ürəyimizin sarı siminə toxunur...
   ...Sarı sim demişkən, Kəlbəcərdə hər evdə saz var. Hər kəs saz çalır, amma hər kəs əlini uzadıb sarı siminə toxuna bilmir. Dədə Şəmşirin ruhuna toxunacağından qorxur. Onlar üçün saz o qədər müqəddəsdir ki...
   ...17 ildir kəlbəcərlilər “Ruhani” havası yaşayıb, “Misri” gözləyir. Gözləyir ki, dağların lala vaxtı vətənə dönüb ürəklərindəki həsrət çiçəyini azad, dağılmış yurdlarını abad eləsinlər.
   Xəyalın gözüylə dönüb Vətənə baxdım. İşğal altındakı torpaqlarımız Kəlbəcərin başına yığışıb onu dərdləriylə ovutmaq istəyirdilər...
   
   Təranə Məmmədova