O, sənətə olan tükənməz sevgisi ilə Mingəçevir Dövlət Dram Teatrının tarixini yazanlardan biri oldu: həm rejissor, həm aktyor kimi...
   
   O, həyatda yalnız özünə bənzəyir. Ürəyigenişliyi, həssaslığı, səliqə-sahmanı, dəqiqliyi, sənətə olan sonsuz sevgisi ilə... Rejissor kimi tamaşaya qoyduğu əsərlərin, aktyor kimi yaratdığı obrazların da bənzəri yoxdur. Ömrünün kövrək, müdriklik çağında belə, o yenə də sənətdə, səhnədədir. 
      
   İstedadlı rejissor və sevilən aktyor İldırım Cabbarın bu yaxınlarda 75 yaşı tamam olub. Ömrünün yarım əsrdən çoxunu səhnəyə, sənətə həsr edən, bu gün də doğma teatrda yaddaqalan obrazlar yaradan İldırım Cabbarın keçdiyi sənət yoluna elə bu məqamda birlikdə nəzər salaq.
   
   Həyat yoldur, bu yolun hara gedəcəyini və qarşına nələrin çıxacağını heç vaxt bilmirsən. Sənət yolu da eynən həyat yolu kimidir...
   
   Həyatdan sənətə: İldırım Cabbar 1935-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində anadan olub. 1955-ci ildə orta məktəbi bitirəndən sonra rayon mədəniyyət şöbəsində işləməyə başlayıb, eyni zamanda dram dərnəyində fəal iştirak edib. 1956-cı ildə İncəsənət İnstitutuna daxil olub. Təhsillə bərabər, böyük səhnədə ilk addımlarını atıb, Musiqili Komediya Teatrının xorunda fəaliyyət göstərib. Bu sənət məbədində Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Münəvvər Kələntərli kimi böyük sənətkarlarla ilk dəfə səhnəyə çıxıb, epizodik rollar oynayıb.
   1960-cı ildə institutu bitirir, rejissor kimi Füzuli şəhərindəki dram dərnəyinin nəzdində Xalq teatrı təşkil edir. Teatrda “İki ağanın bir nökəri”, “Ürəkçalanlar”, “Cəzasız cinayətkar” tamaşalarını hazırlamaqla yanaşı baş rolları da özü ifa edir.
   1961-ci ildə Naxçıvan Dövlət Teatrında quruluşçu rejissor vəzifəsinə təyin olunur. 1966-cı ilədək burada “Toy kimindir?”(Məhərrəm Əlizadə), “Komsomol poeması”(Səməd Vurğun), “Olmadı elə, oldu belə”(Şıxəli Qurbanov), “Ezop”(Q.Fiqeyredo), “O olmasın, bu olsun” (Üzeyir Hacıbəyli) əsərlərinə quruluş verməklə yanaşı, həm də əsas rolları oynayır.
   Naxçıvan teatrında tamaşalar hazırlamaqla yanaşı, yerli televiziyanın ilk rejissoru və muxtar respublikanın Xalq yaradıcılığı evinin direktoru vəzifəsində çalışır.
   1966-cı ildə Moskvada ikiillik təkmilləşdirmə məktəbinə daxil olur, 1968-ci ildə bu məktəbi bitirib, Mingəçevir Xalq teatrının bazasında dövlət teatrı təşkil etmək üçün bu şəhərə göndərilir, yeni teatrın baş rejissoru təyin olunur.   

