Cənnət Qarabağın dilbər guşəsi indi bu görkəmdədir
   
   İyulun 23-ü Azərbaycanın Qarabağ bölgəsindəki Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 17-ci ildönümüdür. 1993-cü ilin həmin günü erməni silahlı qüvvələri bir neçə həftə sürən aramsız hücumlardan sonra rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal edərək Ağdam şəhərinə daxil olublar. Günün ikinci yarısında şəhər tamamilə işğal olunub. Sonrakı günlərdə erməni qüvvələri Ağdam rayonunun ərazisinin böyük bir hissəsini işğal etdilər.
   
   Hazırda rayonun 1094 kv. km inzibati ərazisinin təxminən 78 faizi, 122 kəndindən 87-si işğal altındadır. Ağdam şəhəri isə işğalçılar tərəfindən tamamilə yerlə-yeksan edilib.
   Ağdamın xarabalıqlarını görənlər bu mənzərəni II Dünya müharibəsində amerikalıların darmadağın etdikləri yapon şəhərləri Xirosima və Naqasaki ilə müqayisə edirlər. Çünki vaxtilə Azərbaycanın Qarabağ bölgəsinin ən iri yaşayış məntəqəsi olan Ağdamın yerində indi çöllük-biyaban, «kabus-şəhər» qalıb. İşğaldan öncə Ağdam rayonunun əhalisi təxminən 160 min nəfər olub, indi 170 min nəfərdən çoxdur. Onların təxminən 130 mini doğma torpağında didərgin, köçkün vəziyyətində yaşayır.
   
   * * *
   "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib. Bu mənada "Ağdam" - günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.
   Rayonun ərazisində tariximizin şahidi olan 1 dünya, 3 ölkə, 34 yerli əhəmiyyətli memarlıq abidəsi, 3 dünya, 96 yerli əhəmiyyətli arxeoloji abidə qeydə alınıb: Ağdam şəhərinin şimal-qərbində Xındırıstan kəndində yerləşən Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Musa oğlu günbəzi (1314-cü il), Salahlı-Kəngərli kəndindəki türbə və daş abidələri (XIV əsr), Papravənd kəndindəki Xanoğlu türbəsi (XVII əsr), türbələr və məscid (XVIII əsr), Qarabağ xanı Pənahəli və onun nəslinin Ağdam şəhərindəki imarəti (XVIII əsr) və s. Tariximizin sirdaşı olan bu abidələr Ağdamın keçmişinə, bu torpağın qədim və zəngin mədəni irsindən soraq verir.
   Erməni işğalı nəticəsində rayonun ərazisində mövcud olan çoxlu sayda tarixi, mədəni və dini abidələr vəhşicəsinə dağıdılıb, talan edilib. Yuxarıda adları qeyd edilən abidələr, Ağdam şəhərində Xan qızı Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar erməni varvarları tərəfindən darmadağın edilib.
   Ağdamda bütün dünyada yeganə olan "Çörək muzeyi" var idi. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.
   Rayonun məşhur Abdal-Gülablı, Şelli sanatoriyası, Şahbulaq turizm mərkəzi erməni işğalı altında qalıb.
   
   * * *
   Ağdam Azərbaycan mədəniyyətinə, musiqi və incəsənətinə, ədəbiyyatına görkəmli şəxsiyyətlər, böyük sənətkarlar vermiş bölgədir. Rayonda Xan Şuşinski adına Muğam Məktəbi 1985-ci ildən fəaliyyət göstərirdi. Məktəbin nəzdində fəaliyyət göstərən “Qarabağ bülbülləri" ansamblının səs-sorağı Azərbaycandan çox-çox uzaqlara yayılmışdı.
   Muğam Məktəbi yüzlərlə musiqiçi yetişdirib. 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra Muğam Məktəbi Bakıda, Biləcəridəki Q.Abbasov adına 284 saylı orta məktəbdə fəaliyyətini davam etdirir.
   
   * * *
   Ağdamın işğalı Azərbaycanın Qarabağ müharibəsində Şuşa, Laçın və Kəlbəcərdən sonra üçüncü böyük itkisi idi. Ağdam cəbhəsi Qarabağ müharibəsinin ən qızğın döyüş əməliyyatları gedən bölgəsi idi. 1992-1993-cü illərdə bu döyüşlərdə ümumilikdə 5 minədək azərbaycanlı həlak olub.
   Ağdam Dağlıq Qarabağ ətrafında ən böyük rayon idi və onun süqütu 1993-cü ildə Azərbaycanın daha dörd rayonunun (Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) işğalını labüd etdi.
   Bu torpaqları erməni işğalından dinc danışıqlar yolu ilə azad etmək, o yurdlara BMT, ATƏT və sair beynəlxalq qurumların köməyi ilə dönmək istəyi 17 ildir ki, nəhayətsiz davam edir. Hər ötən il bu işin sözlə çözüləcəyinə ümidi azaldır. Çünki sözün kəsəri qalmayıb.
   Ağdamlı şair Rəhman Babaxanlının 16-17 il öncə yazdığı belə misralar var:
   
   Heyratım, bayatım, ağım, muğamım,
   Mənim Qarabağım, mənim Ağdamım!
   Yenə səsin gəldi, qəm güjürgədi,
   Ağladım, sən dedin, mən də ağladım...
   
   Ağlamağın, söz deyib, söz eşitməyin zamanı artıq keçib...
   
   Vüqar Orxan