O, nəşriyyatı «Beşik» adlandırmışdı. Yəqin ki, hər şeyin - uşağın tərbiyəsindən tutmuş tale yolunun müəyyənləşdirilməsinə qədər hər şeyin beşikdən başladığını düşündüyü üçün... Ya da bu adda hansısa milli və genetik çalarların mövcudluğunu bildiyinə görə... Səbəb nə olursa-olsun, hər halda, nəşriyyatın yaranışından çox-çox əvvəllər müəyyənləşdirilmiş ad uğurlu idi...
   
   
   Mənim isə nəşriyyatın məramı, məqsədi haqqında aldığım ilk məlumatdan və təəssüratdan sonra ağlıma gələn fikir - «Beşik» nəşriyyatı - gerçək nağıllar dünyası» oldu. Çünki bu nəşriyyat nə qədər populist səslənsə də, balalarımız üçün Azərbaycanımızla, onun tarixi keçmişi, bu günü, faciələri, itirilən torpaqları, yaşamış, yaşayan və gələcəyə adlamalı olan qəhrəmanları ilə bağlı yeni və gerçək nağıllar dərc edəcəkdi. Hətta ilk tanışlığımız və iş təklifini aldığım zaman o nağıllardan beş-altısının «siqnal nüsxəsi» də hazır idi... Əlbəttə, həyatı çəhrayı rəngdə təqdim edəcək gerçək olmayan, amma yenə də uşaqlara çox şey öyrədəcək nağıllarımız da çıxmalıydı. Lakin ilkin ideya məhz gerçəkliklə - dövlətçiliklə, azərbaycançılıqla, tariximizlə bağlı idi.
   Onu da deyim ki, bu, hər hansı məqsədlər üçün çıxış mətnlərinə yazılan və ya natiqlərin dilində səslənəcək sözlər yox, nağıllarda əməli işlə reallaşacaq arzular idi...
   Və bu ideyanın müəllifi naşir, yazıçı oğlu, bir zamanlar - müharibə dövründə cəbhə bölgələrini gəzən jurnalist Qoşqar İsmayıl oğlu Qarayev idi.
   Bilmirəm, bizdə nədənsə dünyasını dəyişmiş insanlardan mükəmməllik mücəssəməsi yaratmaq meyli var. Hər zaman da olacaq. Və yəqin ki, insanlar (indiki məqamda bunu daha yaxşı başa düşürəm) itki ilə bağlı yaşadıqları ağrı-acını bu yolla az da olsa xəfiflətmək, yüngüllətmək istəyi ilə belə edirlər. Amma şəxsən mən bu meyildən uzağam... İtki acısından uzaq olmasam da... Çünki görülən və görüləsi işlərin böyüklüyünü dəqiq bildiyim kimi, insanın mükəmməl olmadığını da bilirəm... Ona da əminəm ki, İnsana dəyər qazandıracaq şey mükəmməllik yox, Özünə, Arzularına, İşinə, Ailəsinə, deməli, həm də Vətəninə etdikləri ilə ölçülə bilər...
   İndi - bu məqamda xatırlayıram ki, nəşriyyata və onun həyata keçirməli olduğu «Mən və mənim dünyam» layihəsinə rəhbərlik etmək təklifini alanda həm təəccüblənmiş, həm də cəsarətsizcəsinə çaşıb qalmışdım. Mən uşaq ədəbiyyatı mütəxəssisi olmamışam, müasir ədəbiyyatla məşğul olsam da, uşaq ədəbiyyatının tədqiqatçısı da deyildim. Amma ilk təəssürat - qarşıda görüləcək və nəzərdə tutulan işlər, ən əsası da əvvəlcə ehtiyatlı (o həmişə ideya oğrularından ehtiyat edirdi və haqlı olaraq), bir qədər sonra coşqunluqla dolu məlumatı dinlədikcə ideyanın aliliyi, böyüklüyü məni özünə çəkdi. Elə sonralar da O, «Bizim nə etdiymizi hələ dərk etmirlər, amma nə zamansa mütləq edəcəklər» - deyirdi. Bu sözü eşidə-eşidə hələ ki dəyərləndirilməyən, hədsiz enerji, hədsiz maliyyə (qazandıqlarının nə qədərinin bu işə qoyulduğunu çoxları bilir) və xüsusilə də əsəb sərf olunan (dəyərləndirilmə zəif olanda bundan təbii nə var ki...) bu işə nə qədər bağlı olduğu, ideyanın hər mərhələsinin həyata keçirilməsindən nə qədər zövq aldığı indi də gözlərim önündədir.
   Mətbuatda, təsisçisi olan qurumlarda çalışanlar bilirlər ki, adətən belə müəssisələrdə iş necə qurulur. Təsisçi maliyyəni ayırır, direktor işə nəzarət edir, yaradıcı işləri isə onları görməli olan insanlar həyata keçirirlər. Bizdə isə belə deyildi.
   Hər kitab (bəli, bəli, hər kitab) üzərində birgə iş aparılırdı. Bilinmirdi təsisçi kimdi, direktor kimdi, rəssam kimdi, tərtibatçı kim... Bəzən mübahisələr, bəzən razılaşmamalar, bəzən hətta bir məxrəcə gələ bilmədiyimizdən müəyyən müddətə kənara qoyulan kitablar... O hər kitabın üstündə əsirdi... Balası kimi deməyəcəyəm... İşlənmiş və az qala çürümüş sözdür... Amma ondan daha artıq... Bəzən yaradıcılıq azadlığı verir, bəzən isə öz zövqünü inadla diktə etməyə çalışırdı. Amma bu diktə nə qədər inadkarcasına olurdusa-olsun nəşriyyata yeni və fərqli ruhlu rəssamların, qələm adamlarının, yazıçıların cəlb olunmasını tələb edirdi. Axtarırdı, axtartdırırdı. İnformasiya alır, yoxlayır və reallaşdırmağa çalışırdı.
