Azərbaycan
   
   24 dekabr 1939 - Şair, Əməkdar mədəniyyət işçisi Məmməd Aslan (Məmməd Muxtar oğlu Aslanov) Kəlbəcər rayonunun Laçın kəndində anadan olub.
   24 dekabr 1979 - Xalq artisti, aktrisa Sona Salman qızı Hacıyeva (25.6.1907, Şəki - 1979) vəfat edib. «Bəxtiyar» filmində Zəhra xala rolunda, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə epizodik rollarda çəkilib.
   
   25 dekabr 1910 - Tarixçi, professor Zülfəli İmaməli oğlu İbrahimov (1910 - 21.9.1972) anadan olub.
   25 dekabr 1911 - Tanınmış hərbi xadim, general-mayor Teymur Bünyadov (1911-1974) anadan olub.
   25 dekabr 1920 - İlk azərbaycanlı qadın gəmi kapitanı Şövkət Şahbaz qızı Səlimova (1920 - 1999) anadan olub.
   25 dekabr 1920 - Bakıda rus “Tənqid-Təbliğ teatrı” (“Satir-agit”) fəaliyyətə başlayıb. 1923-cü il oktyabrın 25-də Bakı İşçi Teatrı şəklində yenidən təşkil edilib. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır.
   25 dekabr 1930 - Tənqidçi, ədəbiyyatşünas, publisist Teymur Əkbər oğlu Əhmədov anadan olub.
   25 dekabr 1934 - Ədəbiyyatşünas alim, professor, şair-publisist Famil Mehdi (Famil Ağalar oğlu Mehdiyev, 1934 - 18.9.2003) Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.
   25 dekabr 1935 - Görkəmli yazıçı, ictimai xadim Yusif Səmədoğlu (Vəkilov) (25.12.1935 - 17.8.1998) anadan olub. “Qətl günü” romanının müəllifidir. Mllli Məclisin deputatı (1995-1998) olub.
   25 dekabr 1941 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941- 26.11.1995) Şəmkir rayonunun Morul kəndində doğulub. "Böyük dayaq" filmində (1962) yaratdığı Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb. "İtkin gəlin" teleserialında çəkilib.
   
   25 dekabr 1960 - Azərbaycanın Milli Qəhrəmanı Niyazi Şərəfxan oğlu Aslanov (1960 - 4.5.1992) anadan olub.
   25 dekabr 1965 - Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun (1965 - 1990) doğum günüdür.
   25 dekabr 1991 - «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» fərman verilib. Sənədə əsasən, yeni əlifbaya keçid bir neçə ilə başa çatmalı idi. Lakin bu proses gözlənildiyindən çox uzandı. 2001-ci il iyunun 18-də prezident Heydər Əliyev latın qrafikalı əlifbaya keçidin başa çatdırılması barədə fərman imzaladı və həmin il avqustun 1-dən proses tam həyata keçirildi.
   25 dekabr 1991 - 1992-1993-cü tədris ilindən başlayaraq Azərbaycanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi haqqında qərar qəbul olunub.
   25 dekabr 1991 - Ali Sovetin Milli Şurası 31 dekabrın “Dünya azərbaycanlılarının həmrəyliyi günü” elan olunması barədə qərar qəbul edib.
   26 dekabr 1919 - Milli xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Paşa qızı Dilbazi (1919 - 30.4.2010) anadan olub.
   26 dekabr 1965 - Azərbaycanın Milli Qəhrəmanı Eldar İsfəndiyar oğlu Həsənov (1965 - 12.5.1994) anadan olub.
   26 dekabr 1991 - Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlı ailələr qovulub. 1989-cu ildən şəhərdəki azərbaycanlı əhaliyə (5 min nəfər) qarşı aparılan etnik təmizləmə başa çatıb. 26 dekabr Xankəndinin ermənilər tərəfindən işğalı günüdür.
   
   27 dekabr 1925 - Şair, publisist Nəzir Laçın oğlu Əhmədov anadan olub.
   27 dekabr 1947 - Məşhur pianoçu, Azərbaycan və SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Fərhad Şəmsi oğlu Bədəlbəyli anadan olub. 1991-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasıın rektorudur.
   27 dekabr 1990 - Tanınmış müğənni, Xalq artisti Əbülfət Əliyev (30.12.1926, Şuşa - 1990) vəfat edib. Bir çox opera tamaşalarlnda əsas rolları (Məcnun ("Leyli və Məcnun"), Kərəm ("Əsli və Kərəm"), Qərib ("Aşıq Qərib"), Şah İsmayıl ("Şah İsmayıl") oynayıb).
   
