Hacıbaba Bağırov səhnə yaradıcılığına dram aktyoru kimi başlayıb. Lakin yaradıcılığının estetik səciyyələri əsasən musiqili komediya janrı ilə bağlıdır.
   Hacıbaba Ağarza oğlu Bağırov 12 iyun 1932-ci ildə Bakıda doğulub. Aktyorluğa 1940-cı illərdə Milli Dram Teatrının yardım heyətində başlayıb, burada üçillik aktyorluq studiyasını bitirib. 1948-1949-cu illərdə Lənkəran Dram Teatrında çalışıb. Sonra Bakı Dəmiryolu Texnikumunda oxuyub. Bir neçə il müxtəlif mədəniyyət müəssisələrində çalışıb. 1960-cı ildə Gəncə Dram Teatrında işləyib. 1962-ci ildən isə Musiqili Komediya Teatrının truppasında fəaliyyət göstərib.
   H.Bağırov dramatik hərəkətlər toplusuna və plastik rəqs elementlərinə malik aktyor idi. Qaravəlli tipli səhnə obrazlarında karnaval estetikası prinsiplərindən ustalıqla istifadə edirdi.
   Həmin yaradıcılıq prinsipləri əsasında yaratdığı başlıca rollar bunlardır: Muradxan bəy ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Soltan bəy, Məşədi İbad ("Arşın mal alan" və "O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Uzun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), İbişov, Dayandur ("Özümüz bilərik" və "Olmadı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Fəqan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Mitoş ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Hüseynqulu ("Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş", Rüfət Əhmədzadə və Emin Sabitoğlu), Əsgər Nəcəfoviç ("Ləpələr", Əliağa Kürçaylı və Arif Məlikov), Atakişi ("Bankir adaxlı", Tamara Vəliyeva və Emin Sabitoğlu), Bilal ("Qız görüşə tələsir", Adil Babayev və Tofiq Bakıxanovla Nəriman Məmmədov), Möhsün ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov) və s.
   Hacıbaba Bağırov 1974-cü ildə Əməkdar artist, 1982-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
   Teatrla yanaşı kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Qanun naminə”də Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
   1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
   2006-cı il oktyabrın 4-də vəfat edib.