   Səhnə
   

   1969-cu ilin martında Mingəçevir Dövlət Dram Teatrı üç tamaşa ilə fəaliyyətə başlayır. İlk gündən baş rejissor İldırım Cabbarlının dəst-xətti tamaşaçıların diqqətini cəlb edir. Gənc rejissorun maraqlı repertuar seçimi, özünəməxsus üslubu, həyatın bir parçasını səhnədə canlandırmaq məharəti tamaşaçılar tərəfindən maraqla qarşılanır.
   İllər keçəcəkdi, bu səhnədə İldırım Cabbarın quruluşunda C.Cabbarlının “Almas”, “Aydın”, “Solğun çiçəklər”, N.B.Vəzirovun “Bəxtsiz cavan”, H.Cavidin “Afət”, A.Şirvanzadənin “Şərəf naminə”, Mar Baycıyevin “Duel”, “Gözlənilməz hadisə”, Ş.Qurbanovun “Olmadı elə, oldu belə”, Ə.Səmədlinin “Ölüm hökmü”, ”Sarıtel xanım” və onlarla klassik və müasir pyeslər səhnə həyatı qazanacaqdı. Onun rejissor yozumu, düzgün aktyor seçimi və ən əsası, sənətinə olan sonsuz həvəsi, sevgisi tamaşalarında və rollarında qabarıq şəkildə hiss olunacaqdır. Bu tamaşalar təkcə Mingəçevirdə deyil, Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və başqa rayonların səhnəsində dəfələrlə nümayiş olunacaq, İldırım Cabbarın rəhbərliyi ilə teatrın yaradıcı kollektivi Bakıda, Naxçıvanda, qonşu Gürcüstan respublikasında dəfələrlə qastrol səfərlərində olub repertuarındakı ən yaxşı tamaşalarla sənətsevərlər tərəfindən yüksək qarşılanacaqdı.
   İldırım Cabbarın Mingəçevir Dövlət Dram Teatrında aktyor heyətinin püxtələşib professional səviyyəyə çatmasında da zəhməti əvəzsizdir. İlk dəfə bu teatrda fəaliyyətə başlayan Mirbaba Xəlilov, Arif Quliyev və neçə-neçə sənətkarlar İldırım Cabbarın yetirmələri sayılır.
   O, müxtəlif vaxtlarda Gəncə, Ağdam, Sumqayıt dövlət teatrlarında da maraqlı tamaşalar hazırlayıb.
   1980-ci ildə Ağdam Dövlət Dram Teatrına quruluşçu rejissor göndərilən İldırım Cabbar bu teatrın səhnəsində “Unuda bilmirəm”, “Günahsız müqəssir” “Şirinbala bal yığır” və başqa tamaşaları hazırlayıb.
   
   İstedad, zəhmət, bilik, məsuliyyət
   
   1990-cı ildə yenidən doğma teatrına qayıdan İldırım Cabbar H.Cavidin “Afət”, R.N.Güntəkinin Hülləci (“Bir gecəlik kəbin”), Ə.Əimzadənin “Nəsrəddin”, M.Baycıyevin ”Gözlənilməz hadisə”, S.Rüstəmin “Durna”, Ə.Əmirlinin “Məhbusələr”əsərlərinə səhnə həyatı verib.
   Doğma teatrın səhnəsində oynadığı rollar - İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsərində Afşar Hüseyn, “Tənha iydə ağacı”nda Kərim bəy, Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”ndə Naçalnik obrazları bənzərsizliyi və həyatiliyi ilə yadda qalıb.
   Ömrünün müdrik çağında sənətə sevgisi, sənət axtarışları yenə bitib tükənməzdir. “Yaxşı sənətkar olmaq üçün insana birinci növbədə istedad, sonra zəhmət, bilik, məsuliyyət lazımdır. Aktyor gərək dərk etsin ki, onun uğurları sənət axtarışlarından keçir. Aktyor ancaq yaşatdığı obrazlarla yaddaşlarda qala bilir” deyir.
   75 yaşın tamamında İldırım Cabbarın bir sənətkar kimi keçib gəldiyi yollara nəzər salıb əminliklə “mən də sənətdə öz sözümü demişəm” - söyləməyə haqqı var. Çünki o, ömrünün ən yaxşı illərini sənətə, səhnəyə həsr edib. Kim bilir, böyük səhnələrdə olsaydı daha hansı uğurlara imza atacaqdı, ancaq insanları aydınlığa, işığa çıxarmaq üçün bəzən böyük sənətkarlar çox da böyük olmayan səhnələrdə daha böyük missiyalar daşıyırlar. Əminəm ki, belə insanlardan biri də, rejissor və aktyor İldırım Cabbardır. Yubilyara cansağlığı və doğma teatrının səhnəsində neçə-neçə rollar arzulayırıq.
   Dünya əslində böyük bir teatr səhnəsidir. Bu səhnənin içindəki balaca səhnələrə teatr deyirik. Bu balaca səhnədə həyatın bir parçasını görürük, düşünürük, ağlayırıq, gülürük, heyrətlənirik. Tamaşa bitəndə bu dünyadan ayrılıb gəldiyimiz qapıdan gerçək dünyaya dönürük. Bizi teatra bağlayan isə gözlənilməz hadisələri və sonluğu olan əsərlər, roldan-rola girən aktyorlar və bir də əsərə quruluş verən rejissorun fərqli baxışı, fərqli yozumudur. Nə yaxşı ki, teatr, səhnə və bu sirli dünyanın sənətkarları var. Nə yaxşı ki...
   
   Təranə Vahid