II Dünya müharibəsində faşizm üzərində qələbənin əldə olunmasında on minlərlə azərbaycanlı igidlik və rəşadət göstərib. Ancaq bu müharibədə şücaət göstərmiş, canını fəda etmiş elə həmyerlilərimiz də olub ki, onların qəhrəmanlığı uzun illər bizə naməlum qalıb. Yalnız yorulmaz tədqiqatçılarımızın səyi nəticəsində müharibə tarixinin bizə bəlli olmayan səhifələri üzə çıxıb, xalqımızın qəhrəman oğul və qızının adını öyrənmək mümkün olub. Onlardan biri də müharibənin ağır günlərində Smolenskdə fəaliyyət göstərən partizan dəstələrindən birinin həkimi olmuş Aliyə Rüstəmbəyovadır. Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları fondunun müdiri, böyük elmi işçi Rəna Səfərova xalqımızın qəhrəman övladı A.Rüstəmbəyovanın həyat yolu barədə tədqiqatını başa çatdırıb. Onunla görüşüb apardığı araşdırmalar barədə söhbət etdik.
   
   
   - Kim olub Aliyə Rüstəmbəyova?
   - Aliyə Rüstəmbəyova 1907-ci ildə Şuşada anadan olub. Hələ kiçik yaşında ikən ailələri Bakıya köçüb. Atası Fətulla Rüstəmbəyov neft sənayesində çalışıb, mühəndis-texnoloq, Azərbaycanda neft sənayesinin yenidən qurulmasının təşkilatçılarından biri olub. Aliyə Bakıdakı 3 saylı orta məktəbi bitirib. Azərbaycan Tibb İnstitutuna daxil olub, sonra təhsilini 1-ci Leninqrad (indiki Sankt-Peterburq ) Tibb İnstitutunda davam etdirib və bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Onu Özbəkistana işləməyə göndəriblər. 1938-ci ildə təcrübəli həkim-terapevt kimi Moskvaya çağırılıb, Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışıb, elmi tədqiqatlar aparıb.
   - Onun müharibə həyatı necə başlayıb?
   - A.Rüstəmbəyovanın müharibə həyatı 1939-cu ildə başlayıb. Həmin vaxt Sovet İttifaqı ilə Finlandiya arasında müharibə gedirdi. Onu da həkim kimi cəbhəyə, Kareliya bərzəxində gedən döyüşlərə göndərirlər. Sovet-fin müharibəsi 1940-cı ilin martında başa çatır və Aliyə Rüstəmbəyova Moskvaya qayıdır. 1941-ci ilin 22 iyununda isə faşist Almaniyası ilə Sovet İttifaqı arasında dəhşətli müharibə başlayanda Aliyə yenidən cəbhəyə gedir, Volokolamsk şəhərində yerləşən Qırmızı Ordu hissələrindən birinin tibb-sanitar batalyonuna hərbi həkim təyin olunur. O, əvvəlcə Moskva ətrafında, sonra Smolensk-Bryansk cəbhə xəttində tibb-sanitar batalyonunda çalışır, yüzlərlə yaralı əsgəri ölümdən xilas edir.
   - Aliyənin əsirlik həyatı, sonrakı taleyi necə olub?
   - 1941-ci ilin dekabrında ağır döyüşlərin birində Aliyə yaralanır və əsir düşür. Almanlar Aliyənin həkim olduğunu bilir və ondan bir həkim kimi istifadə etmək istəyirlər. O isə əsirlikdən qaçmaq və partizanlara qoşulmaq istəyirdi. Bunun üçün vaxt və imkan qazanmaq üçün almanların təklifi ilə razılaşır. 1942-ci ilin fevralında bir qrup əsir döyüşçü ilə əsirlkdən qaçır, Smolensk meşələrində “Deduşka” adlı partizan dəstəsində həkim kimi çalışır.
   1942-ci ilin yayında Smolensk partizanlarının vəziyyəti ağırlaşır. Almanlar öz hərbi hissələrini birləşdirərək partizan dəstələri üzərinə yeni qüvvələr göndərir. “Deduşka“nın digər partizan dəstələri ilə əlaqələri kəsilir. Düşmənə ciddi müqavimət göstərən partizanlar çox ciddi itki verirlər. 1942-ci il iyunun axırlarında həmin qanlı döyüşlərin birində Aliyə Rüstəmbəyova qəhrəmancasına həlak olur...
