1 aprel 1854 - Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854-1926) Şuşada anadan olmuşdur. “Müsibəti-Fəxrəddin” dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub.
   3 aprel 1908 - Tanınmış alim, Azərbaycanın ilk akademik-filosofu Heydər Hüseynov (1908-1950) anadan olub. Azərbaycan fəlsəfi və ədəbi fikir tarixinə həsr olunmuş əsərləri iki dəfə Stalin mükafatına (1949-1950) layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.
   4 aprel 1913 - Görkəmli aktyor, Xalq artisti Əli Zeynalov (1913-1988) anadan olub.
   4 aprel 1920 - Xalq artisti, tarzən Hacı Məmmədov (1920-1981) anadan olub.
   5 aprel 1905 - Tanınmış rəssam, Azərbaycan Rəssamlar İttifaqının ilk sədri İsmayıl Axundov (1905-1969) anadan olub.
   5 aprel 1909 - Görkəmli bəstəkar Asəf Zeynallı (1909-1932) Şuşada anadan olub. Azərbaycan musiqi mədəniyyəti tarixində bir sıra yeni janrın yaradıcısı kimi tanınıb, simfonik, kamera-vokal və instrumental əsərlər bəstələyib.
   6 aprel 1717 - Görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqif (1717-1797) Qazax mahalının Qıraq Salahlı kəndində anadan olub. Qarabağ hakimi İbrahim xanın vəziri olub. Yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən biridir.
   7 aprel 1906 - Azərbaycanın ilk satirik jurnalı olan "Molla Nəsrəddin"in birinci sayı çapdan çıxıb. C.Məmmədquluzadənin redaktoru olduğu jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Jurnalda dövrün mütərəqqi ziyalıları Ö.F.Nemanzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi, Ə.Əzimzadə və başqaları fəaliyyət göstərirdilər.
   7 aprel 1930 - Tanınmış jurnalist Azad Şərif (1930-2009) anadan olub. “Azərinform”a (AzərTAc) rəhbərlik edib, “Molodyoj Azerbaydjana” qəzetinin ilk redaktoru olub.
   7 aprel 1959 - Xalq yazıçısı Çingiz Abdullayev anadan olub. Detektiv janrında əsərləri dünyada məşhurluq qazanıb.