Azərbaycan
   
   8 dekabr (köhnə təqvimlə 25 noyabr) 1901 - Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901- 6.1.1962) Həştərxanda doğulub. 1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq sənətə bağlayan Mərziyyə Davudova Azərbaycan teatrının inkişafında böyük xidmətlər göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.
   8 dekabr 1930 - Tanınmış bəstəkar, Xalq artisti, professor Tofiq Əhmədxan oğlu Bakıxanovun doğum günüdür.
   8 dekabr 1942 - Xalq artisti Elxan Ağahüseyn oğlu Ağahüseynov (1942 - 2.8.2009) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb. Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada maraqlı obrazlar yaradıb. «Ömrün səhifələri», «Dantenin yubileyi», «Qəm pəncərəsi» bədii filmlərinə çəkilib.
   8 dekabr 1957 - Bəstəkar Sərdar Fərəculla oğlu Fərəcov anadan olub. “Səhnədə məhəbbət" operettasının (libretto - Ə.Əmirli), simfonik süitaların, digər musiqi əsərlərinin (o cümlədən uşaqlar üçün) müəllifidir. Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktorudur.
   8 dekabr 1991 - Azərbaycan Silahlı Qüvvələrinin ilk Hərbi Andının qəbul edildiyi gündür. Hərbi Andın mətni 1991-ci il oktyabrın 9-da Ali Sovet tərəfindən təsdiqlənmişdi. 1991-ci il dekabrın 8-də könüllülərdən ibarət ilk hərbi hissə («Birinci tabor») Şəhidlər xiyabanında Hərbi Andı qəbul edərək Şuşanın və Goranboy rayonunun müdafiəsinə yollanıb.
   9 dekabr 1897 - Tanınmış alim, Azərbaycanın ilk epidemioloqu, tibb elmləri doktoru İsmayıl Axundov anadan olub. Almaniyada təhsil aldıqdan və bir müddət orada işlədikdən sonra 1929-cu ildə Azərbaycana qayıdıb və respublikada epidemiologiya elmi məktəbinin əsasını qoyub. 1930-1950-ci illərdə Azərbaycanda malyariyanın kökünün kəsilməsi onun adı ilə bağlıdır.
   9 dekabr 1927 - Məşhur rus-sovet şairi Vladimir Vladimiroviç Mayakovski Bakıya gəlib.
   9 dekabr 1963 - Aktyor, rejissor Lətif Bəşir oğlu Səfərov (1920 - 9.12.1963) faciəli şəkildə vəfat (intihar) edib. Lətif Səfərov Şuşada anadan olub. 1928-1931-ci illərdə “Sevil”, “Lətif” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının ilk rəhbəri olub.
   9 dekabr 1973 - Görkəmli aktyor Lütfəli Abdullayevin (22.3.1914 - 1973) xatirə günüdür. 1938-ci ildə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. Lütfəli Abdullayev həm də populyar kino aktyoru idi. Kinoda ilk işi 1945-ci ildə lentə alınan "Arşın mal alan" filmində Vəli rolu olub. "Əhməd haradadır?" (Zülümov), "Ulduz" (Məhəmməd), "Qəribə əhvalat" (Kefcilov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   
   9 dekabr 1991 - İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Seneqalın paytaxtı Dakarda keçirilən zirvə toplantısında Azərbaycan Respublikası təşkilata tamhüquqlu üzv qəbul edilib. Bu, müstəqil Azərbaycanın qəbul olunduğu ilk beynəlxalq təşkilat idi.   

   Dünya
   
   8 dekabr 1723 - Alman əsilli fransız yazıçısı, filosof Pol Anri Holbax (Paul-Henri Thiry - almanca Paul Heinrich Dietrich von Holbach, 1723 - 1789) anadan olub.
   8 dekabr 1844 - Fransız kinematoqrafı, ilk cizgi filminin müəllifi Emil Reno (Charles-Emile Reynaud, 1844 - 1918) anadan olub.
   8 dekabr 1865 - Görkəmli Finlandiya bəstəkarı Yan Sibelius (Johan Christian Julius Sibelius, 1865 - 20.9.1957) anadan olub.
   8 dekabr 1929 - Rus aktrisası, məşhur sovet cizgi filmlərinin personajlarını səsləndirən (“Düşərsən əlimə”, dovşan) Klara Rumyanova (1929 - 2004) anadan olub.
   8 dekabr 1934 - Məşhur rus aktrisası (“İşdə məhəbbət macərası” filmində Lyudmila Kaluqina), SSRİ-nin Xalq artisti Alisa Brunovna Freyndlix anadan olub.
   8 dekabr 1943 - Amerika şairi və musiqiçisi Ceyms Duqlas Morrison (Douglas Morrison, 1943 - 1971) anadan olub.
   8 dekabr 1966 - Tanınmış İrlandiya müğənnisi Şineyd O’Konnorun (Sinead Marie Bernadette O’Connor) doğum günüdür.
   8 dekabr 1980 - Dünya şöhrətli ingilis musiqiçisi, məşhur «The Beatles» qrupunun yaradıcılarından biri Con Lennon (John Winston Ono Lennon, 9.10.1940 - 1980) vəfat edib.
   8 dekabr 1991 - SSRİ-nin süqut etdiyi, Müstəqil Dövlətlər Birliyinin təsis edildiyi gündür. Həmin gün Brest (Belarus) yaxınlığındakı «Belovejskaya Puşşa» qoruğunda bir araya gələn Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç « Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında» bəyanat imzalayıblar. Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli ittifaq müqaviləsinə xitam verilib.
   
   9 dekabr 1048 - Böyük türk (özbək) astronomu, coğrafiyaşünas, ensiklopediyaçı alim Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd Xarəzmli (4.9.973 - 1048) vəfat edib.
   9 dekabr 1717 - Alman sənətşünası, antik incəsənət və arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman (Johann Joachim Winckelmann, 1717 - 1768) anadan olub.
   9 dekabr 1842 - Rus yazıçısı, tarixçi, filosof Pyotr Kropotkin (1842 - 1921) anadan olub.
   9 dekabr 1888 - Məşhur fransız estrada müğənnisi, aktyor Moris Şevalye (Maurice Auguste Chevalier; 1888 - 1972) anadan olub.
   9 dekabr 1891 - Belarus ədəbiyyatının banilərindən biri, şair Maksim Adamoviç Boqdanoviç (1891 - 1917) anadan olub.
   9 dekabr 1900 - Görkəmli tatar şairi, yazıçı Həsən Tufan (Hisbulla Gulzizin-Həzrətov, 1900 - 1981) anadan olub.
   9 dekabr 1969 - İslam Konfransı Təşkilatının yarandığı gündür. Hazırda 60-a yaxın dövləti birləşdirən təşkilat 1969-cu ildə Mərakeşin paytaxtı Rabatda müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında təsis edilib.