Azərbaycan
   
   10 dekabr 1918 - Məşhur opera müğənnisi (soprano), aktrisa, Xalq artisti Gülxar İbrahim qızı Həsənova (1918 - 2005) Şəmkir rayonunda anadan olub. 1940-80-ci illərdə Opera və Balet Teatrının solisti olub.
   10 dekabr 1924 - Xalq şairi, dramaturq, ictimai xadim Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri, 1924 - 15.1.2007) Bakının Xırdalan kəndində doğulub. Respublika Televiziya və Radio Verilişləri Komitəsinin sədri olub, uzun illər Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinə (1992-ci ildən "Azərbaycan Dünyası" Beynəlxalq Əlaqələr Mərkəzi) rəhbərlik edib. «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.
   11 dekabr 1918 - Xalq yazıçısı Bayram Salman oğlu Bayramov (1918 - 9.11.1994) Ağdamın Şivənd kəndində anadan olub. Böyük Vətən müharibəsində (1941-1945) iştirak edib. “Yarpaqlar”, “Onun gözləri”, “Arakəsmələr”, “Karvan yolu” və s. romanların, digər nəsr əsərlərinin müəllifidir. “Mən ki gözəl deyildim” (1968), “Firəngiz” (1975), “Onun bəlalı sevgisi” (1980) filmlərinin ssenarisini yazıb.
   
   12 dekabr 1893 - Görkəmli, aktyor, rejissor Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 - 16.11.1938) Şamaxıda anadan olub. Stalin repressiyalarının qurbanı olub, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.
   12 dekabr 1905 - İranda Məşrutə (Konstitusiya) inqilabı başlanıb. Rusiyadakı 1905-ci il inqilabının təsiri altında başlayan inqilab tədricən (1908-ci ildən) Cənubi Azərbaycanda milli hərəkata çevrilib. Səttərxanın başçılıq etdiyi inqilab 1911-ci ilin dekabrında Rusiyanın İran rejiminə köməyi ilə yatırılıb.
   12 dekabr 1945 - Məşrutə inqilabının ildönümündə Cənubi Azərbaycanda Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yeni inqilab qələbə çalıb. Pişəvərinin başçılığı altında Milli Hökumət qurulub. Hərəkata dəstək verən sovet qoşunları İranı tərk edəndən sonra şah rejimi Milli Hökumət üzərinə hücuma keçib və hərəkat 1946-cı ilin dekabrında süqut edib. Azərbaycan SSR-ə mühacirət edən Pişəvəri 1947-ci il iyununda müəmmalı avtomobil qəzasında həlak olub.
   12 dekabr 1968 - Xalq artisti, tanınmış teatr və kino aktyoru Mustafa Həşim oğlu Mərdanov (28.2.1894 - 1968) vəfat edib. 1894-cü ildə Cənubi Azərbaycanda, Mərənddə dünyaya göz açıb, sonra ailələri Tiflisə köçüb. Moskvada Dövlət Teatr Sənəti İnstitutunu bitirib, 1924-cü ildə Bakıya gəlib. “Qara daşlar” (Dəmirov), “O olmasın, bu olsun” (Həsən bəy), “Qanun naminə” (Murtuzov) filmlərində yaddaqalan obrazlar yaradıb.
   
   13 dekabr 1929 - Şərqşünas alim, tarix elmləri doktoru, professor Saleh Əliyev (1929-2006) anadan olub.
   13 dekabr 1991 - Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini tanıyıb. Bu, Azərbaycan Respublikasının müstəqilliyini tanıyan üçüncü (Türkiyə və Rumıniyadan sonra) dövlət idi.
   
   14 dekabr 1915 - Görkəmli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudov (1915- 9.6.1989) Tiflisdə anadan olub. "Arşın mal alan" (Əsgər), "Bəxtiyar" (Bəxtiyar) filmlərində baş rollara çəkilib. Operada (Balaş , "Sevil" - F.Əmirov) çıxış edib. Bakıda Mahnı Teatrını yaradıb, Azərbaycan musiqisinin dünyada təbliğinə misilsiz töhfələr verib.
   14 dekabr 1927 - Kristalloqrafiya sahəsində məşhur alim, ədəbiyyatşünas, Azərbaycan EA-nın müxbir üzvü Xudu Məmmədov (1927-15.10.1988) Ağdamın Mərzili kəndində anadan olub. Keçmiş SSRİ-də ilk dəfə "Kristalloqrafiya və kristallofizika" ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib, bu sahədə kəşfləri dünya elmi mərkəzlərində yüksək qiymət alıb. «Naxışların yaddaşı», «Qoşa qanad» kimi populyar kitabların müəllifidir.
   