   28 dekabr 1900 - Tanınmış hüquqşünas, professor Vahid Qəhrəmanov (1900-1978) anadan olub.
   28 dekabr 1918 - Bakıdakı ingilis hərbi qüvvələrinin komandanı general V.Tomson Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökuməti Azərbaycan ərazisində yeganə qanuni hakimiyyət kimi tanıdığını bəyan edib.
   28 dekabr 1920 - Əməkdar elm xadimi, professor Firudin Qasım oğlu Köçərli (1920 - 3.6.2005) anadan olub.
   28 dekabr 1936 - Görkəmli müğənni, Azərbaycan və SSRİ Xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Azərbaycan musiqisinin dünyada təbliği və tanınmasına böyük töhfələr verib.
   28 dekabr 1937 - Ədəbiyyatşünas alim, professor Əliyar Qurbanəli oğlu Səfərli Ordubad rayonunun Anabad kəndində anadan olub. 1994-1998-ci illərdə Azərbaycanın İran İslam Respublikasında səfiri işləyib.
   
   Dünya
   
   24 dekabr 1798 - Görkəmli polyak şairi, polyak xalqının milli-azadlıq hərəkatının rəhbərlərindən biri Adam Miskeviç (Adam Bernard Mickiewicz, 1798 - 26.11.1855) anadan olub.
   24 dekabr 1818 - İngilis şairi Eliza Kuk (Eliza Cook, 1818 - 1889) anadan olub.
   24 dekabr 1901 - Sovet-rus yazıçısı (“Gənc qvardiya” romanının müəllifi), ədəbiyyatşünas Aleksandr Fadeyev (əsl soyadı Bulıqa, 1901 - 13.5.1956) anadan olub. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək intihar edib.
   24 dekabr 1906 - Məşhur ingilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase - Rene Brabazon Raymond, 1906 - 1985) anadan olub. “Bütün dünya cibindədir” romanı əsasında “İlğım” adlı sovet (Riqafilm) filmi çəkilmişdi.
   24 dekabr 1908 - Rus aktrisası (“Qəribə təsadüf və ya həmişə təmizlikdə” filmində Jenya Lukaşinin anası), SSRİ Xalq artisti Lyubov Dobrjanskaya (1908 -1980) anadan olub.
   24 dekabr 1910 - Amerika fantast-yazıçısı Fris Leyber (Fritz Reuter Leiber, 1910 - 1992) anadan olub.
   24 dekabr 1946 - Tanınmış rus aktyoru (“Fleyta üçün unudulmuş melodiya” filmində baş rol), rejissor, şair Leonid Filatovun (1946 - 2003) doğum günüdür.
   24 dekabr 1971 - Məşhur Puerto-Riko müğənnisi, dəfələrlə “Qremmi” mükafatı laureatı Riki Martin (Ricky Martin) anadan olub.
   24 dekabr 1981 - Rusiya estrada müğənnisi, “Eurovision-2008”in qalibi Dima Bilanın doğum günüdür.
   
   25 dekabr Qriqorian təqvimindən istifadə edən bütün xristian ölkələrində (pravoslavlardan savayı) Milad bayramı - İsa peyğəmbərin Fələstindəki Vifleyem şəhərində doğulduğu gün qeyd olunur.
   
   25 dekabr 1813 - Alman şairi Fridrix Vilhelm Veber (Friedrich Wilhelm Weber, 1813 - 1894) anadan olub.
   25 dekabr 1883 - Fransız rəssamı Moris Utrillo (Maurice Utrillo, 1883 - 1955) anadan olub.
   25 dekabr 1927 - Dünya şöhrətli hind musiqiçisi (“saranqa” simli musiqi aləti) Ram Narayan anadan olub.
   25 dekabr 1954 - Şotlandiyalı rok müğənnisi, “Oskar” və “Qremmi” laureatı Enni Lennoks (Annie Lennox) anadan olub.
   25 dekabr 1977 - Dünya şöhrətli ingilis aktyoru, rejissor, ssenarist Çarli Çaplin (Charles Spencer Chaplin, 16.4.1889 - 1977) vəfat edib.
   