   - A.Rüstəmbəyovanın partizanlıq fəaliyyəti barədə hansı sənədlər mövcuddur?
   - Bu barədə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda xeyli material var. Həmin materiallar arasında Pavlov adına Leninqrad Tibb İnstitutunun Pronedevtika-Terapevtika Klinikasının direktoru, SSRİ Tibb Elmlər Akademiyasının həqiqi üzvü, həmin dövrdə Leninqrad şəhərinin baş terapevti işləmiş M.Tuşinskinin N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun dosenti, tibb elmləri namizədi Məhbubə Mahmudbəyovaya (Aliyənin xalası) göndərdiyi beş məktubu var.
   14 iyun 1942-ci ildə göndərilmiş məktubda yazılıb: “Aliyədən xəbər yoxdur. Ecazkar, mehriban Aliyə fikrimdən çıxmır”. İkinci məktubda yazılır: “Aliyədən heç bir xəbər yoxdur. Məlumat bürosunun xəbərlərindən birində oxudum ki, almanlar Smolensk vilayətində bir neçə kəndi büsbütün dağıtmışlar, dəhşətə gəldim”. Üçüncü məktubda belə bir qeyd var: ““Pravda” qəzetində Azərbaycan haqqında məqalə vardı. Orada Smolenskdə işləyən «R» soyadlı azərbaycanlı barədə yazılmışdı. Ola bilsin ki, bu, bizim Aliyədir“.
   Dördüncü məktubda “Bizə, Leninqrada Moskvanın baş terapevti gəlmişdi. Onun sözlərinə görə, gəlişindən iki həftə qabaq Aliyədən məktub alıb. Aliyə Smolensk-Bryansk meşələrində partizan dəstəsinin tibb-sanitar batalyonunun rəisi işləyir. Sağ-salamatdır. Mümkün olsaydı, onu Moskvaya çağırardım. Biz mütəmadi olaraq belə şəraitdə yerləşən həkimlərimizi dəyişirik” deyilirdi.
   1943-cü ilin mayında yazılan məktub yaxınlarının tam ümidsizliyə qapıldığından xəbər verir: “Aliyədən heç bir xəbər yoxdur. Onun salamat qalmasına, demək olar ki, ümidim qalmayıb. Mən moskvalı dostlarımdan Aliyə barədə öyrənməyi xahiş etmişəm. Hələ ki heç bir xəbər yoxdur”.
   Smolensk partiya arxivindəki sənəddə bildirilir: “Aliyə Rüstəmbəyova - ehtiyatda olan həkim, bitərəf, 1941-ci il iyulun 23-də səfərbərliyə alınıb. 1942-ci il fevralın əvvəllərində “Deduşka”nın partizan birləşməsində olub. Droqobujskda yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində işləyib. 1942- ci ilin iyununda həlak olub”.
   Həkim-partizan Aliyə Rüstəmbəyova müharibədə qəhrəmancasına həlak olaraq, vətəninin, Azərbaycanın adını ucaldıb. Məhz buna görə də xalqının qəlbində əbədi yaşayır. Böyük öndər Heydər Əliyev vaxtilə Aliyə Rüstəmbəyova haqqında yüksək fkirlər söyləyib. 1972-ci il “Oktyabr” jurnalının 6-cı sayında Heydər Əliyevin A.Rüstəmbəyova haqqında dediyi bu sözlər qeyd olunub: ”Mən Smolensk vilayətində partizan dəstələrindən birində döyüşən şərəfli azərbaycanlı qızı, hərbi həkim Aliyə Rüstəmbəyovanın igidliyini yüksək dərəcədə səciyyəvi hesab edirəm”.
   Azərbaycanın vətənpərvər qızının ürəyimizi fərəhlə dolduran qəhrəmanlığı ədəbiyyat və incəsənət nümayəndələrinin də nəzər-diqqətindən kənarda qalmayıb. Şairə Mirvarid Dilbazi “Partizan Aliyə” (1972) poemasını yazıb. Heykəltəraş Aslan Rüstəmov onun büst-portretini (1962) hazırlayıb.
   Əlbəttə, vətən yolunda az-çox xidməti olan hər bir kəsin adını qədirbilən xalqımız həmişə uca tutub, onların adını qəlblərdə, könüllərdə yaşadıb.
   
   Savalan Fərəcov