   Nə zamanlarsa uşaqlar üçün yazmış yazıçıları tapır, kimini hansısa bölgədən gətirtdirir, kiminin kitablarını arxivdən qaldırtdırır, hansısa gənc və ya müasir yazıçılara (təklifi edən və onlarla danışıqları aparan özüm olduğumdan şahidəm) uşaqlar üçün yazmağı (əlbəttə ki, qonararla) təklif edirdik. Hələ bundan sonra ən azı on il işləyə biləcək bir nəşriyyatın tematik planı ilə çalışırdıq. Deməli, hələ bundan sonra bir on il də çap edəcəyimiz kitabların nəinki adı, hətta mətni, müəllifi, rəssamı da bəlli idi.
   İki il hələ tamam deyil. Amma nəşriyyatımızda yüz əlliyə yaxın kitab çap olunub.... İki il hələ tamam deyil, amma çap olunası yüzə yaxın kitab sırasını gözləyir... Və kim də olmasa, direktor kimi mən bilirəm ki, iki il tamam deyil, amma bu kitablara qoyulan xərcin heç yarısı da xərc sahibinə çatmayıb, gəlir gətirməyib... Çünki bizdə kitab alan azdır, kitaba dəyər verən də onun kimi...
   Və iki il tamam deyil, amma Arzuların «Stop» düyməsi artıq basılıb... Çünki artıq O yoxdur. Gerçək nağıllar dünyamızın gerçək itkisi bax, beləcə baş verib...
   Onu da deyim ki, bu Arzuların reallaşmasına canatmanı çoxları başa düşmürdü. Ona bu qədər xərc çəkilməsi, gəlir verməyən bir işə bu qədər çaba sərf olunması əksəriyyətinin təəccübünə səbəb olurdu. Amma öz Arzusuna və Arzunun gələcəyinə ümidin, inamın nə demək olduğunu, öz Arzusunu Sevməyin necə olduğunu içi mən qarışıq bir sıra insanlar var ki, dəqiq anlayırlar. Hər halda, o bu Arzu üçün və bu Arzu naminə çox şey etdi... İndi isə...
   Əlbəttə, bu nəşriyyat tarixə də gömülə bilər (tarixdə qalan işləri olsa da), hələ bundan sonra uzun illər yaşaması da mümkündür... Amma bütün bunlar ideyanın və nəşriyyatın yaradıcısı - bu Arzunun sahibi olmadan baş verəcək...
   İnsan ölümü həmişə dəhşətlidir! Hər yaşda! Qırx yaşda xüsusilə... Amma bundan daha dəhşətlisi Arzuların ölümüdür. Yarımçıq can verməsi, yarımçıq dəfn olunmasıdır... Düzdü, o kitablar çıxdı, bəziləri çıxacaq da.. Amma heyif ki, bütün bunları O, görməyəcək...
   Və bu gün heç nəyə yox, nəşriyyatın fəaliyyətə başladığı andan bəri yaşadığı və hamımıza yaşatdığı tələskənliyə, qaça-qovduya görə daha çox təəccüblənirəm. Eyni zamanda təəssüflənirəm... «Tez edək, tez olsun, tez çıxsın, yüzlük başa çatsın. İkinci yüzlüyə adlayaq...» Sanki arxadan qovan atlı varmış... Amma... Sən demə varmış... Sən demə, tələsməyin səbəbi bu imiş... Ya da...
   Hə, daha bir məqamın üstündən keçə bilməyəcəyəm... Bilmirəm kim nə düşünər, kim nə zənn edər... Adətən bizdə bu işləri (kitab nəşrini deyirəm) ya pul, ya da ad-san qazanmaq üçün edirlər... Pul qazanmaq - əlbəttə! Lazımdır! Amma dediyim kimi, mən şahidəm ki, bu işə nə qədər pul xərcləndi, qazanc isə?
   Ad-san qazanmaq?! Gözə girmək?! Buna da (yəqin ki,əksəriyyətin xatirindədir) yenə də mən şahidəm ki, istər televiziya çəkilişləri, istər keçirdiyimiz xeyriyyə aksiyaları və uşaq evlərinə, kitabxanalara bağışlamalar, istərsə də mətbuatla görüşlər, lap elə təqdimatımızın özü olsun - O, heç vaxt və heç nə danışmazdı. Arxa planda qalmağa, görünməməyə üstünlük verərdi... Kameradan qaçardı... Həmişə «Özünüz danışın» deyərdi...
   Bəs... Tarixdə qalmaq necə? Hə!!! Əlbəttə ki, O, buna iddialı idi. Yaratdığı nəşriyyatla, ideya müəllifi olduğu layihə və çap etdiyi kitablarla birgə. Nə yaxşı ki, buna kimsə mane ola bilməyəcək! Çünki hələ də ünvanına - bütün uşaqlara çatdırılması istənilən şəkildə həyata keçirilməmiş kitablar mütləq və mütləq tarixdə qalacaq. «Təsisçi və ideya müəllifi: Qoşqar Qarayev»lə birlikdə...
   
   Nərgiz Cabbarlı,
   «Beşik» nəşriyyatının direktoru