   26 dekabr 1862 - Rus yazıçı-dramaturqu, teatrşünas Aleksandr Amfiteatrov (1862 - 1938) anadan olub.
   26 dekabr 1891 - Amerika yazıçısı və rəssamı Henri Miller (Henry Valentine Miller, 1891 - 1980) anadan olub.
   26 dekabr 1943 - Rus-sovet aktyoru və rejissoru, ssenarist, yazıçı Valeri Priyomıxov (1943 - 2000) anadan olub.
   26 dekabr 1949 - Məşhur Rusiya aktyoru və müğənnisi, RF Xalq artisti Mixail Sergeyeviç Boyarskinin doğum günüdür.
   26 dekabr 1991 - Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) rəsmən süqut edib. Dekabrın 26-na geçən gecə SSRİ prezidenti M.Qorbaçov istefa vermiş, SSRİ-nin bayrağı Kreml üzərindən endirilmişdi.
   
   27 dekabr 1571 - Məşhur alman astronomu və riyaziyyatçısı Yohann Kepler (Johannes Kepler, 1571 - 1630) anadan olub. Planetlərin hərəkəti qanununu kəşf edib.
   27 dekabr 1832 - Rus mesenatı, Moskvadakı məşhur Tretyakov qalereyasının banisi Pavel Mixayloviç Tretyakov (1832 - 1898) anadan olub.
   27 dekabr 1901 - Dünya şöhrətli alman aktrisası, müğənni Marlen Ditrix (Marlene Dietrich - Marie Magdalene Dietrich), 1901 - 6.5.1992) anadan olub.
   27 dekabr 1925 - Fransız aktyoru, ssenarist və kinorejissor Mişel Pikkoli (Michel Piccoli) anadan olub.
   27 dekabr 1939 - Yəhudi əsilli məşhur Rusiya aktyoru Emmanuil Vitorqan Bakıda anadan olub.
   27 dekabr 1948 - Dünya şöhrətli fransız aktyoru Jerar Depardye (Gerard Xavier Marcel Depardieu) anadan olub.
   27 dekabr 1971 - Rus aktyoru və rejissoru (“Qardaş”, “Stinger” və s. filmlər) Sergey Sergeyeviç Bodrov (1971 - 20.9.2002) anadan olub. Növbəti filmin çəkilişi zamanı Şimali Osetiyadakı Karmadon dərəsində buz uçqunu zamanı həlak olub.
   
   28 dekabr Beynəlxalq kino günüdür. 1895-ci ilin bu günü Parisdəki “Qran-kafe”də Lui və Ogüst Lümyer qardaşları özlərinin icad etdikləri “Sinematoqraf” aparatı ilə ilk kinofilmi (“Fəhlələrin fabrikdən çıxması”) nümayiş etdiriblər.
   
   28 dekabr 1873 - Böyük türk şairi və mütəfəkkiri, ictimai xadim Mehmet Akif Ersoy (1873 - 27.12.1936) anadan olub.
   28 dekabr 1888 - Alman kinorejissoru, səssiz kinonun görkəmli nümayəndəsi Fridrix Vilhelm Murnau (Friedrich Wilhelm Murnau, 1888 - 1931) anadan olub.
   28 dekabr 1903 - Rus-sovet kinorejissoru Mixail Konstantinoviç Kalatozov (1903 - 1973) anadan olub. “Durnalar uçur” filmi Kann kinofestivalının qalibi (1957) olub.
   28 dekabr 1908 - Məşhur monumentalist heykəltəraş, SSRİ Xalq rəssamı Yevgeni Viktoroviç Vuçetiç (1908 - 1974) anadan olub.
   28 dekabr 1925 - Görkəmli rus şairi Sergey Yesenin (3.10.1895 - 1925) vəfat (intihar) edib.
   28 dekabr 1945 - Məşhur Amerika yazıçısı Teodor Drayzer (Theodore Herman Albert Dreiser. 27.8.1871 - 1945) vəfat edib.
   28 dekabr 1981 - Amerika aktrisası və fotomodeli Sienna Miller (Sienna Rose Miller) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan