XIX əsrin sonu - XX əsrin əvvəllərində Rusiyada yüzlərcə azərbaycanlı ziyalı, mədəniyyət, incəsənət xadimi yaşayıb. Onların bir çoxu barədə geniş ictimaiyyətdə yetərli məlumat yoxdur, bəzilərinin həyat və fəaliyyəti araşdırılmayıb. Azərbaycanın ilk pianoçu xanımlarından biri Nəzirə Yaqubova də məhz onlardan biridir. Haqqında daha səhih məlumat toplamaq üçün AMEA-nın Folklor İnstitutunun dissertantı, mövzunun araşdırıcısı Ənvər Çingizoğluna müraciət etdik. O dedi:
   
   - Nəzirə Qulamşah Qacar qızı Yaqubova 1898-ci ildə Tiflis şəhərində anadan olub. O, Qafqazda çox məşhur olan Müqəddəs Nina məktəbini bitirən ilk müsəlman qızlardan biridir. 1910-cu ildə Tiflis Musiqi Məktəbinə, 1914-cü ildə Sankt-Peterburq Konservatoriyasına daxil olub. Sonra Sankt-Peterburq Tibb İnstitutunda da təhsil alıb. Musiqiçi fəaliyyəti ilə yanaşı, həkimliklə də məşğul olub. Sonralar Gürcüstanın Əməkdar həkimi adına layiq görülüb. Nəzirə xanım geniş dünyagörüşünə malik, çox savadlı ziyalı olub. Rus, gürcü, ərəb, fars, fransız, ingilis və alman dillərini bilib.
   
   - Nəzirə Yaqubova haqqında ilk məlumatı necə əldə etdiniz?
   - Qacarlar sülaləsi haqqında kitab yazırdım. Bu işlə bağlı Gürcüstan Dövlət Arxivinə getmişdim. XX əsrin əvvəllərində nəşr olunmuş dövrü mətbuata, qəzet və jurnallara baxırdım. 1926-cı ildə Tiflisdə nəşr olunan “Veçernıy Tibilisi” qəzetini vərəqləyirdim. Maraqlı bir faktla - Nəzirə xanım Qulamşah mirzə Qacar qızı haqqında yazıyla rastlaşdım. Yazıdakı Qacar sözü diqqətimi çəkdi. Ona görə də yazını diqqətlə oxudum. Bu bir təsadüf olsa da, fakt mənə göydəndüşmə kimi oldu. Qəzetin səhifələrində oxucu məktubları dərc olunmuşdu. Doğrudan da, Zaqafqaziya Dəmir Yol Xəstəxanasının pasiyentləri Koroxaşvili və Lomidzenin səmimi məktublarını həyəcansız oxumamaq olmadı. Onlar qayğı və xoş münasibətə görə həkim Nəzirə xanıma öz minnətdarlıqlarını bildirirdilər. Qəzetdə dərc olunmuş məktubda yazılmışdı: “Onun təbəssümü və xoş sözləri hər hansı dərmandan yaxşı müalicə edir. Onlar öz həkimlərini hər şeydən əvvəl əsl insan hesab edirlər”.
   Sonra Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində də oldum. Bu mövzu ilə bağlı araşdırma apardım. Xeyli məlumat toplaya bildim.
   
   - Araşdırma zamanı onun musiqi təhsili və fəaliyyəti ilə bağlı daha maraqlı nələr aşkar etdiniz?
   - Onun həkimliklə bərabər, musiqi fəaliyyəti də çox maraqlıdır. O, Sankt- Peterburq Konservatoriyasında məşhur musiqi pedaqoqu Adolf Yakovleviç Şteygerin sevimli tələbəsi olub. Deyim ki, bu illər onun həyatının gərgin və ən xoşbəxt dövrü olub: Tibb İnstitutunda təhsil, məşhur fortepianoçu professor Droyedovun yanında məşğələlər. Sonra I Dünya müharibəsinin başlanması ilə əlaqədar hərbi xəstəxanalarda iş... O, bütün bunları özünün vətənpərvərlik borcu kimi qəbul edib.
   Onun həyatında tibbə və musiqiyə çox güclü maraq olub. İnsan həyatında bu cür halların paralel inkişafı tarixdən məlumdur. Bu nöqteyi-nəzərdən Nəzirə xanımın həyatına yanaşanda böyük humanist həkim və məşhur musiqiçi Albert Şveytser yada düşür. Nəzirə xanım da bu iki sənətdən hansının daha önəmli olması məsələsində seçimini tibbin xeyrinə edib. Lakin musiqi onu bütün həyatı boyu müşayiət edib.
   
   - O, dövrünün görkəmli musiqiçilərindən daha çox kimlərlə sənət əlaqələri qurub?
   - Gənc ailənin evinə o dövrün məşhur musiqiçiləri, pianoçulardan Aleksandr Borovskoy və Henrix Neyqauz, professor İppolitov-İvanov və həyat yoldaşı,bəstəkar Varvara Zavundnaya, violençelçi Aleksandr Belousov və başqaları təşrif buyururmuş.
   
   - Bəs onun sovet dövrü yaradıcılığı ilə bağlı hansı məlumat var?
   - Nəzirə xanım Qulamşah mirzə Qacar qızının sovet dövrü həyatı araşdırılmayıb. Lakin gözəl həkim və maraqlı musiqiçi Nəzirə xanımım həyatı hər kəsi düşündürməyə bilməz. Çünki onun həyatı Nobel mükafatı laureatı Albert Şveytserin bioqrafiyası ilə qəribə şəkildə səsləşir. Təbabət, musiqi və insana olan sonsuz məhəbbət onların fəal həyat mövqelərinin ifadəsi olub. Gözəl həkim, maraqlı musiqiçi və qayğıkeş insan - Nəzirə Qulamşah mirzə Qacar qızı Yaqubova ömrünün 92 yaşında, 1990-cı ildə vəfat edib.
   
   Savalan Fərəcov