Azərbaycan
   
   20 oktyabr 1141 - Dahi Azərbaycan şairi, böyük mütəfəkkir Nizami Gəncəvinin (İlyas Yusif oğlu Nizami, 1141-1209) doğum günü hesab olunur (dəqiq təvəllüd tarixi məlum deyil). Gəncədə doğulan və burada yaşayıb-yaradan Nizaminin «Xəmsə»si ("Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İsgəndərnamə" poemaları) dünya ədəbiyyatı xəzinəsində ən möhtəşəm yerlərdən birini tutur.
   20 oktyabr 1910 - İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (20.10.1910 - 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
   20 oktyabr 1913 - Tanınmış şair Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə, 1913-27.9.1977) İrəvan şəhərində anadan olub. Bir çox ədəbi nəşrlərə rəhbərlik edib. Rus, ukraynalı, gürcü, belarus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
   20 oktyabr 1922 - Azərbaycanın Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərovanın (1922-7.2.1993) doğum günüdür. Şövkət Ələkbərova məlahətli səsi ilə Azərbaycan musiqisini keçmiş dünyanın bir sıra ölkələrində (Fransa, İsveçrə, Əfqanıstan, Hindistan, Misir, İran, Türkiyə və s.) tanıdıb. Bülbül adına orta ixtisas musiqi məktəbində dərs deyib.
   20 oktyabr 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) latın əlifbasının əski (ərəb) əlifba ilə bərabər hüquqa malik olması haqqında dekret verib. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı Azərbaycan əlifbası 1929-cu ildən tam tətbiq olunmağa başladı və 1939-cu ilədək qüvvədə oldu.
   20 oktyabr 1940 - İctimai-siyasi xadim, publisist, dramaturq Həsən Həsənov Tbilisidə anadan olub. 1981-1990-cı illərdə Azərbaycan KP MK-nın katibi işləyib. Respublikanın baş naziri (1990-1992), BMT-də ilk daimi nümayəndəsi (1992-1993), xarici işlər naziri (1993-1998) olub. 2004-cü ildən yenidən diplomatik fəaliyyətdədir. Nəriman Nərimanov haqqında monoqrafiyanın, pyes və nəsr əsərlərinin müəllifidir.
   20 oktyabr 1960 - Aktyor Əzizağa Ağayar oğlu Əzizov Hacıqabul rayonunda anadan olub. Opera və Balet Teatrında işləyib. 1999-cu ildən Musiqili Komediya Teatrının aktyorudur.
   20 oktyabr 1981 - Mingəçevirdə Azərbaycan energetikasının flaqmanı sayılan “Azərbaycan» İES istifadəyə verilib. Stansiyanın inşası 1974-cü ildə başlamışdı. Qafqazda ən böyük istilik elektrik stansiyasıdır, Azərbaycanın enerji tələbatının təxminən yarısını (2400 Mvt) təmin edir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, 2004-cü ildən 20 oktyabr Azərbaycanda “Energetiklərin peşə bayramı günü” kimi qeyd olunur.
   
   21 oktyabr 1875 - Nasir, dramaturq, tərcüməçi Süleyman Rzaqulubəy oğlu Axundov (21.10.1875 - 29.3.1939) anadan olub.
   21 oktyabr 1932 - Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, inqilab ruhlu şair və ictimai xadim Xəlil Rza Ulutürk (1932-22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının aparıcı simalarından olub, 1990-cı ilin 20 yanvar qırğınından sonra SSRİ DTK tərəfindən həbs edilib, Moskvadakı Lefortovo həbsxanasında 9 ay həbsdə saxlanılıb. 1992-ci ildə Xəlil Rza Ulutürkə Azərbaycanın “Xalq şairi” fəxri adı verilib.
   21 oktyabr 1932 - Azərbaycan saz-söz sənətinin görkəmli nümayəndəsi Aşıq Kamandar (Əfəndiyev Kamandar Həmid oğlu, 1932-25.10.2000) Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olub.
   21 oktyabr 1935 - Ədəbiyyatşünas alim Fəridə Ağaəli qızı Vəlixanovanın doğum günüdür.
   
   Dünya
   
   20 oktyabr 1632 - İngilis memarı, riyaziyyatçı və astronom Kristofer Ren (Christopher Wren, 1632-1723) anadan olub.
   20 oktyabr 1824 - Rus yazıçısı və ədəbiyyatşünası Aleksandr Drujinin (1824-1864) anadan olub.
   20 oktyabr 1854 - Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud, 1854-1891) anadan olub.
   20 oktyabr 1905 - Amerikalı yazıçı, məşhur detektiv əsərlər müəllifi Frederik Danney (Frederick Dannay - Daniel Nathan, 1905-1982) anadan olub.
   20 oktyabr 1917 - Fransız kinorejissoru Jan-Pyer Melvilin (Qrumbax) - (Jean-Pierre Melville (Grumbach), 1917-1973) doğum günüdür.
   20 oktyabr 1919 - Məşhur başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.
   20 oktyabr 1925 - Məşhur amerikalı felyeton ustası Art Buhvald (Arthur "Art" Buchwald, 1925-2007) anadan olub.
   20 oktyabr 1931 - Rus rejissoru (“Şerlok Holms və doktor Vatsonun macəraları” telefilmi), ssenarist İqor Maslennikovun doğum günüdür.
   
   21 oktyabr 1772 - İngilis şairi və filosofu Semyuel Kolric (Samuel Taylor Coleridge, 1772-1834) anadan olub.
   21 oktyabr 1790 - Fransız romantik şairi Alfons de Lamartin (1790-1869) anadan olub.
   21 oktyabr 1833 - Dünya şöhrətli isveçli mühəndis, ixtiraçı, Nobel mükafatlarının təsisçisi Alfred Nobel (Alfred Bernhard Nobel, 1833-1896) Stokholmda anadan olub.
   21 oktyabr 1896 - Rus-sovet dramaturqu, kinossenarist Yevgeni Lvoviç Şvars (1896-1958) anadan olub.
   21 oktyabr 1899 - Rus-sovet kinorejissoru Qriqori Roşalın (1899-1983) doğum günüdür.
   21 oktyabr 1923 - Polyak kinorejissoru Valerian Borovçik (1923-2006) anadan olub.
   21 oktyabr 1928 - Rus-sovet aktyoru (“Uğur centlmenləri” filmində Vasili Ali-Babayeviç) Radner Zinyatoviç Muratov (1928-2004) anadan olub.
   21 oktyabr 1929 - Amerikalı fantast yazıçı Ursula Kreber Le Quin (Ursula Kroeber Le Guin) anadan olub.
   21 oktyabr 1945 - Məşhur rus kinorejissoru və aktyoru, “Oskar” mükafatı (1994, “Günəşdən yorulmuşlar”) laureatı Nikita Mixalkov anadan olub.
   
   Hazırladı: Vüqar Orxan