   Dünya
   
   10 dekabr Dünya İnsan Haqları günüdür (Human Rights Day). Bu gün 1948-ci il dekabrın 10-da BMT Baş Assambleyasında “Dünya insan haqları Bəyannaməsi”nin qəbul olunması ilə bağlı təsis edilib. 1950-ci ildən beynəlxalq miqyasda qeyd edilir.
   
   10 dekabr 1745 - İngilis yazıçısı Tomas Holkroft (Thomas Holcroft, 1745 - 1809) anadan olub.
   10 dekabr 1821 - Görkəmli rus şairi, yazıçı və publisist Nikolay Alekseyeviç Nekrasovun (1821 - 8.1.1978) doğum günüdür.
   10 dekabr 1822 - Belçika əsilli Fransa bəstəkarı və orqanisti Sezar Frank (Cesar Franck - Cesar-Auguste-Jean-Guillaume-Hubert Franck, 1822 - 1890) anadan olub.
   10 dekabr 1830 - Məşhur Amerika şairi Emili Dikinson (Emily Elizabeth Dickinson, 1830 - 1886) anadan olub.
   10 dekabr 1890 - Görkəmli başqırd şərqşünas və türkoloqu, filosof, ictimai-siyasi xadim Əhməd Zəki Validi Toğan, 1890, Başqırdıstan - 28.7.1970, Türkiyə) anadan olub.
   10 dekabr 1901 - Məşhur sirk artisti, “Karandaş” ləqəbli kloun, SSRİ Xalq artisti Mixail Nikolayeviç Rumyansev (1901 - 31.3.1983) anadan olub.
   10 dekabr 1908 - Fransız bəstəkarı və pedaqoqu Olivye Messian (Olivier Eugene Charles Prosper Messiaen, 1908 - 1992) anadan olub.
   10 dekabr 1937 - Görkəmli rus filoloqu, antik ədəbiyyat üzrə mütəxəssis Sergey Averinsev (1937 - 21.2.2004) anadan olub.
   
   11 dekabr 1803 - Məşhur fransız bəstəkarı Hektor Berlioz (Louis-Hector Berlioz, 1803 - 8.3.11869) anadan olub.
   11 dekabr 1810 - Fransız şairi, nasir və dramaturq Alfred Musse (Alfred de Musset, 1810 - 1857) anadan olub.
   11 dekabr 1890 - Məşhur Argentina müğənnisi, aktyor, tanqo rəqqası Karlos Qardel (Carlos Gardel, 1890 - 24.6.1935) anadan olub. Onun şərəfinə 11 dekabr bir sıra ölkələrdə “Beynəlxalq tanqo günü” kimi qeyd olunur.
   11 dekabr 1913 - Görkəmli fransız aktyoru, rəssam, heykəltəraş Jan Mare (Jan Alfred Villen-Mare, 1913 - 8.11.1998) anadan olub.
   
   11 dekabr 1918 - Böyük rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr İsayeviç Soljenitsın (1918 - 3.8.2008) anadan olub. 1945-1953-cü illərdə həbsdə, sonra Sibirdə sürgündə olub. 1973-cü ildə SSRİ-dən deportasya olunur, ABŞ-da yaşayıb, 1994-də Rusiyaya qayıdıb. "Xərçəng gövdəsi", "Birinci dairədə", "QULAQ arxipelaqı", "Qırmızı təkər" və s. romanların müəllifidir.
   11 dekabr 1922 - Məşhur rus aktyoru, idman şərhçisi Nikolay Ozerovun (1922 - 1997) doğum günüdür.
   11 dekabr 1930 - Tanınmış fransız aktyoru, rejissor, ssenarist Jan-Lui Tretinian (Jean-Louis Trintignant) anadan olub. Baş rolu oynadığı «Kişi və qadın” flimi (1966) iki dəfə “Oskar” alıb.
   
