“Qacar xanədanının Almaniyada yaşayan yeganə şahzadəsi” kimi tanınan Mehparə Tağızadə kim olub?
   
   Ötən əsrin əvvəllərində Azərbaycanın da daxil olduğu Rusiya imperiyasının paytaxtı Sankt-Peterburqda çoxlu azərbaycanlı gənc təhsil alıb. Sonradan bir qismi təhsilini Avropada davam etdirib və orada qalaraq, müxtəlif sahələrdə çalışıblar. 
   
   Onların arasında azərbaycanlı xanımlar da olub. Belə ziyalı qadınlarımızdan biri də Mehparə Tağızadədir. O, maraqlı ömür yolu keçib, Almaniyada ilk xeyriyyəçi azərbaycanlı qadın kimi tanınıb. Mehparə Tağızadənin həyat və fəaliyyətini tədqiq edən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Ənvər Çingizoğlu araşdırmasının bəzi nəticələrini bizimlə bölüşdü:
   - Mehparə Tağızadə əslən Qarabağdan, Şuşadandır. Atası Heydərqulu Mirzə Qacar nəslindən olub. Sankt-Peterburqda hərbi təhsil alıb, sonra çar qvardiyasında qulluq edib. Heydərqulu Mirzənin beş övladı - Rəna, Rəhimə və Mehparə adlı qızları, Abbas Mirzə və Əhməd Mirzə adlı oğlanları olub. Mehparə xanım Heydərqulu Mirzənin üçüncü qızı olub, 1891-ci il fevralın 28-də Şuşa şəhərində doğulub. Amma uşaqlıq və gənclik illəri atasının işlədiyi Sankt-Peterburq şəhərində keçib, orada qızlar gimnaziyasını bitirib. Doğma ana dilindən əlavə rus, alman, fransız və fars dillərini mükəmməl bilib. Eyni zamanda musiqi təhsili alıb. Fortepianoda gözəl ifa etməyi bacarıb.
   - Onun sonrakı taleyi necə olub?
   - O, Sankt-Peterburqda yaşasa da, hər il yay fəslində Şuşaya, ata-baba yurduna gələrmiş. Onu burada tanınmış, zəngin iş adamlarından olan Məhəmməd Tağızadə görür və bəyənir, yaxınlarını elçiliyə göndərir. Mehparənin nənəsi Əzət xanım elçilərə belə deyir: “Bizim qızımız müasir dünyagörüşlü qızdır. O, müasir həyata alışıb. Məhəmməd Tağızadə onunla ailə qurmalı olsa, bu həyat tərzini davam etdirməlidir”. Məhəmməd Tağızadə onun qarşısına qoyulan şərtlərə əməl edəcəyinə söz verir. Beləliklə, onlar 1911-ci ildə nikah bağlayır və ailə qururlar. Sonra Tiflis şəhərinə köçürlər. O, Mehparənin adına Tiflisdə böyük bir malikanə və bağ evi alır. Mənbələrdə o da göstərilir ki, Məhəmməd Tağızadənin böyük ticarət şəbəkəsi olub. O, Qafqaz, İstanbul və London arasında qiymətli daş-qaş, xalça və parça ticarəti aparıb, özünün fabrikləri olub. Onlar bir müddət Tiflisdə yaşayırlar. Sonra işlə bağlı Bakıya köçürlər.
   1920-ci ildə Azərbaycanda sovet hökuməti qurulduqdan sonra onların vəziyyəti çətinləşir. Yeni hökumət bütün zəngin adamlar kimi, onların da var-dövlətini əllərindən alır. 1929-cu ildə onlar ailəliklə Almaniyaya köçürlər, Berlində yaşamağa başlayırlar.
   Mehparə xanım burada fəal ictimaiyyətçi kimi ad çıxarır, türk-azərbaycanlı diasporu arasında təşkilati iş aparır. 1931-ci ildə Berlin Türk Xanımlar Klubunu yaradır. Berlin Elm və Sənət Cəmiyyətinin, Şərq İslam Cəmiyyətinin, Şərq Asiya Cəmiyyətinin, Berlin İslam Cəmiyyətinin və Qırmızı Xaç Təşkilatının üzvü olur. Almaniyada fəal bir təşkilatçı və xeyriyyəçi kimi tanınır. Bu fəaliyyətinə görə Qırmızı Xaç Təşkilatının “Ləyaqət” ordeni ilə təltif olunur. O, tez bir zamanda tanınıb və rəsmi dairələrin diqqət mərkəzində olub.
   Alman, türk və iranlı zəngin iş adamları bu təşkilatçı xanımın xeyriyyəçilik fəaliyyətinə dəstək verirlər. O özü də müxtəlif ölkələrin səfirlikləri, xüsusilə Türkiyə səfirliyi ilə sıx əlaqələr qurur. II Dünya müharibəsi illərində və müharibədən sonra Türkiyə Cümhuriyyətinin bir sıra mədəniyyət tədbirləri Mehparə xanımın evində qeyd olunur. Həyat yoldaşı Məhəmməd Tağızadənin maddi yardımı ilə təşkil edilən bayram tədbirlərində Türkiyə səfiri Kəmaləddin Sami paşa, yüksək vəzifəli alman diplomatları və İran səfiri yaxından iştirak edirlər. İrandakı Pəhləvi xanədanının sonuncu baş naziri doktor Əmini Berlinə hər gəlişində ziyafətlərə Mehparə xanımı dəvət edir. Belə tədbirlərdə Mehparə xanımın dəyərli fikirlərinə, təklif və məsləhətlərinə böyük önəm verilib.
   O, Almaniyada ictimai xadim kimi geniş tanınıb. Hətta diplomatik bülletenlərdə onun adı “Qacar xanədanının Almaniyada yaşayan yeganə şahzadəsi” şəklində qeyd olunub. Bir xeyriyyəçi kimi çox fədakar və qayğıkeş olub. Ehtiyac ucundan ona edilən bütün müraciətlərə həssaslıqla, diqqətlə yanaşıb. Bayram şənliklərində təşkil etdiyi ziyafətlərə müxtəlif dinlərə mənsub adamları qonaq çağırıb. Eyni zamanda onların bayramlarında da yaxından iştirak edib.
   Mehparə xanım 98 il ömür yaşayıb. Murad, Maqsud və Mənsur adlı oğlanları olub. 1989-cu il tarixdə Berlində vəfat edib. Şəhərin ailə qəbiristanlığında dəfn olunub.
   
   Qələmə aldı:
   Savalan Fərəcov