   12 dekabr 1198 - Məşhur ərəb filosofu Əbu Valid Məhəmməd ibn Əhməd Rüşd (1126 - 1198) vəfat edib. İspaniyada (Kordova) yaşayıb, Avropada Averroes adı ilə tanınıb.
   12 dekabr 1766 - Böyük rus yazıçısı və tarixçisi Nikolay Mixayloviç Karamzin (1766 - 1826) anadan olub.
   12 dekabr 1799 - Rus rəssamı Karl Pavloviç Bryullov (1799 - 1852) anadan olub.
   
   12 dekabr 1821 - Məşhur fransız yazıçısı Qustav Flober (Gustave Flaubert, 1821 - 8.5.1880) anadan olub. “Madam Bovari”, “Salambo” romanlarının müəllifidir.
   12 dekabr 1860 - Polyak şairi, dramaturq, ədəbiyyatşünas Yan Kasproviç (Jan Kasprowicz, 1860 - 1926) anadan olub.
   12 dekabr 1863 - Norveç rəssamı Edvard Munkun (Edvard Munch, 1863 - 1944) doğum günüdür.
   12 dekabr 1905 - Rus yazıçısı Vasili Semyonoviç Qrossman (1905 - 1964) anadan olub. Stalin rejimini ifşa edən məşhur “Həyat və tale” romanının müəllifidir.
   12 dekabr 1915 - Dünya şöhrətli Amerika müğənnisi, aktyor Frenk Sinatra (Francis Albert Sinatra, 1915 - 14.5.1998) anadan olub.
   12 dekabr 1928 - Böyük qırğız yazıçısı Çingiz Aytmatovun (1928 - 10.6.2008) doğum günüdür. “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Gün var əsrə bərabər”, “Edam kötüyü”, “Dağlar düşəndə” və s. əsərlərin müəllifidir.
   12 dekabr 1941 - Məşhur rus aktyoru (“Şerlok Holms və doktor Vatson”da doktor Vatson) Vitali Mefodyeviç Solomin (1941 - 2002) anadan olub.
   
   13 dekabr 1720 - İtalyan dramaturqu, nağıl-pyeslərin müəllifi Karlo Qotsi (Carlo Gozzi, 1720 - 1806) anadan olub.
   13 dekabr 1797 - Yəhudi əsilli məşhur alman şairi, ədəbiyyatşünası Henrix Heyne (Christian Johann Heinrich Heine, 1797 - 17.2.1856) anadan olub.
   13 dekabr 1816 - Məşhur alman ixtiraçısı, mühəndis, “Siemens” firmasının qurucusu Verner fon Siemens (Werner von Siemens, 1816 - 1892) anadan olub.
   13 dekabr 1882 - Rus filosofu, şair, tarixçi Lev Karsavinin (1882 - 1952) doğum günüdür.
   13 dekabr 1908 - Polyak-yəhudi əsilli məşhur sovet aktyoru (“Baharın 17 anı” filmində pastor Şlaq), SSRİ Xalq artisti Rostislav Yanoviç Plyatt (1908 - 1989) anadan olub.
   13 dekabr 1927 - Rus aktyoru, SSRİ Xalq artisti Leonid Vasilyeviç Markovun doğum günüdür.
   13 dekabr 1969 - Ötən əsrin 90-cı illərində populyar olmuş qazax (uyqur) əsilli rus estrada müğənnisi Murat Nasırov (1969 - 19.1.2007) anadan olub.
   
   14 dekabr 1503 - Məşhur fransız astroloqu, həkim və əlkimyagər Nostradamus (Michel de Nostredame, 1503 - 1566) anadan olub.
   14 dekabr 1820 - Rus yazıçısı Yelizaveta Nikolayevna Axmatova (1820 -1904) anadan olub. “Leyla” təxəllüsü ilə romanlar yazıb.
   14 dekabr 1895 - Fransız şairi, poeziyada dadaizm və sürrealizmin banilərindən biri Pol Eluyar (Paul Eluard - Eugene Emile Paul Grindel, 1895 - 18.11.1952) anadan olub.
   14 dekabr 1898 - Rus-sovet kinorejissoru Yefim Lvoviç Dziqan (1898 - 31.12.1981) anadan olub. “Fətəli xan” (1947) Azərbaycan filminin rejissoru olub.
   14 dekabr 1924 - Dünya şöhrətli hind aktyoru (“Avara”, “Cənab 420”, “Abdulla” və s.), rejissor, ssenarist, prodüser Rac Kapur (Raj Kapoor, 1924 - 2.6.1988) anadan olub.